Narkotik yetişdirən Şəmkir sakini saxlanılıb
24.06.2021

Şəmkir Rayon Polis Şöbəsinin (RPŞ) Kür Polis Bölməsinin (PB) əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat tədbirləri nəticəsində kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolları aşkar edilərək götürülüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Visiontv.az-ın bölgə müxbirinə verilən məlumata görə, polis əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Mahmudlu kənd sakini Fikrət Sultanova məxsus fərdi yaşayış evinin həyətyanı sahəsindən xüsusi aqrotexniki qaydada qulluq edilmiş narkotik xassəli çətənə - Kannabis bitkiləri aşkarlanaraq götürülüb. Həyətyanı sahəyə baxış zamanı oradan 7 ədəd, ümumi çəkisi 2 kiloqram 650 qram olan, çətənə kolu aşkar olunub. Bundan başqa oradan qurudulması üçün sərilmiş, 100 qram qurudulmuş marixuana aşkar edilib.

Götürülmüş maddi sübutlar müvafiq ekspertizaya təqdim olunub. Dindirilmə zamanı saxlanılan şəxs çətənə kollarını özü şəxsi istifadə məqsədi ilə becərdiyini bildirsə də, digər xüsusatlar da istisna olunmur.

Faktla bağlı RPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.