NATO qlobal geosiyasi proseslərdə hərbi-siyasi aktor kimi rolunu artıracaq - Elçin Mirzəbəyli
NATO qlobal geosiyasi proseslərdə hərbi-siyasi aktor kimi rolunu artıracaq - Elçin Mirzəbəyli
19.02.2021 Elçin Mirzəbəyli Tərəfindən

NATO-nun yeni strateji konsepsiyasında Çin və Rusiyanın qarşısının alınmasının prioritet olacağı barədə Baş katib Yens Stoltenberqin bəyanatı dünya gündəminin aparıcı mövzusudur.

Rusiya bəyanata xarici işlər nazirliyinin sözçüsü səviyyəsində cavab verib. Mariya Zaxarova mətbuata açıqlamasında bildirib ki, NATO siyasi və iqtisadi müstəvidə Rusiyanın qarşısını almaq üçün sanksiya və təxribatlardan yararlanmaqla ölkənin daxili işlərinə açıq şəkildə müdaxilə edir.
Çinin Xarici işlər nazirliyinin açıqlamasında isə Stoltenberqin alyansın yeni konsepsiyası ilə bağlı bəyanatı “soyuq müharibə mentaliteti” kimi qiymətləndirilib.

Qeyd edim ki, NATO Baş katibinin yeni konsepsiya ilə bağlı bəyanatında Rusiya və Çinlə bağlı məsələdən daha önəmli məqamlar da var. Bunlardan birincisi, alyansın “dəyərlərinin təsdiqlənməsi və Avropa-Şimali Amerika əlaqələrinin möhkəmləndirilməsidir”.

Baş katibin bəyanatında diqqət çəkən digər məqam isə, NATO-nun “daha geniş məsələlərin müzakirəsi və əlaqələndirilməsi ilə bağlı platformaya çevrilməsi” təşəbbüsüdür. Bu isə, öz növbəsində hərbi-siyasi alyans olan NATO-nun siyasi yükünün artırılması və qlobal proseslərdə vahid mexanizm kimi iştirakının təmin edilməsi deməkdir. Stoltenberqin bu bəyanatı, şübhəsiz ki, Ağ Evin və alyansa üzv olan digər dövlətlərin mövqeyini ifadə edir.

Bu isə o anlama gəlir ki, kopnsepsiyanın qəbulundan, yəni NATO-nun növbəti sammitindən sonra, Alyans qlobal geosiyasi proseslərdə hərbi-siyasi aktor kimi rolunu artıracaq. Düşünürəm ki, baş katibin bəyanatını qlobal proseslərdə hərbi-siyasi güc amilinin önə keçəcəyinin anonsu kimi də qiymətləndirmək olar.

Visiontv.az