Moskva Bəyənnaməsi ilə bağlı retrospektiv təhlili
Moskva Bəyənnaməsi ilə bağlı retrospektiv təhlili
05.03.2022 Adıgözəl Məmmədov Tərəfindən

Tarixi təcrübə sübut etmişdir ki, hər yeni əsr dünyada geosiyasi və iqtisadi maraqların yenidən müəyyən edilməsi ilə şərtlənir. Bu mənada yaşadığımız yeni yüzil də istisna təşkil etməmişdir. Müasir müstəqil Azərbaycan tariximizdə Rusiya ilə Azərbaycan arasında münasibətlərin strateji təmələ söykənən inkişafı Ümummilli liderimiz Heydər Əliyevin siyasi hakimiyyətə yenidən gəldiyi illərə təsadüf edir. Müasir Azərbaycan dövlətinin banisi Ümummilli liderimiz Heydər Əliyev Rusiya ilə münasibətlərə həmişə xüsusi diqqət yetirmiş və hələ 70-ci və 80-ci illərdə Azərbaycanın rəhbəri olan dövrdə SSRİ-nin, o cümlədəndə RSFSR-in aqrar, sənaye, təhsil və digər sahələrindən respublikamızın mənafeyi üçün məqsədyönlü şəkildə yararlanmağı bacarmışdı.

Yetkin kadrların ərsəyə gətirilməsindən ötrü isə gənc azərbaycanlıları ali təhsil almaq üçün O, Sovet İttifaqının aparıcı ali məktəblərinə göndərirdi. Böyük Öndər Heydər Əliyevin bizə bəxş etdiyi müstəqil Azərbaycanda hər millətə olduğu kimi rus xalqına da böyük hörmət və diqqətlə yanaşılmışdır. 22 fevral 2006-cı il tarixli Azərbaycan Respublikası Prezidenti və Rusiya Fedarasiyası Prezidentinin Birgə Bəyanatından sonrakı  çıxışında dövlət başçımız cənab İlham Əliyev qeyd edirdi: “Biz bu gün iftixarla deyə bilərik ki, Azərbaycanda insanlara qarşı milli və dini münasibətdə milli ədavətin heç bir və hətta ən kiçik təzahürü belə yoxdur. Bu, bizim sərvətimizdir, bizim gücümüz bundadır, çünki bu dünyəvi Azərbaycanın inkişafını Böyük Öndərimiz Heydər Əliyev möhkəm təməl üzərində qurmuşdur.Biz bununla fəxr edirik!”

Bəli, bu gün döğma Azərbaycanımızda milliyyətindən, dinindən, dilindən asılı olmayaraq hər bir vətəndaşımız bərabər hüquqlara malikdir və hər sahədə, o, cümlədən də istər işlə təmin olunmaq, istərsə də təhsil almaq baxımından hər kəs üçün eyni şərait yaradılmışdır.

Bu amil həm də dövlətlərarası münasibətlərdə də çox vacibdir. İkitərəfli münasibərlərin inkişafı, onların keyfiyyətcə yeni səviyyəyə çıxması baxımından bu yanaşma xüsusi əhəmiyyət kəsb edir. Digər tərəfdən də azərbaycanlıların Rusiyada çoxsaylı dövlət və ictimai-siyasi məqamlarda təmsil olunması bu əlaqələrin pozitiv inkişafına kataliktik təsir göstərir. Biz Rusiya ilə həm regional formatda, Xəzər akvatoriyasında, həm də Qafqazın təhlükəsizliyi və enerji resurslarının istismarı və ixracı ilə bağlı fəal əməkdaşlıq edir və ardıcıl şəkildə bu münasibətləri yüksələn xətlə inkişaf etdiririk. Ümumiyyətlə Rusiyada siyasi cərəyanları anlamaq üçün müəyyən məqamlara xüsusi diqqət etmək lazımdır. Rusiyada siyasi palitra monoton deyil. Bu palitranın içində həmçinin Slavyan-Türkdilli xalqlar və müsəlman-pravoslav simbioz xəttini təbliğ edən qüvvələr də formalaşmaqdadır. Bu coğrafiya həm də türklər və slavyanların olduğu bir yerdir. Slavyan-türk müttəfiqliyi istiqamətində, eləcə də slavyan-türk maraqları çərçivəsində Azərbaycanında öz siyasəti var. Bu, labüd bir haldır və həyata keçirdiyimiz çoxvektorlu siyasətin bir hissəsidir. Çünki geopolitik güclərlə üz-üzə gəlməmək və bizə qarşı yönələn hər hansı hədəfi neytrallaşdırmaq üçün bu istiqamətdə iş aparılır. Burada bir məsələ də odur ki, əksər hallarda Beynəlxalq təşkilatlar baş vermiş proseslərin yedəyində gedir və məsələn, BMT timsalında qəbul olunan qətnamələr daimi üzvlərdən birinin maraqlarını təmin etmirsə, həmin qətnamələr icra olunmur. Bunu biz illər boyu Dağlıq Qarabağla bağlı qəbul edilən qətnamələrdə gördük. Bu on illərlə qətnamələr icra olunmadı, ancaq kağız üzərində mövcud oldu. Aydın məsələdir ki, BMT əslində bir dövlətin digər dövlətlə iradəsini uzlaşdıra biləcək orqan kimi fəaliyyət göstərir. Uzlaşdıra biləməyəndə də BMT qətnamələri icra olunmur. Fikrimizcə, günümüzün hadisələrinə bu baxımdan nəzər yetirsək daha ədalətli olarıq. Bu həqiqət tarixin bütün gedişi boyu təsdiqlənib. Amma dünyada bundan sonrakı dəyişiklikləri nəzərə almaqla regionda yeni geosiyasi strategiyalar işləyib hazırlamaq lazım gəlir. Bizim region əsasən slavyan və türk dünyasının bir-biri ilə çulğalaşdığı coğrafiyadır. Nəzərə alsaq ki, Qafqaz, İran, Orta və Kiçik Asiyanın, eləcə də Rusiyanın özündəki bəzi muxtar qurumların əhalisinin böyük hissəsini türkdilli xalqlar təşkil edir, onda slavyan-türk xalqları arasında əlaqələrin inkişafının nə qədər aktuallıq kəsb etdiyini başa düşmək olar.

22 Fevral 2022-ci il tarixində Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında müttəfiqlik və qarşılıqlı fəaliyyət haqqında Moskva Bəyənnaməsi də bu əməkdaşlığımızın inkişaf xətti ilə irəliləməsinə bariz nümunədir. Müasir Azərbaycan tarixində ikitərəfli münasibətlərimizin retrospektiv inkişaf xəttinə baxsaq görərik ki, hələ sözü gedən bu bəyannaməyə qədər 30 iyul 1997-ci il tarixli Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında müqavilə, 2001-ci il yanvarın 9-da imzalanmış Bakı bəyannaməsi, 2004-cü il yanvarın 6-da Moskva şəhərində imzalanmış Moskva bəyannaməsi, 22 fevral 2006-cı il tarixli Azərbaycan Respublikası prezidenti və Rusiya Federasiyası prezidentinin birgə bəyanatı, 3 iyul 2008-ci ildə Bakı şəhərində imzalanmış Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında dostluq və strateji tərəfdaşlıq haqqında bəyannamə, Rusiya Respublikasının prezidenti V. Putin və Azərbaycan Respublikasının prezidenti cənab İ.Əliyevin 1 sentybr 2018-ci il tarixli birgə bəyanatları regional və beynəlxalq təhlükəsizliyin və sabitliyin təmin olunmasına və möhkəmlənməsinə çox ciddi töhvə vermişdir.

Bütün yuxarıda qeyd etdiyim hüquqi sənədlər iki ölkənin müstəqilliyinə, dövlət suverenliyinə, ərazisi bütövlüyünə və dövlət sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət prinsiplərinin əsasında hazırlanmış və təsbit olunmuşdur. Hələ 9 yanvar 2001-ci ildə Bakı şəhərində imzalanmış Bakı bəyannaməsində qeyd edilirdi ki, Azərbaycan Respublikası və Rusiya Federasiyası hər iki ölkənin təhlükəsizliyinin təmin olunması ilə bağlı maraqlara cavab verən üçüncü dövlətə qarşı yönəlməyən, habelə Azərbaycan Respublikası və Rusiya Federasiyasını beynəlxalq öhdəliklərinə zidd olmayan uzunmüddətli əsasda ikitərəfli hərbi və hərbi-texniki əməkdaşlığı inkişaf etdirməyə hazır olduqlarını bildirmişdilər. O cümlədən də Azərbaycan Respublikası və Rusiya Federasiyası Qafqazda regionun dinc gələcəyi üçün təhlükə törədən terrorizmin, ekstremizmin və təcavüzkar separatizmin yayılması ilə əlaqədar ciddi narahat olduqlarını bildirmiş və bunları nəzərə alaraq onlar özlərinin xarici siyasət, guc və hüquq-mühafizə strukturlarının səmərəli, qarşılıqlı fəaliyyətlərinin təkmilləşdirilməsini vacib saymışdılar. O, cümlədən də 6 fevral 2004-cü ildə Moskva şəhərində imzalanmış Moskva bəyannaməsində isə deyilirdi ki, hər iki ölkənin təhlükəsizliyinin təmini maraqlarına cavab verən, üçüncü ölkələrə yönəlməyən və Rusiya Federasiyasının beynəlxalq öhdəliklərinə zidd olmayan ikitərəfli hərbi və hərbi-texniki əməkdaşlığı möhkəmləndirəcəklər, habelə öz ərazilərindən digər tərəfə qarşı hərbi təcavüzə yol verməyəcəklər və strateji xətlərdən biri olan Şimal-Cənub nəqliyyatı dəhlizi haqqında sazişə qoşulması ilə əlaqədar Rusiya Federasiyası Azərbaycan Respublikasına dəstək verəcəkdir.

Lakin bu gün demaqoqiya ilə məşğul olan bəzi müxalifət mənsubları, sübut etməyə çalışırlar ki, güya sonuncu Moskva bəyannaməsi Azərbaycan-Rusiya hərbi əməkdaşlığı üçün presedentsiz nümunə kimi özünü büruzə verir. Halbuki, bu əməkdaşlığın əsası hələ 9 yanvar 2001-cidə Bakı şəhərində imzalanmış Bakı bəyannaməsində qoyulub. Həmin sənəddə qeyri-adi nə isə axtaranlar, azacıq özlərinə zəhmət verib bu münasibətlərin tarixinə nəzər yetirsəydilər hansı dezinformativ siyasətin təbliğatçıları olduqlarının başa düşərdilər. Doğrudur, məqsədyönlü şəkildə ictimayyəti çaşdırmağa çalışanlara nə demək və nə göstərməyindən asılı olmayaraq, onlar destruktiv təbliğatlarını aparmaqla və öz ağalarının tapşırıqlarını yerinə yetirməyə çalışacaqlar. Ba tipli psevdotəbliğatçılara nəyisə sübut etməyin heç bir mənası yoxdu çünki onların öz qara missiyaları var və bundan sonra da xarici qüvvələrə xidmət etməkdə davam edəcəklər. Hələ 8 iyul 2008-ci ildə imzalanmış bəyannamədə isə tərəflər sərhədyanı regionlarda dostluq, mehriban qonşuluq, millətlərarası anlaşma, sülh və sabitliyin möhkəmlədirilməsi və öz ərazisində bir-birini dövlət suverenliyi və ərazi bütövlüyünə qarşı yönəlmiş təşkilatlar, qruplar və ayrı-ayrı şəxslərin fəaliyyətinın qarşısının alınması üzrə qarşılıqlı fəaliyyətin davam etdirilməsi üçün tədbirlərin görülməsinə hazır olduqlarını bir daha ifadə etmişdilər, o cümlədən də tərəflər hərbi və hərbi-texniki əməkdaşlığı gücləndirmək və genişləndirməyə dair niyyətlərini bir daha bəyan etmişdilər.

22 fevral 2022-ci il Moskva bəyannaməsinə qayıtsaq görərik ki, bu xətt bir  daha öz təsdiqini aşağıdakı bəndlərdə tapır:

 “11. Rusiya Federasiyası və Azərbaycan Respublikası öz ərazilərində təşkilatların və şəxslərin digər Tərəfin dövlət suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə qarşı yönəlmiş fəaliyyətinin qarşısını qətiyyətli surətdə alırlar.

13. Tərəflər Rusiya Federasiyasının və Azərbaycan Respublikasının silahlı qüvvələri arasında əməliyyat və döyüş hazırlığı üzrə birgə tədbirlərin keçirilməsi də daxil olmaqla qarşılıqlı əməkdaşlığı dərinləşdirəcək, eləcə də ikitərəfli hərbi əməkdaşlığın digər istiqamətlərini inkişaf etdirəcəklər.

16. Təhlükəsizliyin təmin edilməsi, sülhün və sabitliyin qorunub-saxlanması məqsədilə Rusiya Federasiyası və Azərbaycan Respublikası bir-birinə BMT Nizamnaməsi, ayrı-ayrı beynəlxalq müqavilələr əsasında və Tərəflərdən hər birinin beynəlxalq-hüquqi öhdəliklərini nəzərə almaqla hərbi yardım göstərilməsi imkanını nəzərdən keçirə bilərlər”.

Dövlətimizin təhlükəsizliyi ilə bağlı olan bu  xətt mahiyyət etibarı ilə 15 iyun 2021-ci il tarixində Azərbaycan və Türkiyə arasında imzalanmış Şuşa Bəyannaməsində də əks olunur. Bəyannamədə deyilir: “Tərəflərdən hər hansı birinin fikrincə, onun müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, Tərəflər birgə məsləhətləşmələr aparacaq və bu təhdid və ya təcavüzün aradan qaldırılması məqsədilə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə müvafiq təşəbbüs həyata keçirəcək, bir-birinə BMT Nizamnaməsinə uyğun zəruri yardım göstərəcəklər”.

Yaxud da nəqliyyat dəhlizlərinin açılması ilə bağlı Moskva bəyənnaməsinin 30-cu bəndində göstərilir: “Tərəflər onların ərazilərindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin təhlükəsizliyinin və fasiləsiz fəaliyyətinin təmin edilməsi məsələlərinin həllində bir-birinin səylərini dəstəkləyəcək, ikitərəfli razılaşmalar çərçivəsində tranzit daşımaları üçün əlverişli şərait yaradacaqdır”. Faktiki olaraq Tərəflər  məhz bu 30-cu bəndə əsaslanaraq bir daha onu göstərməyə çalışırlar ki, onlar həm Zəngəzur dəhlizinin, həm də Şimal-Cənub dəhlizinin fəaliyyət göstərməsində maraqlıdırlar və bu nəqliyyat kolidorlarının qısa bir müddətdə tam gücü ilə işləməsi üçün qarşılıqlı  öhdəliklərini yerinə yetirəcəklər. Çunki bildiyiniz kimi açılacaq Zəngəzur dəhlizinin Ermənistan ərazisindən keçəcək hissəsinə Rusiya Federal Təhlükəsizlik Xidməti cavabdehlik daşıyır və xüsusən son hadisələrin fonunda Rusiyayanın bu dəhlizlə çox böyük ehtiyacı yaranmışdır. Rusiya həm Zəngəzur dəhlizi vasitəsilə Türkiyə üzərindən öz yüklərini digər 3-cu ölkələrə çıxartmaq,həm də Şimal-Cənub dəhlizi vasitəsilə İran üzərindən Hind okeanı ölkələri ilə ticarət əlaqələrini inkişaf etdirmək istəyir. Ona görə də bu dəhlizlərin fəaliyyətə başlaması  olduqca aktuallaşır.Məhz bu nəqliyyat dəhlizi ilə bağlı həm Moskva bəyənnaməsi,həm Şuşa bəyənnaməsindəki bəndlər bir-birilərini tamamlayır. Həm Şuşa bəyənnaməsində nəqliyyat dəhlizlərinin açılışı və fəaliyyətinin sürətləndirilməsi bağlı iradənin, həm də Moskva bəyənnaməsində  təkrarlandığının və maraqların kəsişdiyini görürük. Şuşa bəyənnaməsinsə göstərilir ki, “Tərəflər iki ölkənin ərazisindən keçən Şərq-Qərb/Orta beynəlxalq nəqliyyat dəhlizinin rəqabət qabiliyyətinin artırılması məqsədilə qarşılıqlı əməkdaşlığı möhkəmləndirəcəklər. Tərəflər Azərbaycan və Türkiyəni birləşdirən Azərbaycan Respublikasının qərb rayonları ilə Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası arasında dəhlizin (Zəngəzur dəhlizi) açılmasının və həmin dəhlizin davamı kimi Naxçıvan-Qars dəmir yolunun tikintisinin iki ölkə arasında nəqliyyat-kommunikasiya əlaqələrinin intensivləşməsinə mühüm töhfə verəcəyini qeyd edirlər”.

Bu baxımdan hər iki bəyənnamədəki bu oxşar bəndlər eyni məqsədləri, eyni strateji hədəfləri nəzərdə tutur.

Həmçinin Moskva Bəyənnaməsində 2020-ci il 10 noyabır Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının Baş naziri və Rusiya Federasiyasının Prezidentinin 3 tərəfli bəyənatına istinad edilərək  deyilir “Rusiya Federasiyası və Azərbaycan Respublikası regionda sabitlik və təhlükəsizliyinin möhkəmləndirilməsi, bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası və Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında münasibətlərin normallaşdırılması üçün əsas kimi çıxış etmiş Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının Baş naziri və Rusiya Federasiyasının Prezidentinin 9/10 noyabr 2020-ci il tarixli, 11 yanvar 2021-ci il tarixli və 26 noyabr 2021-ci il tarixli bəyanatlarının müddəalarının həyata keçirilməsi üzrə səylərə bundan sonra da hər cür dəstək verəcəklər”.

Bununlada Tərəflər üç tərəfli  bəyanatdan irəli gələn bəndlərin icra olunmasının və  həyata keçirilməsi barədə yenidən öhdəliklərini təsdiq edirlər. 2020-ci il 10 noyabr 3 tərəfli bəyənatına istinad edilərək   Azərbaycan bir daha öz sərhədlərinin delimitasiyası, demarikasiyasını və Zəngəzur koridorunun   açılması məsələsini yenidən gündəmə gətirir. O, cümlədən də Tərəflər Ermənistan ərazisi vasitəsi ilə Azərbaycan və onun tərkib hissəsi olan Naxçıvan arasında əlaqələrin yaradılması barədə məsələni  yenidən təsbit edirlər.

 10 noyabr 2020 -ci il üç tərəfli  bəyənatına(Azərbayacan Ermənistan Rusiya ) istinad edilərək regionda komnukasiyaların açılacağı və bunun sayəsində regionun iqtisadiyyatının canlanacağı məsələsi bir daha öz aktuallığı ilə gündəmə gətirilir. 

Bundan sonra Xəzər dənizində Rusiya-Azərbaycan əməkdaşılığı isə  Moskva bəyannaməsinin aşağıdakı 19 və 20 -ci bəndlərinin prinsipləri əsasında həyata keçiriləcəkdir:

19. Rusiya Federasiyası və Azərbaycan Respublikası 12 avqust 2018-ci il tarixli Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanı razılaşdırılmış etimad tədbirlərinin, mehriban qonşuluq və qarşılıqlı anlaşma mühitinin irəli aparılması da daxil olmaqla Xəzər regionunda təhlükəsizliyin və sabitliyin qorunub-saxlanması və möhkəmləndirilməsi, bütün Xəzəryanı dövlətlərin maraqlarına hörmət edilməsi üçün etibarlı hüquqi əsas kimi nəzərdən keçirirlər.

20. Tərəflər Xəzər regionunda əməkdaşlığın inkişafı, Xəzər dənizində sahilyanı dövlətlərin suverenliyinin, suveren və müstəsna hüquqlarının realizəsi, eləcə də onların yurisdiksiyalarının həyata keçirilməsi üçün Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyada nəzərdə tutulmuş bütün fəaliyyət prinsiplərinin vacibliyini təsdiq edirlər

Yuxarıda kı, bu bəndlər isə Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın 3-cü maddəsindəki  aşağıdakı hüquqi məzmuna istinad edir: 

“Xəzər dənizində Tərəflərin sabit silahlanma balansının təmin edilməsi, hərbi quruculuğun bütün tərəflərin maraqlarının nəzərə alınması ilə ağlabatan yetərlilik hədlərində həyata keçirilməsi, bir-birinin təhlükəsizliyinə xələl yetirilməməsi. Xəzər dənizində Xəzəryanı dövlətlərə məxsus olmayan silahlı qüvvələrin mövcud olmaması. Xəzəryanı dövlətlərin hər hansının əleyhinə təcavüz və digər hərbi fəaliyyətin həyata keçirilməsi üçün hər hansı bir Tərəfin öz ərazisini digər dövlətlərə verməməsi. Beynəlxalq ticarətin və iqtisadi inkişafın genişləndirilməsi məqsədilə, tranzit Tərəfin qanuni maraqlarının nəzərə alınması ilə beynəlxalq hüququn hamılıqla tanınmış prinsip və normaları və müvafiq Tərəflərin razılaşmaları əsasında Xəzər dənizindən digər dənizlərə, Dünya Okeanına və geriyə azad çıxış hüququnun qazanması”. Sonuncu cümlə  Rusiyanın ərazisindəki “Volqa-Don” kanalı vasitəsi ilə Xəzəryanı dövlətlərə məxsus gəmilərin Qara dənizə, oradan da Dünya sularına çıxmaq hüququndan bəhs edir. Nəzərə alsaq ki, Azərbaycan iqtisadiyyatının flaqmanlarından biri olan Xəzər Dəniz Gəmiçiliyinin çox saylı gəmiləri məhz bu kanaldan istifadə edərək Dünya sularına çıxır.Onda bu hüququn verilməsinin nə qədər əhəmiyyətli olduğu anlaşılır.

22 fevral 2022-ci tarixli Moskva bəyannaməsinin 40-cı maddəsi isə Rusiyada bizim təbliğat imkanlarımızı genişləndirmək üçün yeni imkanlar açır. Rusiyada bizim diaspor təşkilatlarımızın,  düşmən təbliğatına cavab verə biləcək və xüsusən Qarabağ həqiqətlərimizi olduğu kimi çatdıra biləcək mətbu orqanları demək olar ki, yox dərəcəsindədir.Yəni bu işi görmək müqabilində onlar olmazın süni manelərlə  üzləşir və bir çox hallarda isə təşkilat olaraq rəsmi qeydiyyata alınmırlar.Bu zaman isə düşmən təbliğatını tirajlayan saytlar sübut etməyə çalışırlar ki, Rusiyanın Qafqazda söykənəcək etibarlı tərəfdaşı yalnız Yerevan ola bilər və Dağlıq Qarabağda  da ermənilərin yerli əhali ilə birgə yaşayı mümkün olmayacaqdır. Azərbaycanların güya ermənilərə  qarşı dözümsüzlük və inamsızlıq furstrasiyasını formalaşdırmağa çalışırlar.Dağlıq Qarabağda  sülh məramlı qvvələrinin, onların təhlükəsizliklərinin yeganə qarantı olduğunu inandırmağa çalışırlar.Əlbəttə ki, Rusiyanın siyasi çevrələrində sağlam təfəkürlü insanlar heç də vəziyyətin belə olduğunu düşünmürlər. Ancaq təəssüf ki, bəziləri bu  anti-Azərbaycan təbliğatının girovuna çevrilirlər. Ona görə də, düşmən təbliğatına böyük zərbə olacaq Moskva bəyənnaməsinin 40-cı maddəsində hər iki ölkə öhdəlik götürür ki, “Tərəflər milli qanunvericilik çərçivəsində Rusiya Federasiyasının və Azərbaycan Respublikasının iqtisadi, mədəni və humanitar əlaqələrin genişlənməsinə töhfə verəcək diaspor təşkilatlarının fəaliyyətlərinin təşviqi üçün addımlar atacaqlar”.

Moskva Bəyannaməsi belə imzalandı - VİDEO - Günün Səsi

Moskva Bəyənnaməsinin  birinci bəndi təsdiq edir  ki, “Rusiya Federasiyası və Azərbaycan Respublikası öz münasibətlərini müttəfiqlik qarşılıqlı fəaliyyəti, iki ölkənin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə və dövlət sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət  əsasında qururlar”. Bununla da bəyənnamə  hüquqi cəhətdən təsdiq edir ki, Dağlıq Qarabağ Azərbaycanın ərazisidir və eyni zamanda da  Azərbaycana meyilli olan, Azərbaycan dövlətçilik ənənələrini qəbul edən, Azərbaycan xalqına qarşı cinayətlərdə iştirak etməyən, Azərbaycanın milli dəyərlərinə sahib çıxmağa hazır olan ermənilər də bizim vətəndaşlar ola bilərlər.

Sülhməramlıları missiyanın əsas arqumenti  nədir? Yeravanda iddia edirlər ki, iki xalqın birgə yaşayış imkanı yoxdur. Bunun məntiqi budur ki, iki xalq arasında aqressiv münasibət olduğuna görə onları bir birindən qorumaq üçün sülhməramlılar olmalıdır. Bunu aradan götürmək üçün yuxarıda qeyd etdiyim kimi Azərbaycan dövlətçiliyini qəbul edən və cinayətlərə bulaşmamış ermənilərin Azərbaycanın vətəndaşı ola bilməsi prespektivi  nəzəri cəhətdən Yeravanın  arqumentini neytrallaşdırmaq üçün mümkündür.Azərbaycan çoxmillətli və çox rəngli etnik çələngə məxsus multikultural dövlətdir. Bizi birləşdirən isə Azərbaycan mentalitetdir. Azərbaycanlı mentallığını daşıya bilən erməni də Azərbaycan dövlətçiliyi daxilində bizim vətəndaşımız ola bilər. Əlbəttdə əgər kimsə bizə qarşı təxribat törədəcəksə və ya hansısa qüvvənin vasitəsinə çevriləcəksə onlarla təxribatçı kimi davranılacaqdır.

41-ci maddədə isə  Rusiya Federasiyası və Azərbaycan Respublikası mədəniyyət və incəsənət, təhsil, elm, turizm və idman sahələrində qarşılıqlı əlaqələri dərinləşdirməyə, ictimai və gənclər təşkilatları, tədris təşkilatları və təhsil müəssisələri, innovasiya mərkəzləri, kütləvi informasiya vasitələri arasında həm ikitərəfli, həm də çoxtərəfli formatlarda əlaqələrin qurulmasına yardım etməyə və davam edəcəklərini bir daha bəyan edirlər.

Buda əvvəlki  bəyannamələrdə bu istiqamətlə bağlı niyyətlərin davamı və  inkişafıdır. Xüsusən təhsillə bağlı Bakı şəhərində M.Lomonosov adına Moskva Dövlət Universitetinin filialının, İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının,  Dərbənd şəhərində Azərbaycan Dövlət İqtisad Universitetinin filialının fəaliyyətinə yüksək qiymət verərək Tərəflər Rusiyanın iri təhsil müəssisələrində Azərbaycan dili, ədəbiyyatı,tarixi, incəsənət kafedralarının açılmasını vacib sayırlar.

Biz Rusiya ilə Xəzər akvatoriyasında, həm enerji təhlükəsizliyi və həm də enerji resurslarının istismarı və ixracı ilə bağlı fəal əməkdaşlıq edir və ardıcıl şəkildə bu münasibətləri yüksələn xətlə inkişaf etdiririk. Bu əməkdaşlıq Bəyannamənin 31-ci bəndində ki, aşağıdakı mətnlə  bir daha təsdiqlənir: 

“Rusiya Federasiyası və Azərbaycan Respublikası bərabərhüquqlu və qarşılıqlı faydalı əsasda beynəlxalq enerji əməkdaşlığının stimullaşdırılması və qlobal enerji təhlükəsizliyinin möhkəmləndirilməsi məqsədilə sıx qarşılıqlı fəaliyyət həyata keçirərək yanacaq-energetika sahəsində, o cümlədən səmərəli infrastruktur layihələrinin cəlb edilməsi də daxil olmaqla neft-qaz yataqlarının kəşfiyyatı və emalı, enerji resurslarının nəqli sahəsində, eləcə də alternativ və bərpa olunan enerji mənbələri və enerji səmərəliliyi sahəsində əməkdaşlığı dərinləşdirmək niyyətindədirlər”.

Bəyannamənin 32-ci bənddə isə Tərəflər atom enerjisindən dinc məqsədlərlə istifadə sahəsində qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi imkanlarını nəzərdə tutulur. Bu o deməkdir ki, Türkiyənin Akkuyu bölgəsindəki Rusiya sərmayəsi ilə tikilən atom elektrik stansiyasının analoqunun Azərbaycanda tikilməsi imkanları nəzərdən keçiriləcəkdir.Qeyd etmək lazımdır ki, Türkiyədə bu stansiyanın sahibi “Rosatom” olacaq.  Bir tərəfdən etibarlı və təhlükəsiz istismarı təmin edəcək, digər tərəfdən isə  kommersiya baxımından daha ucuz başa gələn elektrik enerjisini tədarük edəcək. Həmçinin bu layihə iki ölkə arasında münasibətlərin inkişafının iqtisadi qarantı kimi çıxış edir.
Dəyəri 20 milyard dollar qiymətləndirilən bu layihə çərçivəsində ümumi gücü 4800 MVt olan dörd enerji blokundan ibarət AES tikiləcək. Belə bir gücdə AES-in Azərbaycanda tikilməsi ölkəmizin elektrik enerjisinə olan ehtiyacının ortalama 53%-nı ödəyə bilərdi.

22 fevral 2022-ci il Moskva bəyannaməsinin 35-ci bəndində tərəflərin aqrar-sənaye kompleksi sahəsində və kənd təsərrüfatı məhsulları ilə təsis etmə barədə xüsusi vurğu yer alır.Nəzərə almaq lazımdır ki, Azərbaycanın kənd təsərrüfatı məhsullarına Rusiya bazarında çox böyük ehtiyac vardır.Bu bəyənnamə Rusiyanın  aqrar-sənaye pofilli təşkilatları ilə korporasiya şəklində fəaliyyət göstərməyə imkan verəcək və yeni texnologiyaların kənd təsərrüfatı məhsullarının istehsalına cəlb olunmasınada təkan verəcəkdir.  Rusiya dövləti  ərzaq təhlükəsizliyinin təmin olunması baxımından MDB məkanında maliyyənin birbaşa kənd təsərrüfatı istehsal sahələrinə yönəldilməsində çox maraqlıdırlar.Buda eyni zamanda kənd təsərrüfatı rayonlarımızda son illər su qıtlığının qarşısının alınmasında, hələ sovet dövründə tikilmiş torpaqdan olan su kanallarının beton piltələrli ilə örtülməsində təcrübəsi olan və yeni texnologiyalar tətbiq edən rus şirkətləri ilə birgə əməkdaşlığa zəmin yaradacaqdır.Nəticə etibarı ilə  Azərbaycanda kənd təsərrüfatı məhsullarının ixracı ilə məşğul olan yeni fermer təsərrüfatların yaranmasına pozitiv təsir edəcək və  Rusiyadan aqrar profilli banklardan lizinq kreditlərini əldə etmək imkanı verəcəkdir.

Bütün yuxarıda qeyd olunanlar bir daha onu deməyə əsas verir ki, 22 fevral 2022-ci il tarixli Moskva bəyannaməsi buna qədər olan Rusiya Federasiyası və Azərbaycan Respublikası arasındakı münasibətləri tənzimləyən hüquqi sənədlərin davamıdır və təkmilləşdirilmiş versiyasıdır.

Ona görə də heş bir şübhə yoxdur ki, Moskva bəyannaməsi Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında bərabər hüquqlu və qarşılıqlı faydalı əməkdaşlığın stimullaşdırılmasına və dərinləşməsinə xidmət edəcəkdir.

Lakin çox təəssüf ki, son zamanlar Azərbaycanda bəzi siyasi təhlilçilərin bir çox hallarda yersiz bəyanatlarını çox həvəslə ermənilərin maliyyələşdirdiyi Rusiya saytları tərcümə edərək tirajlayırlar. Bu işdə, xüsusən, birbaşa destruktiv "'Reqnium'' agentliyi və fərdi qaydada Matqarita Simonyan kimiləri daha çox seçilir. Burada da məqsəd Rusiya ictimaiyyətini çaşdıraraq onları anti-Azərbaycan istiqamətində kökləməkdir. Nəticə olaraq belə bir təsəvvür yaratmaq istəyirlər ki, Azərbaycan siyasi camiyyəsində düşünən insanlar və onun cəmiyyəti sanki anti-Rusiya əhval-ruhiyyəsi ilə yaşayır və nifrət meyarları ilə alışıb-yanırlar.

Məqsəd aydındır, bu tip informasiyanı tirajlayan saytlar sübut etməyə çalışırlar ki, Rusiyanın Qafqazda söykənəcək etibarlı tərəfdaşı yalnız Yerevandır və Dağlıq Qarabağda da ermənilərin yerli əhali ilə birgə yaşayı mümkün deyildir. Azərbaycana qarşı dözümsüzlük və inamsızlıq furstrasiyasını formalaşdırmağa çalışırlar. Əlbəttə ki, Rusiyanın siyasi çevrələrində sağlam düşüncəli insanlar heç də vəziyyətin belə olduğunu düşünmürlər. Ancaq təəssüf ki, onların da bəziləri sonradan bu erməni anti-Azərbaycan təbliğatının girovuna çevrilirlər. Heç vaxt yadımdan çıxmaz, 2013-cü ildə Moskva Dövlət Universitetində Slavyan-Türk Birliyi konsepsiyası kitabımın təqdimatından sonra yuxarıda qeyd etdiyim bu tipli saytlar məni və bu tədbiri təşkil edənləri sözün elə hər mənasında ittiham atəşinə tutdular. Hətta tədbirdə iştirak etmiş Rusiya Federasiyası Prezidenti yanında Rusiya Strateji Araşdırmalar İnstitutunun əməkdaşı Yevgeni Baxrevskinin işdən azad edilməsinə də nail oldular. Təəssüf ki, erməni təbliğat maşını bu gün Rusiyada çox güclüdür və Slavyan-Türk Birliyi konsepsiyası onlar üçün soyuq bir duş effekti yaratmışdı, çünki indiyədək əsassız və yersiz təbliğatlarının puça çıxacaqlarını anlamışdılar. Ona görə də var qüvvələri ilə mənə və təşkilatçılara qarşı hücuma keçmişdilər. Hətta bu işə etnik separatizmin ən kəskin ifadəçisi olan bədnam Fəxrəddin Abbaszadəni də qatmışdılar. Ermənipərəst saytların şər-böhtan kampaniyaları sədd-sərhəd bilmirdi. Yaxşı ki, şəxsi münasibətlərimin olduğu, fikir və təhlillərimə hörmət edən bir çox rus ziyalıları mənim müdafiəmə qalxdılar, çünki onlar görürdülər ki, qarşı tərəf faktiki olaraq məni ağlasığmaz ittihamlarla ləkələməyə çalışır. El dili ilə desək, "Arının yuvasına çomaq girmişdi".

Sonda onu da bildirmək istəyirəm ki, əlbəttə, Azərbaycan yerləşdiyi geopolitik coğrafiyada baş verən prosesləri görür. Ona görə də tək Azərbaycan deyil, postsovet məkanındakı dövlətlərin böyük əksəriyyəti Moskva ilə münasibətləri qorumağa çalışır və gərginlik yarada biləcək məsələləri diplomatik yollarla həll edir, prosesləri öz nəzarətində saxlayır, hadisələrin cığırından çıxmasına imkan vermirlər. Ancaq Azərbaycan da regionda özünün geopolitik maraqları olan dövlət kimi tanınır. Məsələn, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin çəkilməsi obrazlı desək, sanki “şirin ağzından şikarını götürmək” kimi bir iş idi. Görün bunu Qazaxıstan, Türkmənistan edə bildimi? Hansı biri bacardı? Həmişə Azərbaycanın özünün müstəsna və milli maraqlarına söykənən siyasəti olub. Bu siyasətin təməlini isə Böyük Öndər Heydər Əliyev qoyub !

Vaxtı ilə dırnaqarası Milyonerlər İttifaqı yaratmışdılar. Hətta heç kimin gözləmədiyi insanlar da orada təmsil olunmuşdu. Əslində bu, kürəkdən sancılmış xəncər idi. Onlar Azərbaycanın daxili siyasətinə, hakimiyyətə iddia etmək həvəsinə düşmüşdülər. Amma nəticə olaraq, bir daha sübut edildi ki, Azərbaycanda siyasi hakimiyyətin mənbəyi xalqdır və etimad göstərilən lider isə cənab prezident İlham Əliyevdir.

Bu gün cənab prezident, Ali Baş Komandan İlham Əliyevin simasında Azərbaycanda milli hakimiyyətimiz, sarsılmaz milli dövlətçiliyimiz var!

Onun həyata keçirdiyi düşünülmüş, davamlı və ardıcıl siyasət isə yalnız Azərbaycan xalqının milli maraqlarına söykənir !

Adıgözəl Məmmədov-Yeni Azərbaycan Partiyasının üzvü, Psixolji portretologiya və siyasi analizlər mərkəzinin rəhbəri.

Müəllif haqqında məlumat :

Adıgözəl Məmmədov ehtiyatda olan zabitdir. 2020-ci ildən Qərbi Kaspi Universitetinin Beynəlxalq münasibətlər kafedrasında çalışır. 2006-cı ildən Azərbaycan Yazılıçılar Birliyinin üzvüdür. 2014-cü ildə Prezident mükafatçısı olmuşdur. Ana dilindən başqa rus və ingilis dillərində sərbəst danışan və yazan müəllif beynəlxalq münasibətlərdə mental və psixoloji faktorlar, Qarabağın tarixi, Qafqaz xalqlarının etnogenezisi, Zaqafqaziya regionunda dəyişmiş çağdaş siyasi reallıq, Azərbaycanın bu məkanda gündən-günə artan nüfuzu, eləcə də milli təhlükəsizlik mövzularında bir sıra elmi araşdırmaların, Azərbaycan və rus dillərində 500 yüzdən çox analitik məqalələrin, şərh və müsahibələrin, eləcə də 14 kitabın müəllifidir, tədqiqatları əsasında 4 sənədli film çəkilmişdir. Onu da qeyd etmək yerinə düşər ki, kitabları dünyanın aparıcı universitetlərinin, Amerikada 101 İndependence Avenue, S.E. Washington, D.C. 205404830 ünvanında yerləşən Konqres Kitabxanasına və tərcüməsi isə “Cambridge Scholars Publishing” nəşriyyatında nəşr olunan 3 cildlik ensiklopediyaya daxil edilmişdir. Xüsusilə Rusiya Prezidenti Yanında Strateji Araşdırmalar İnstitutunun əməkdaşlarının iştirakı ilə hazırlanmış “Qafqaz Liderlərinin Psixoloji Portretləri” kitabı bu gün də dünyanın aparıcı siyasi mərkəzləri üçün xüsusi əhəmiyyət daşımaqdadır.

Müəllifi olduğu  nəşrlər:

1. “Siyasi liderlərin psixoloji portretləri”, “Araz”. Bakı, 2000.

2. “Səudilər Sülaləsi - Geosiyasət”, “El-Alance” (rus dilində). Bakı, 2003.

3. Müəmmər Qəzzafinin psixoloji portreti”, “Zərdabi Nəşr”. Bakı, 2011.

4. “Osmanlının çöküşünə Rusiyadan baxış”, “Elgün”, Bakı, 2012.

5. “Kreml rəhbərlərinin psixoloji portretləri”, “Sada” (rus dilində). Moskva, 2013.

6. “Rusiya lideri V.Putinin psixoloji portreti”, “Gənclik”. Bakı, 2013.

7. “M.C.Bağırov - L.P.Beriya məxfi protokollar”, “Qələm”. Bakı, 2013.

8. “Müasir Rusiya, Türkiyə və Gürcüstan liderlərinin siyasi-psixoloji portretləri”, “RİSİ” (rus dilində). Moskva, 2014.

9. “Slav-Türk-Ari arealının geostrateji imperativləri”, “Gənclik” (rus, türk, fars dillərində). Moskva, 2018.

10. Editor John Andrew Morrouw Contributors Adgezal Memmedov, more- Islam and people of the book critical. Studies on the Covenants of The Prophet. Cambridge Scholars Publishing.01.08.2018.

11. “Şirvanşahlar Azərbaycan dövlətçiliyinin gen yaddaşıdır”, “Zərdabi Nəşr”. Bakı, 2019.

12. “Досье расстреленного руководителя Азербайджана - М.Д.Багиров”. “CBSPP Баку, 2019.

13. Millətçiliyin reinkarnasiyası və psixoloji portretlər”, “Zərdabi Nəşr” (rus dilində). Bakı, 2020.

14.”Vətən müharibəsinə gedən yol – Ali Baş Komandan İlham Əliyev” “Zərdabi Nəşr” (rus və Azərbaycan dillərində). Bakı, 2021.

6.3.6. Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi;

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi tərəfindən onlayn media subyektlərinin (veb-saytların) inkişafı, iqtisadi müstəqilliyinin gücləndirilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, habelə dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsi məqsədilə təşkil edilən müsabiqə çərçivəsində təqdim edilir.

Visiontv.az