Niderlandda Laçına həsr edilmiş videokonfrans keçiriblər
18.05.2020

Niderland Krallığında fəaliyyət göstərən diaspor təşkilatları - Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurası, Benilüks Azərbaycanlıları Konqresi (BAK) və Niderland Azərbaycan-Türk Mədəniyyət Dərnəyi “Laçının işğalı: Böyük itkinin qiyməti və Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında diaspor fəaliyyətinin rolu” mövzusunda videokonfrans keçiriblər. Videokonfrans Laçının Ermənistan silahlı qüvvələri tərəfindən işğalına həsr edilib.

Visiontv.az AZƏRTAC-a istinadən xəbər verir ki, videokonfrans torpaqlarımızın azadlığı və bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurasının əlaqələndiricisi Mayisə Ağamirzəyeva konfrans iştirakçılarına Laçının işğalından, eləcə də Qarabağ müharibəsinin vurduğu maddi-mənəvi zərbələrdən, xalqımızın ötən bu illər ərzində məruz qaldığı amansız erməni vəhşiliyindən və erməni faşizmi ilə aparılan mübarizədən, bu mübarizədə xaricdə yaşayan soydaşlarımızın rolundan söz açıb.

Digər çıxış edənlər Laçının işğalının tariximizin dəhşətli və qanlı bir səhifəsi olmasından, xaricdə yaşayan soydaşlarımızın tariximizin belə acı günlərini yad etməsindən, torpaqlarımızın işğalı ilə əlaqədar ən düzgün informasiyaların dünya aidiyyəti təşkilatlarının diqqətinə çatdırılmasında diasporun vacib rolundan, Diasporla İş üzrə Dövlət Komitəsinin bu istiqamətdə hər zaman onların arxasında olmasından danışıblar.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupu rəhbərinin müavini Eldar Səmədov çıxışında Laçının əslində Dağlıq Qarabağ vilayətinin tərkib hissəsi olmadığını, Şuşanın işğalından sonra Ermənistan hərbi qüvvələri tərəfindən “de-fakto” olaraq Ermənistana birləşdirildiyini, Laçın dəhlizinin düşmən üçün böyük strateji əhəmiyyətə malik olduğunu qeyd edib. “Təəssüf ki, Laçının işğalı bizim üçün 1 şəhər və qəsəbə, 120 kənd, 264 şəhid, 64 girov, 103 əlil, 64 min əhalinin məcburi olaraq köçkün vəziyyətinə düşməsi kimi ağır itkilərlə nəticələndi. O zamankı hakimiyyətin səriştəsizliyi və digər amillər bizi məğlub vəziyyətinə saldı və xalqımız artıq 28 ildir ki, bu ağrı-acı ilə yaşayır. Ancaq doğma torpaqlarımızın azad edilməsi üçün dövlətimizin apardığı siyasəti dəstəkləyirik və buna görə hər cür mübarizəyə hazırıq”, - deyə E. Səmədov vurğulayıb.
Mövzu ilə bağlı geniş çıxış edən “Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix Və Mədəniyyət Abidələrinin Müdafiə Təşkilatı” İctimai Birliyinin sədri Faiq İsmayılov Laçında erməni silahlı qüvvələri tərəfindən dağıdılmış tarixi və mədəni abidələrdən, milli irsimizin ermənilər tərəfindən məhv edilməsindən danışıb. Bildirib ki, Laçında dünya əhəmiyyətli 54, yerli əhəmiyyətli 200-dən çox tarixi abidə erməni silahlıları tərəfindən vandalizmə uğrayıb. Qeyd olunub ki, məhv edilmiş tarixi abidələrimizi tanıdan videoçarxlar, slaydlar hazırlanır, bu abidələrimizə vurulan zərərlərin hesablanması kimi fəaliyyətlərin beynəlxalq ictimaiyyətə çatdırılması üçün “Monument.az” saytı yaradılmaqdadır.

Videokonfransda Taxtakörpü ərazisində məskunlaşmış laçınlı Orxan Cəbrayılov Laçının işğalı dövrünün canlı şahidi kimi bu savaşın həqiqətlərinin, rayonun tarixinin, mübarizə yolunun gələcək nəsillərə düzgün çatdırılması üçün apardığı araşdırmalardan, laçınlıları bir araya toplamaq üçün yaratdığı sosial media qrupundan söz açıb.

Niderland Azərbaycan-Türk Mədəniyyət Dərnəyinin rəhbəri İlhan Aşkın erməni silahlı qüvvələrinin bu zülmünə son qoyulmasının vaxtının çoxdan çatdığını bildirərək, bu müharibədə qələbə qazanmaq, torpaqlarımızı mənfur erməni tapdağından qurtarmaq üçün hər vasitəyə əl atmağın, lazım gələrsə, bu işi hərbi yolla başa çatdırmağın vacibliyini vurğulayıb.

“Beynəlxalq Dialoq və İnkişaf Alyansı”nın sədri, tarix üzrə fəlsəfə doktoru Nüşabə Məmmədova da Laçının işğalı ilə bağlı tarixi faktları açıqlayıb və rəhbərlik etdiyi qurumun Avropanın böyük şəhərlərində keçirilən və azərbaycanlı girovların və əsirlərin taleyinə həsr olunmuş çoxsaylı tədbirlərdən danışıb.

Sonra çıxış edən BAK-ın vitse-prezidenti Sima Cəfərova natiqlərin fikirləri ilə həmrəyliyini bildirib, Azərbaycanın dilbər guşəsi olan Qarabağın azad edilməsi üçün uşaqlı-böyüklü hamının səfərbər olmağa hazır olduğunu vurğulayıb.

Qarabağ müharibəsinin iştirakçısı, “Müharibə Veteranı Qadınlarına Sosial Yardım” İctimai Birliyinin sədri Radə Abbas videokonfransın təşkilatçılarına təşəkkür edib, Azərbaycanın hüdudlarından kənarda yaşamalarına baxmayaraq, soydaşlarımızın Vətənin belə ağrılı günlərini unutmadıqlarını və birlikdə yad etdiklərini alqışlayıb.

Konfransda çıxış edən tələbə-gənclər də üzərilərinə düşən məsuliyyəti dərk etdiklərini, Qarabağ həqiqətlərini olduğu kimi xaricilərə çatdırılması üçün əllərindən gələni əsirgəməyəcəklərini bildiriblər. Ermənilərə tutarlı cavab vermək üçün informasiya müharibəsinin gücləndirilməsinin və bu işdə gənclərin rolunun əhəmiyyətinə toxunublar.