MŞ-nın İdarə Heyətinə seçiləcək namizədlərin siyahısı dərc olunub: Bu siyahıda çox ciddi və hüquqi yanlış var
22.09.2022

Mətbuat Şurasının qurultayı yaxınlaşır. Bu qurultay ölkəmizdə "Media haqqında" yeni qanunun qəbul olunmasından sonra baş tutacaq. Deməli, ilk növbədə yeni qanunun məzmunu, onun meydana çıxmasına, qəbul edilməsinə olan zərurət Mətbuat Şurasının növbəti İdarə Heyətinin formalaşmasında, qurumun gələcək fəaliyyətində RASİONAL VƏ EFFEKTİV YANAŞMA tələb edir.

Bu yanaşmanın düsturunu isə Azərbaycan prezidenti İlham Əliyev öz çıxışlarının birində daha geniş rakursda açıqlamış və qeyd etmişdi ki, təcrübə ilə dinamikanın vəhdətinə nail olmaq lazımdır. Mən qurultay nümayəndəsi olaraq yeni İH-ə üzv olmağa iddia etmirəm, əks halda, ən azı 100 səs toplayaraq namizəd ola bilərdim. Ancaq qarşıdakı dönəmdə MŞ-nın üzərinə böyük ictimai və tarixi məsuliyyət düşəyəcəyinə inandığımdan yeni İH-nin formalaşmasında dövlət başçısının ifadə etdiyim kriteriyasına uyğun olan həmkarlarıma səs verəcəm.

Bəzən suallar səsləndilir, eyhamlar vurulur ki, media sahəsində dövlətin siyasətini həyata keçirən orqan- MEDİA varsa, MŞ nəyə lazımdır? Bu sualı verənlər, onun eyham kimi səsləndirənlər, MŞ-nın MEDİA-nın kölgəsində qalacağından guya narahat olanlar, mənim fikrimcə, ya həddən artıq savadsız, ya da hiyləgər adamlardırlar. Savadsızlar MŞ-nın təkcə Azərbaycanda yox, bütün dünyada medianın özünütənzimləmə funksiyasıni gerçəkləşdirmək üçün yaradılan ictmai təşkilat olduğundan bixəbərlərdir. Bu qurumun bir vəzifəsi də media qurumları ilə dövlət qurumları, o cümlədən MEDİA arasında körpü rolunu oynamaqdır. Funksiyalar kökündən fərqli olduğundan MŞ ilə MEDİA-nı qarşı-qarşıya qoymaq sağlam niyyətdən xəbər verməyən məkrdir. Bu qurumların hər ikisi lazımdır, onların məxsusi görəvləri var və ancaq başlıca hədəfə- medianın inkişafına nail olmaq üçün onlar qarşı-qarşıya duran yox, əməkdaşlıq edən tərəflərdir.

MŞ-nın İdarə Heyətinə seçiləcək namizədlərin siyahısı dərc olunub. Bu siyahıda çox ciddi və hüquqi yanlış var. Belə ki, MŞ-nın nizamnaməsində deyilir:

"4.10. İdarə Heyəti Qurultay tərəfindən seçilən 23 həqiqi və 6 ehtiyat üzvdən ibarətdir. İdarə Heyətinin tərkibinə jurnalistlər və hazırda jurnalist fəaliyyəti ilə məşğul olmayan, habelə dövlət strukturlarında çalışmayan nüfuzlu ictimaiyyət nümayəndələri seçilə bilərlər. Həqiqi üzvlərin 11-i jurnalistika, 7-i ictimaiyyətin, 5-i internet portalların nümayəndəsi, ehtiyat üzvlərin isə 2-i jurnalistika, 2-i ictimaiyyətin, 2-i internet portalların nümayəndəsi olmalıdır".

Bu bənddən göründüyü kimi, MŞ İH üzvlüyünə verilən namizədlərin açıqlanmış siyahısında nizamnamədə əks olunan kvotanın doldurulması üçün İNTERNET PORTALLARININ NAMİZƏDLƏRİ ayrıca kateqoriyada göstərilməli idi. MŞ tərəfindən namizədlərin göstərilməsi üçün qurumun saytına yerləşdirilmiş anketdə məhz belə idi və belə olması doğru idi. Ancaq açıqlanan siyahıda bu kateqoriya yoxdur və bu, səsvermədə ciddi nizamnamə pozuntusuna səbəb ola bilər. Odur ki, qurultayın təşkilatçılarından xahiş edirəm ki, büllütenlərin tərtibində bu yanlışı aradan qaldırsınlar və qurultayın nəticələrinin legitimliyinə bilərəkdən və ya bilməyərəkdən kölgə salmasınlar.

İndi isə diqqətinizi elə həmin bənddəki başqa bir tələbə yönəltmək istəyirəm.

Diqqət edin: "İdarə Heyətinin tərkibinə jurnalistlər və hazırda jurnalist fəaliyyəti ilə məşğul olmayan, habelə dövlət strukturlarında çalışmayan nüfuzlu ictimaiyyət nümayəndələri seçilə bilərlər"

Jurnalist "Media haqqında qanun"a görə (1.1.4), əmək müqaviləsi ilə media subyektində və ya fərdi olaraq müəllif hüquqları əsasında mülki hüquq müqaviləsi ilə fəaliyyət göstərən, əsas fəaliyyət növü davamlı şəkildə məlumat toplamaq, hazırlamaq, redaktə və istehsal etmək, ötürmək, habelə həmin məlumatlara dair fikir bildirmək (şərh vermək) olan və bu fəaliyyəti gəlir əldə etmək məqsədilə yerinə yetirən şəxsdir.

MŞ-nın nizamnamə tələbinə görə, jurnalist fəaliyyəti ilə məşğul olan şəxs- əsas və əlavə iş yeri olmasından asılı olmayaraq- İCTİMAİYYƏT NÜMAYƏNDƏSİ kvotasından MŞ İH üzvlüyünə namizəd göstərilə bilməz. Çünki tələbdə açıq qeyd olunur: "və hazırda jurnalist fəaliyyəti ilə məşğul olmayan, habelə dövlət strukturlarında çalışmayan nüfuzlu ictimaiyyət nümayəndələri seçilə bilərlər".

Odur ki, Pressklub.tv-nin rəhbəri olaraq, jurnalistika sahəsində fəaliyyət göstərən bir şəxsin, yəni Qulu Məhərrəmlinin İCTİMAİYYƏT NÜMAYƏNDƏSİ kimi MŞ İH üzvlüyünü namizəd göstərilməsi MŞ nizamnaməsinin göstərilən bəndinin kobudcasına pozulmasıdır.

Digər yandan, İctimaiyyət nümayəndələri kateqoriyasında Qulu Məhərrəmli "BDU-nun Jurnalistika fakültəsinin professoru" kimi göstərilib. BDU dövlət strukturudur, bu, adında da, möhüründə də əks olunub. BDU-nun möhüründə "Təhsil Nazirliyi" əks olunmaqla qurumun dövlət tabeliyində olması, dövlət adından yaradılması göstərilir. Nizamnamə isə, dövlət strukturunda çalışan şəxsin MŞ İH-ə seçilməsini yasaqlayır. Burada diqqət edilməli əsas məsələ nizamnamədə "dövlət orqanı" deyil, "dövlət strukturu" yazılmasıdır. Dövlət orqanları dövlət sturukturlarının bir hissəsidir. BDU mövcud qanunvericliyə görə, dövlət orqanı deyil, amma dövlət strukturudur. Çünki publik hüquqi şəxs olaraq BDU DÖVLƏT ADINDAN yaradılıb. Nizamnamədə isə, müəssənin elmi-pedoqoji istiqamətdə faəliyyət göstərməsi istisna olunmadan bütün DÖVLƏT STRUKTURU əməkdaşlarının MŞ üzvlüyünə seçilməsi yolverilməz sayılır.

Taleh Şahsuvarlı AzNews.az xəbər portalının Baş redaktoru

visiontv.az