Nə üçün İraq? Nə üçün müdafiə naziri? Və nə üçün Ermənistan? - Elçin Mirzəbəyli
Nə üçün İraq? Nə üçün müdafiə naziri? Və nə üçün Ermənistan? - Elçin Mirzəbəyli
29.03.2021 Elçin Mirzəbəyli Tərəfindən

Yəqin ki, İraqın müdafiə nazirinin ilin-günün bu vaxtında Ermənistana səfəri mənim kimi çoxlarını düşündürür. Nə üçün İraq? Nə üçün müdafiə naziri? Və nə üçün Ermənistan?

...Qeyd edim ki, Ermənistanın sabiq prezidenti, daha dəqiq desək, hərbi-cinayətkar xuntanın rəhbəri Serj Sarkisyan hələ 2017-ci ildə, məlum səbəblərdən İraqın kürd muxtariyyətinin inzibati ərazisinə daxil edilən tarixi Azərbaycan-türk şəhəri Ərbildə konsulluq açmaq barədə qərar qəbul etmişdi, amma Türkiyənin reaksiyasının kəskin olacağından və adekvat tədbirlərlə qarşılaşacağından çəkindiyi üçün qərarın icrasını dayandırmışdı...

Amma İraqın kürd muxtariyyəti ilə Ermənistan arasındakı əlaqələr 2009-cu ildən başlayaraq inkişaf edirdi ki, bu prosesdə də İraq türkmənlərinin tarixi vətənlərində ölkənin müxtəlif ərazilərindən köçürülərək məskunlaşdırılan ermənilərin rolunun kifayət qədər yüksək olduğunu demək mümkündür.

Hazırda “İraq Kürdüstanı”nın rəhbərliyinin, o cümlədən Məsud Bərzaninin yaxın ətrafında iki erməni əsilli İraq vətəndaşı var. Onlardan biri yerli parlamentin hakim partiyadan üzvü Aram Bakoyan, digəri isə iş adamı Eduard Erbiidir. İkincinin İraqın mərkəzi hakimiyyəti ilə, xüsusilə də İranpərəstlərlə münasibətləri yüksək səviyyədədir.

Qeyd edim ki, bu ilin fevralında Ərbildə Ermənistan baş konsulluğu açılması da Bərzaninin xeyir-duası, Eduard Erbiinin maddi dəstəyi ilə baş tutub. İraq kürd muxtariyyətinin rəhbərliyinin Ərbil, Mosul və Süleymaniyyədə ermənilərin mövqelərinin möhkəmləndirilməsində öz maraqları var. Belə ki, “peşmərgə” İraq türkmənlərinin sıxışdırılması prosesində ermənilərin ənənəvi xidmətlərindən yararlanmaq, onların timsalında bölgədəki xristian faktorunu qabartmaqla qərbin dəstəyini almaq niyyətindədir. Əks təqdirdə, hazırda İraq ərazisində yaşayan 4 min erməninin müxtəlif cazibədar şərtlər altında tarixi türkmən şəhərlərinə köçürülməsi və onların sayının vaxtilə İraqdan köçən ermənilərin geriyə qaytarılması hesabına 14-15 minə çatdırılması muxtariyyət rəhbərləri üçün prioritet məsələyə çevrilməzdi...

Ermənilərin və kürd muxtariyyəti rəhbərlərinin qənaətinə görə, Ərbildə Ermənistanın baş konsulluğununun açılması, artıq Ankara tərəfindən bölgədə destabillik yaradacaq faktor kimi qəbul edilməyəcək. Çünki 44 günlük müharibədən sonra Türkiyə ilə Ermənistan arasında diplomatik münasibətlərin qurulması üçün zəmin yaranıb.

Əcaba, İraqın müdafiə nazirinin Ermənsitana səfərinin elçiliyini kürd muxtariyyətimi edib? Bununla bağlı ilkin razılaşmanın bu ilin fevralında, Ermənistan xarici işlər nazirinin İraqa, Ərbilə səfəri zamanı əldə edildiyi şübhə doğurmasa da, bu qədər həssas bir məsələ ilə bağlı qərarın Bərzani və hətta İraq rəhbərliyi səviyyəsində verilə bilməyəcəyi də reallıqdır.

Bununla yanaşı, Türkiyənin milli müdafiə naziri Hulusi Akar və Baş Qərargah rəisi, ordu generalı Yaşar Gülərin bu il yanvarın 18-də İraqa səfər etdiklərini, müdafiə naziri Cuma Anad və digər rəsmi şəxslərlə görüşdüklərini də unutmaq lazım deyil. Amma eyni zamanda unutmaq lazım deyil ki, Vaşinqton və Tehranın razılığı ilə təşkil edilmiş İraq hökumətində yer alan Cuma Anad müdafiə naziri vəzifəsinə təyinatından sonra ilk səfərini İrana edib və bu ölkənin rəsmilərindən İrak ordusunun formalaşdırılması üçün dəstək istəyib...

Göründüyü kimi, ortalıqda ilk baxışda bir-birini təkzib edən mürəkkəb və çoxbucaqlı münasibətlər sistemi var.

İraqla Ermənistanın hərbi əlaqələri nə İranı, nə Birləşmiş Ştatları, nə də Rusiyanı narahat etmir. Hər halda rəsmi səviyyədə olmasa da, ekspert rəylərindən İraqın müdafiə nazirinin Ermənistana səfərinin narahatlıqla qarşılanmadığı bəlli olur.

Məlum olduğu kimi nə İraqın, nə də Ermənistanın müdafiə sənayesi kompleksi yoxdur. 44 günlük müharibədə Ermənistan ordusu darmadağın edilib, İraq ordusunun formalaşdırılması prosesi isə uzun illərdir davam etsə də, bu istiqamətdə effektiv nəticəyə nail olunmayıb. Belə olduğu təqdirdə bu iki məğlub və vassal dövlət bir-birinə hərbi müstəvidə nə verə bilər? Birbaşa, şübhəsiz ki, heç nə... Amma dolayısıyla, İraqla Ermənistan arasında hərbi sahədə əməkdaşlıqla bağlı imzalanmış sənədlər, prosesdə üçünçü ölkələrin iştirakına imkan yarada bilər. Məsələn, hətta inandırıcı görünməsə də belə, ABŞ və İran İraq vasitəsilə Ermənistanla imzalanan hərbi əməkdaşlıq müqavilələri çərçivəsində İrəvanın darmadağın edilmiş ordusunun dirçəldilməsində iştirak edə bilərlər. Hər halda bu gözlənilməz səfərdən çox şey gözləmək mümkündür.

Zənnimcə, yaxın bir neçə ay ərzində detallarda gizlənmiş “şeytanı” görmək mümkün olacaq...

Visiontv.az