Müharibədən başqa bizə birbaşa təsir edən "qlobal savaş" da var - Ərəstun Oruclu
Müharibədən başqa bizə birbaşa təsir edən "qlobal savaş" da var - Ərəstun Oruclu
06.11.2020 Ərəstun Oruclu Tərəfindən

Son günlər hətta ermənilərə işləyən təbliğatçıların da Qarabağdan çəkib yaydıqları videolarda bir xətt aydın görünür: döyüşdüyü iddia edilən erməni "ordusu" başıpozuq dəstələr şəklində fəaliyyət göstərir. Bu isə artıq yeni məğlubiyyətlərin qaçılmaz olması deməkdir.

Bunu Ermənistanda da anlayırlər və elə həmin səbəbdən də erməni təbliğatı əsas 3 istiqamətdə var gücü ilə işləyir:

1. Azərbaycanlılar müharibə qaydalarını pozurlar və dincə əhalini bombalayırlar;

2. Xristianlıq təbliğatı;

3. Erməni əzabkeşliyi haqda məlum ağlaşmalar.

Bütün bunlara aşağı əyarlı təbliğat kimi baxmamalıyıq. Necə deyərlər, hər malın öz alıcısı var və bizə münasibətdə dünyadakı qərəzlilik də göz önündədir. Dünyada ermənilərin bu təkliflərinə tələb də yetərincədir.

Ermənilərin məğlubiyyətinin digər fəsadları olan ekstremizm və terroçuluq haqda artıq yazmışdım. Odur ki, gələcəkdə bu işlərdə ağır itkilərə yol verməmək üçün erməni ekstremizminin və terrorizminin qarşısını almağa da indidən hazırlaşmalıyıq.

Ümumiyyətlə, post müharibə dövrünə indidən hazırlaşmalıyıq və bunun üçün əhatəli strateji plan qurulmalıdır. İqtisadiyyatdan tutmuş ordunun gücləndirilməsinədək, sosial sabitlikdən tutmuş xarici siyasətədək, təhsildən tutmuş dövlətin 20-30 ildən sonrakı inkişaf istiqamətlərinədək hər şeyi yenidən qurmalıyıq.

Unutmamalıyıq ki, bizim müharibədən başqa bizə birbaşa təsir edən "qlobal savaş" da var və biz onun tam mərkəzindəyik. Amma bu, bizi qorxutmalı, çəkindirməli deyil. Əksinə, daha qətiyyətli, cəsarətli və ən başlıcası da bu məsələlərdə həmrəy olsaq, işlərimiz də uğurla gedəcək.

Biz mürəkkəb coğrafiyada yerləşirik və nə burdan harasa köçəsi deyilik, nə də həmin coğrafiya dəyişməyəcək. Bu da öz növbəsində bizdən daim ayaqda olmağı tələb edir və edəcək. Unutmamalıyıq ki, Ermənistan bütün bu məsələlərdə sadəcə alətdir. Daha doğrusu, alətlərdən biri.

Gələcəyə ümidlə və özümüzə inamla baxaq, onda hər şey alınacaq.

Visiontv.az