Nizami ilində Dədə Ələsgərin yubileyinin keçirilməsində mən bir rəmzilik görürəm - deputat Sahib Alıyev
Nizami ilində Dədə Ələsgərin yubileyinin keçirilməsində mən bir rəmzilik görürəm - deputat Sahib Alıyev
19.02.2021 Sahib Alıyev Tərəfindən

Azərbaycan Prezidenti cənab İlham Əliyev dünən Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncam imzaladı. Nizami ilində Dədə Ələsgərin yubileyinin keçirilməsində mən bir rəmzilik görürəm.

Bilirsiniz ki, Nizami şeyx idi, dinin bütün incəliklərindən xəbərdar adamlara belə ad verilirdi o zaman. Bizdə şeyxə şıx deyirdilər və ona tək ruhani kimi yox, həm də ruh adamı kimi yanaşır,müqəddəsləşdirirdilər.

Əsl aşıq da həmişə şıx gözündə görülüb. Fikrimcə, aşıq- elə “a şıx” deməkdir. Aşığın şeyxdən fərqi  sadəcə ondadır ki, o, ozan törəməsi olduğundan islamla yanaşı tanrıçılığın da daşıyıcısıdr. Ozan isə “oz” sözündən yaranıb öndə gedən, öngörən deməkdir. Dədəmiz Qorqud kimi əsl ozan, həmişə öngörən olub. Ona görə də oğuz igidləri ondan xeyir-dua almamış qılınc qurşamazdılar. Səlcuq yürüşlərindən də bəllidir ki, ruh yüksəkliyi, qələbə əzmi aşılamaq üçün ozanlar savaşa ordunun önündə gedərdilər.

Mənə elə gəlir ki, Koroğlunun yenilməzliyinin kökündə duran hikmət də elə ozanlıqla döyüşçülüyü özündə birləşdirməsiydi. Onun qələbələrində sazın payı Qıratınkından qat-qat çox idi. Koroğlu meydana bir əlində saz, birində qılınc girməklə rəqibə ilk növbədə ozanlığını göstərirdi ki, bununla da döyüşdə psixoloji üstünlüyü tam ələ alırdı. Yəqin qarşısındakılar belə düşünürdülər ki, ozan-öngörən biri uduzacağını bilə-bilə meydana atılmaz.

Göyçədə danışardılar ki, Dədə Ələsgərdə də əslində Koroğlu qüvvəsi olub, 85 yaşında 5-6 gənc adamın gücü çatmadığı qaya parçasını təkbaşına yerindən tərpədərmiş. Amma onun kiməsə qarşı fiziki güc tətbiq etdiyini nə görən var, nə danışan. Səbəb də budur ki, qarşısındakını sazıyla təslim edirdi. Buna təslim də demək olmazdı, o özünün  istedadı və energetikasıyla hər kəsi tilisimliyirdi. Çünki öləcəyi günü belə öncədən deyən ozan idi, şıx idi.
Ümid edirəm ki, uyğun qurumlar şıx Ələsgərin yubiley tədbirlərindən birini də hər qarışında onun ayaqlarının izi olduğu Kəlbəcər-Göyçə sərhəddində hərbiçilərimizlə birgə keçirəcək. Buna həm onun ruhu, həm də Göyçədəki, Göyçəyə bağlı ruhlar şad olardı.

Və mən ruha inanıram. Bəhmən Vətənoğlu demişkən: “Bir də gördün ki, diridir, Göyçə!”.

Visiontv.az