Nazirlər Konfransında ölkəmizdə sabit demoqrafik inkişaf və sosial müdafiə tədbirləri barədə məlumat verilib
02.12.2021

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev və nazirliyin nümayəndələri Bolqarıstan Hökuməti və BMT-nin Əhali Fondunun təşkilatçılığı ilə “Demoqrafik dözümlülük: Sürətli demoqrafik dəyişikliyin baş verdiyi dünyada cəmiyyətlər üçün inkişaf yolları” mövzusunda keçirilən Nazirlər Konfransında iştirak edib.

Tədbirdə müxtəlif ölkələrin hökumət qurumlarının rəhbər şəxsləri, beynəlxalq təşkilatların nümayəndələri, ekspertlər iştirak edib.

Konfransın 6-cı Nazirlər Dialoqu panelində sualları cavablandıran S.Babayev Azərbaycanın sabit demoqrafik inkişaf tempinə malik ölkə olduğunu, dövlətimizin siyasətinin bu tempin qorunub saxlanılmasına yönəldiyini vurğulayıb. O, ölkəmizin dayanıqlı demoqrafik inkişafını təmin edən strategiyanın tərkib hissəsi kimi,  səmərəli sosial müdafiə və sosial təminat sisteminin mövcud olduğunu deyib. Aktiv məşğulluq proqramlarını, əmək bazarının tənzimlənməsi və digər sosial rifaha xidmət edən tədbirləri diqqətə çatdırıb. Gənclər, yaşlılar, qadınlar, əlilliyi olan şəxslər və sosial cəhətdən digər həssas qrupların layiqli məşğulluğunun təmin edilməsi üçün aparılan işləri,  ölkəmizdə icra olunan fəal yaşlanma siyasətini qeyd edib.

Nazir Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun ötən il Vətən müharibəsində əldə etdiyi tarixi Zəfəri, Azərbaycanın öz ərazi bütövlüyünü təmin etdiyini diqqətə çatdırıb. O, işğaldan azad ölunmuş ərazilərin “ağıllı kənd” və “ağıllı şəhər” konsepsiyası əsasında bərpası işlərindən bəhs edib. Əhalinin həmin ərazilərə böyük qayıdışının səmərəli təşkilinin qarşıda duran əsas hədəflərdən biri olduğunu qeyd edib.

S.Babayev Azərbaycanda əmək, məşğulluq və sosial müdafiə sistemindəki islahatlar, aktiv məşğulluq tədbirlərinin, elektron xidmətlərin tətbiqinin genişləndirilməsi işləri barədə məlumat verib. Qeyri-formal məşğulluğun leqalllaşdırılması, sosial infrastrukturun genişləndirilməsi,  hər bir vətəndaşın, xüsusilə yaşlıların sosial xidmətlərə əlçatanlığının təmin edilməsi istiqamətində tədbirləri diqqətə çatdırıb. O, Azərbaycanda sosial müdafiə və təminat ödənişlərin maliyyələşdirilməsi xərclərinin son 3 ildə 60% artırıldığını vurğulayıb. Bildirib ki, aparılan siyasət vətəndaş rifahının təminatına, sosial müdafiə sisteminin əhatəliliyi və ünvanlılığının təmin edilməsinə, sosial sahədə sürətli, rahat və şəffaf xidmətlərə çıxış imkanlarının yaradılmasına yönəlib.

Nazir əhalinin demoqrafik strukturunda baş verən dəyişikliklər, yeni texnologiyaların sürətli inkişafı, pandemiya, qlobal istiləşmə və digər amillərin təsirini minimallaşdırmaq baxımından sosial siyasətlərin etibarlı maliyyələşdirilməsi üçün birgə səylərin davam etdirilməsində bu kimi dialoqların önəmini diqqətə çatdırıb.

Visiontv.az