Müharibədə biabırcasına məğlub olmuş baş nazir seçkilərdə əksəriyyətin səsini qazanır - deputat Nəsib Məhəməliyev
Müharibədə biabırcasına məğlub olmuş baş nazir seçkilərdə əksəriyyətin səsini qazanır - deputat Nəsib Məhəməliyev
22.06.2021 Nəsib Məhəməliyev Tərəfindən

Ermənistanda keçirilən seçkilərdə gözlənildiyi kimi Nikol Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş müqaviləsi” bloku 54 % -lə qələbə qazandı. Ancaq, əksər proqnozlara rəğmən Paşinyan təkbaşına hökuməti qurmaq hüququnu əldə etmiş oldu.

Bu da dünya ölkələri arasında demək olar ki, nadir hadisələrdəndir. Müharibədə biabırcasına məğlub olmuş baş nazir seçkilərdə əksəriyyətin səsini qazanır. Qəribə məntiqdir. Hesab edirəm ki, bunun əsas səbəbini erməni xalqının Paşinyana sevgisindən daha çox, uzun illər siyasi hakimiyyətdə olmuş cinayətkar, kriminal “Qarabağ” klanına bəslənilən nifrətdə axtarmaq lazımdır. Ona görə də, lider seçimində geniş imkanları olmayan ermənilər, pislər arasında qeyri-peşəkar, dərin savadı olmayan populist Paşinyana üstünlük verdilər.

İkincisi, Prezident İlham Əliyevin təbiri ilə desək, Müzəffər Azərbaycan Ordusu dünya erməniliyinə elə bir sağalmaz zərbə vurdu ki, Paşinyandan fərqli olaraq, seçki kompaniyasını müharibə çağırışları üzərində qurmuş, revanşist qüvvələrə dəstək vermədi. Görünən odur ki, ölkəmizin yaratdığı yeni vəziyyət erməni xalqını qane edir. Belə yerdə deyirlər, “Qorxu pis şeydir”. Ermənilər Qarabağ uğrunda ölmək istəmir. Ələlxüsus, düşünürəm ki, yekun nəticəyə iyun ayının 15-də imzalanmış, tarixi Şuşa bəyannaməsinin təsiri olmuşdur. Parlament çoxluğunun Paşinyanın tərəfində olduğu üçün, hökuməti təkbaşına quracaq. Seçkinin nəticələri, çoxsaylı qanun pozuntularına baxmayaraq, bütün maraqlı dövlətlər tərəfindən tanınmışdır. Şübhəsiz, yenidən seçilməsi, opponentlərinə qarşı daha sərt mövqe tutmağa imkan verir. Azərbaycanla münasibətdə, 10 noyabr üçtərəfli razılaşmanın bütün bəndlərinin icra olunacağını, kommunikasiyaların açılacağını düşünürəm. Rusiya ilə münasibətdə müəyyən düzəlişlərin ediəcəyi labüddür. Hər məqamda Rusiyaya sədaqətini gözə soxmağa, loyallıq göstərməsinə baxmayaraq, Paşinyanın komandası fasiləsiz sözügedən dövlətin əleyhinə təbliğat aparmışdır.

Əgər, Qərb dairələrindən ciddi dəstək alarsa, Rusiya siyasətində daha kəskin mövqe tuta bilər. Təbii ki, Rusiya bütün bunlardan xəbərdar olduğundan bütün imkanlarını Koçaryanın təbliğatına yönəltmişdi. Hətta onun vaxtından əvvəl qələbə qazandığını elan etmişdilər. Normal məntiqlə, uşaq qatili Koçaryanın təbliğatını, piar-kompaniyasını təşkil edən Aram Qabrielyan, Marqarita Simonyan və digər yanlar, ermənipərəst media nümayəndələri bu biabırçılıqlara görə məsuliyyət daşımalıdırlar.

Baş verənlər bir daha sübut edir ki, Azərbaycan, regionun müstəqil siyasət aparan, güclü Liderə malik, inkişaf etmiş, problemlərini başqlarını narahat etmədən özü həll edən, ən vacib, etibarlı ölkəsidir. Bütün qonşuları ilə, qarşılıqlı hörmət əsasında, balanslaşdırılmış siyasət aparır. Zaman Azərbaycanın xeyirinə işləyir.

Visiontv.az