Müsibəti-Putin: Ermənistan da qosqoca Putini həbs etmək hüququna sahib oldu
Müsibəti-Putin: Ermənistan da qosqoca Putini həbs etmək hüququna sahib oldu
25.03.2023 Bəybala Mirzəyev Tərəfindən

Bax belə. Bu gündən etibarən cıqqılı Ermənistan da qosqoca Putini həbs etmək hüququna sahib oldu.

Belə ki, Ermənistan Konstitusiya Məhkəməsi Beynəlxalq Cinayət Məhkəməsi (BCM) haqqında Roma Statutunda təsbit edilmiş öhdəliklərin konstitusiyaya uyğun olduğunu tanıdı.

Bu barədə Ermənistan Konstitusiya Məhkəməsinin qərarında bildirilib.

Ermənistan Roma Statutunu 1999-cu ildə imzalayıb, lakin BCM-nin nizamnamə sazişlərini hələ də ratifikasiya etməyib. Lakin bu gedişlə deyəsən, tezliklə ratifikasiya edəcək.

Və bundan sonra Putin indiyə qədər Rusiya Federasiyasının quberniyalarından biri hesab etdiyi Ermənistana da rəsmi səfərlə gedə bilməyəcək. Gedərsə, BCM-nin qərarına əsasən, Putin məhkəmənin qərarını tanıyan bir ölkə kimi Ermənistan ərazisində olan zaman həbs olunmalıdır. Çünki həbs barədə orderin icrası Roma Statutunun üzvü olan dövlətlərin üzərinə düşən məcburi öhdəlikdir.

Beləliklə, bu gündən etibarən Putin Ermənistanın da üzünə həsrət qalacaq.

Məhz Rusiyanın sayəsində Qafqazda torpaq yiyəsinə çevrilən, dövlət və millət kimi ortaya çıxan ermənilərin bu xəyanətinə dözmək əlbəttə, V.V.P üçün çox çətin olacaq.

Bəlkə də Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) məlum qərarının Rusiya "çar"ına elə də ciddi mənfi təsiri olmayacaqdı, ancaq Ermənistanın BCM-in məlum qərarını dəstəkləməsi Putini rəsmən çərlədib öldürəcək.

Putin belə məsələlərə həddindən artıq həssasiyət göstərən və psixoloji cəhətdən tez yaralana bilən bir xarakterə sahibdir. Bu mənada, Paşinyanın bu addımı Putinə gerçəkdən də ağır sarsıntı yaşada bilər.

Putin bu məqamda “heç oğlum Yədullanın müsibəti belə olmamışdı” deyən Kərbəlayi İsmayılın durumunu yaşayır.

Rəhmətlik Nəcəf bəy Vəzirov indi sağ olsaydı yəqin ki, Kreml sahibinin müsibətini də mütləq qələmə alardı. Çünki “Müsibəti-Fəxrəddin” Putinin müsibətinin yanında lap yalan oldu.

Zarafat öz yerində, Ermənistanın bu addımından sonra həm Ermənistan-Rusiya münasibətlərində yeni reallıqlar ortaya çıxacaq, həm də Putinin Paşinyan ilə təmaslarında çoxlu suallar yaranacaq.

Bəs nə etməli?

Kremldə əməlli-başlı çaşqınlıq yaranıb.

Bu məsələyə hətta Putinin mətbuat katibi Peskov da bu gün aydınlıq gətirə bilmədi.

P.S.

Rusiya-Ukrayna müharibəsi Putinə həqiqətən də çox baha başa gəlir...

Bəybala Mirzəyev

visiontv.az