"Nöqsanları aradan qaldırmayan abonentlərə qazın verilişi dayandırılacaq"
"Nöqsanları aradan qaldırmayan abonentlərə qazın verilişi dayandırılacaq"
09.12.2022 Azəriqaz Tərəfindən

“Qaz təchizatı haqqında” qanununa edilən dəyişikliklərə əsasən, evlərdə texniki yoxlama və müayinə nəticəsində nöqsanlar aşkar edildiyi halda, SOCAR “Azəriqaz” İstehsalat Birliyi tərəfindən akt tərtib ediləcək və abonentə təqdim olunacaq.

Visiontv.az xəbər verir ki, bunu İB-nin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev “Açıq qapı” aksiyasında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, akt təqdim olunandan sonra abonentə texniki müayinədən irəli gələn nöqsanların aradan qaldırılması üçün bir ay vaxt veriləcək. Bu müddət keçdikdən sonra, həmin ünvana yenidən baxış keçiriləcək və abonent texniki nöqsanları aradan qaldırmadığı halda həmin abonentə qazın verilişi dayandırılacaq.

Eldəniz Vəliyev əlavə edib ki, müayinələrin həyata keçirilməsi və nöqsanların aradan qaldırılması yanvarın 1-dən noyabrın 1-dək olan dövrü əhatə etməlidir.

Qeyd edək ki, 25 fevral 2022-ci il tarixində Prezident İlham Əliyev “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanununu imzalayıb. Qanun 1 may 2022-ci il tarixindən qüvvəyə minib. Dəyişiklərə əsasən, evlərdə texniki müayinələrin keçirilməsi “Azəriqaz" İstehsalat Birliyinə həvalə olunub.

“Hazırda Nazirlər Kabineti həmin fərmandan irəli gələn qaydaların müzakirəsi ilə məşğuldur, həmin o qaydalar “Azəriqaz”a təqdim olunandan sonra onların əsasında İstehsalat Birliyi olaraq biz fəaliyyətə başlayacağıq”, - Eldəniz Vəliyev vurğulayıb.

APA