Nazirlərin Moskvaya və Vaşinqtona səfərlərinin əsas məqsədini burada axtarmaq lazımdır - deputat Nəsib Məhəməliyev
21.10.2020

Xarici işlər nazirlərinin Vaşinqtondan əvvəl Moskva səfərləri sırf məsləhətləşmə xarakteri daşıyır. Aydın məsələdir ki, hər iki ölkə ATƏT-in Minsk qrupunda həmsədr kimi uzun illər münaqişənin həlli ilə məşğul olmuşdur. Onların bilavasitə iştirakı ilə son 28 il ərzində çoxsaylı görüşlər keçirilmiş və hər birisinin münaqişəyə öz baxışları, maraqları mövcuddur.

Hər iki ölkə qlobal geosiyasi müstəvidə bir-birinə qarşı ciddi mübarizə aparır və Cənubi Qafqaz regionunda öz maraqlarını güdür. 27 sentyabrdan başlanan müharibədə Azərbaycan Ordusunun nail olduğu ardıcıl qələbələr nəticəsində status-kvo ləğv olundu, təmas xətti artıq mövcud deyil. Əvvəllər müzakirə predmeti olan Füzuli, Cəbrayıl, Zəngilan rayonları işğaldan azad olundu və proses davam edir.

Belə olan halda, yeni situasiya yaranmışdır və buna uyğun olaraq yeni təkliflər meydana çıxa bilər. Eyni zamanda ayın 19-da BMT TŞ-nın qapalı iclasında Qarabağ məsələsi müzakirə olunmuşdur. Mənə elə gəlir ki, nazirlərin Moskvaya və Vaşinqtona səfərlərinin əsas məqsədini burada axtarmaq lazımdır. Azərbaycan Ordusunun əldə etdiyi uğurlar bir çox dünya güclərini ciddi narahat etməyə başlamışdır. Ələlxüsus qardaş Türkiyənin birmənalı mövqeyi, münaqişənin ədalətli həlli istiqamətində gördüyü müsbət işlərlə həmin dairələr heç cürə barışa bilmirlər.

Qeyd etməliyəm ki, 30 il ərzində heç bir iş görməyən həmin ölkələrin bu mövzuda siyasəti üst-üstə düşür. Bütün imkanlarını işə salaraq Türkiyənin imkanlarını məhdudlaşdırmağa çalışırlar. İşğalçı Ermənistanı xilas etmək istəyirlər. Burada əsas skripkanı Makron çalır. Onun müəyyən mənada kənarda qalması isə, son dövürlər verdiyi ziddiyətli bəyanatlarla bağlıdır. Ona görə də məsləhətləşmələr Moskva və Vaşinqtonda aparılır. Hesab edirəm ki, biz maksimum gücümüzü göstərməklə Türkiyəni proseslərə cəlb etməliyik.

Visiontv.az