Mübariz Qurbanlı: "Həcc ziyarəti Səudiyyə Ərəbistanının qərarından asılı olacaq" - MÜSAHİBƏ
06.05.2020

Visiontv.az Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının APA-ya müsahibəsini təqdim edir.

- Mübariz müəllim, müsahibəmizə bütün dünyanı bürüyən koronavirus pandemiyası ilə bağlı sualla başlamaq istərdim. Pandemiyaya qarşı dünya dövlətlərinin mübarizəsini necə qiymətləndirirsiniz? Azərbaycanda koronavirusla mübarizə tədbirləri barədə nə deyə bilərsiniz?

- Məlumdur ki, “COVİD-19”la mübarizədə dünyanın müxtəlif ölkələrində tədbirlər həyata keçirilir. Faktiki olaraq bu gün dünyanın elə bir yeri yoxdur ki, orada koronavirus yayılmasın. Azərbaycanda bununla bağlı vaxtında qabaqlayıcı tədbirlər görülüb. Ölkəmizdə virusa qarşı mübarizənin ilkin mərhələsindən başlayaraq qabaqlayıcı addımlar atılır, pandemiyanın səbəb olduğu sosial-iqtisadi problemlərin aradan qaldırılması istiqamətində dövlət tərəfindən məqsədyönlü siyasət aparılır. İlkin məlumatlar daxil olduğu vaxtdan etibarən Azərbaycanda dövlət başçısının tapşırığı ilə qabaqlayıcı tədbirlərin görülməsi üçün Nazirlər Kabineti yanında Operativ Qərargah yaradılıb və Tədbirlər Planı müəyyənləşdirilib. Virusun ölkədə geniş yayılması bizim üçün daha böyük çətinliklər yarada bilərdi. Əgər vaxtında təcili və təxirəsalınmaz tədbirlər görülməsəydi, istər-istəməz virus Azərbaycanda daha geniş yayıla bilərdi.