Müharibə olacağı mütləqdir, sadəcə bunu kimin başlaması önəmlidir-Azər Qasımov
21.09.2020

Türkiyənin Azərbaycana, dolayısı ilə Cənubi Qafqaz regionuna gəlməsinə Rusiyanın hər cür mane olacağı ən sadə məntiqdir.

Burda qeyri adi heç nə yoxdur. Müharibə olacağı da mütləqdir, sadəcə bunu kimin başlaması önəmlidir. Rəsmi Bakı əgər ciddi olaraq bu yolu tutubsa, Irəvanın işğalçı, terrorçu rejiminə vaxt və fürsət vermədən hər hansısa bəhanə ilə müharibəni başlamalı və məntiqi sonluqla, yəni qələbə ilə başa vurmalıdır. Qələbə anlayışını dəqiqləşdirmək lazımdır. Qələbə dedikdə işğal edilmiş bütün ərazilərin azad edilməsindən söhbət getməyə də bilər, çünki bu, praktiki baxımdan mümkün deyil, çünki region həddən artıq silahlanıb. Bu halda bir neçə rayonun azad edilməsi də güc balansını dəyişə bilər və danışıq masasında əlimizi qüvvətləndirə, Moskvanın təzyiqini qismən azalda və Türkiyənin regionda yerləşməsi reallığını möhkəmləndirə bilər.

Oyun indi tam qələbə deyil, yəni taktiki yox strateji qələbə üzərində qurulmalıdır.

Türkiyənin regiona yerləşməsi Gürcüstan üçün də vacibdir, çünki bu, onların da təhlükəsizliyinə dəstəkdir.

Azərbaycan təbii ki, bu müharibənin gedişində və sonra illərdir Rusiyadan aldığı silahların ehtiyat hissələrini, mərmilərini yeni  siyasi situasiyaya uyğun olaraq ya ala bilməyəcək, ya daha da baha alacaq, ya da hansısa məcburedici şərtlər qarşısında seçim etməklə fakt qarşısında qoyulacaq. Bu baxımdan təcili şəkildə Türkiyə silah inventarına yönəlmək şərtdir, həm də təhlükəsizlik məsələsidir.

Visiontv.az