Müharibə insanını “YAŞAT”mağın ASAN yolu-Şöhrət El-Dəniz
Müharibə insanını “YAŞAT”mağın ASAN yolu-Şöhrət El-Dəniz
30.01.2021 Şöhrət El-Dəniz Tərəfindən

Kimisə “YAŞAT”maq üçün gərək o şəxsdə ürək, qeyrət, mərdlik və millətinə sahiblənmək gücü olsun. Lozunqlarla “YAŞAT”maq olmur. Lozunqlar dələduzların silahıdır. O silah ki, bu gün hamını kəsə-kəsə gedir. Şəhid ailəsinin haqqını kəsir, qazinin imtiyazını kəsir, veteranın ümidini kəsir. Kəsilən hissələrdən isə özünə mal-mülk yığır, imarət tikdirir, bahalı maşınlarda gəzir. Ona görə ah-nalədən var-dövlət qazananların nə allahı olur, nə də imanı.

Dünən “YAŞAT”maq üçün “YAŞAT”mağı özünə vəzifə seçən insanları görüşə dəvət etmişdilər. Sözün düzü, dəvəti gözləmirdim. Fikirləşirdim ki, yenə manıs populyarlığı səviyyəsində olan bəzi mətbuat nümayəndələrini çağırıb "dejurnu" şoulardan birini təşkil edəcəklər. Amma…

Getdim. Görüşdük.

ASAN oldu ünsiyyət. Dediklərindən və göstərdiklərindən anladım ki, “YAŞAT”maq üçün ASAN yol seçiblər. ASAN yolun sonu isə həmişə uğurulu olur. Mürəkkəbliyi, qəlizliyi sevənlər, gizlin qalanlar həmişə çətin yol seçərlər. Çünki ASAN bir işi çətinliyə salmağın səbəbi “YAŞAT”maq deyil, öz maraqlarını güdməkdir. Ona görə çoxları hamının bildiyi ASAN yolla getmir, sükanı qəsdən enişə-yoxuşa sürür ki, izi itirsin.

Görüşdə “YAŞAT”ın yolunu düz və hamar gördüm. Fəqət daha da hamarlaşdırmaq olar. Ona görə təkliflərimizi verdik, fikirlərimizi bildirdik və dedik ki: Gənc övladları qurban verdik. Müharibədə qalib olduq. Zəfər çaldıq. İndi isə müharibəyə öz övladını, qardaşını qurban verənləri, yarımcan olanları “YAŞAT”maq lazımdır. Onların yaşamağı üçün isə YAŞAT” fondunun fəailiyyətini şəffaf və ASAN olmalıdır. Ki, hamının bura müraciət etməyə ərki çatsın. Ürəyi desin ki, onu “YAŞAT”maq istəyənlər dürüst və mərd insanlardır. Anlasınlar ki, mərdin verdiyi bir tikə çörək, namərdin verdiyi bir kisə qızıldan dəyərlidir.

Bunu əlini-qolunu çırmayıb müharibə insanını “YAŞAT”mağa risk edən və məmur kimi ASAN-lıqla əl çatan olan Ülvi Mehdiyevdən gözləyirik və inanırıq.

Demirəm ASAN olacaq.

İşi enişə-yoxuşa sürənlər olacaq.

Amma…

Dəstək də olacaq.

Öz marağını sıravi insanların marağına qurban verməyi bacaran mətbuatımız dirçəlir. Və onların sayı az deyil. Məhz bu mətbuatın jurnalisti müharibə insanını “YAŞAT”maq üçün sizə əlindən gələn dəstəyi verəcək.

Təki bu yazdıqlarım miraja çevrilməsin.

visiontv.az