Mollalar format olunmalı, yenilənməlidir - Bəybala Mirzəyev
Mollalar format olunmalı, yenilənməlidir - Bəybala Mirzəyev
03.05.2021 Bəybala Mirzəyev Tərəfindən

İdeal molla niyə yoxdur?

İllər öncə orucluq günlərindən birində ustad Bəxtiyar Vahabzadə ilə görüşümüzdə mollalardan söhbət düşdü, Bəxtiyar müəllim mollalardan narazılığını dilə gətirdi. Bu zaman mən ona belə bir sual verdim ki, Ustad, bəs siz yazarlar, şairlər nə üçün cəmiyyətə ideal molla obrazının təqdim olunduğu romanlar, poemalar, pyeslər yazmırsınız?

Bəxtiyar müəllim dərindən köks ötürdü və dedi ki, ay oğul, sən mənim yaralı yerimə toxundun, ömür vəfa eləsə yazacam.
Ömür vəfa etmədi və o pyes, o poema da yazılmadı. Ancaq problem isə elə əvvəlki kimi yerində durur. Söhbət molla problemindən gedir.

Bu günləri cəmiyyətimizdə yaxşı molla ilə qarşılaşmaq böyük bir müşkülə çevrilib. Daha doğrusu, bu problem çoxdandır ki, var. Sovet (ateist) rejimi molla zümrəsini o dərəcədə sındırıb eybəcərləşdirdi ki, nəticədə tamamilə cəmiyyətin gözündən düşən mollalar hələ də öz bərbad olmuş imiclərini düzəldə və xalq sevgisini qazana bilmirlər.

Əksinə, müstəqillik illərində İrandan, Səudiyyə Ərəbistanından, Küveytdən, Misirdən, Türkiyədən gələn cürbəcür əllamələr, şeyxlər, müctəhidlər, xocalar onsuz da insanlarımızda qıcıq doğuran ruhani obrazını büsbütün yerlə bir etdilər.

Və sözügedən ruhanilərin (mollaların, axundların, şeyxlərin, dırnaqarası "seyyid"lərin) mənəvi-əxlaqi terroru bu gün də davam edir. Bir sıra din adamlarının adı falçılıqda, narkotik alverində hallanır. Xanım müğənniləri "saxlamaq"la ad çıxarmış "həci"lər də dinimizi gözdən salmağa, ümumiyyətlə, cəmiyyətdə dindarlar haqda pis təsəvvürlər formalaşdırmağa davam edirlər.

Hələ mən hicaba bürünüb evlərin yarılmasına, soyğunçuluğa girişən fırıldaqçı qadınlardan, xarici ölkələrin terror dəstələrinə qatılıb adımızı batıran fanatiklərdən danışmıram.

Bir sözlə, sanki hansısa gizli qüvvələr sözü bir yerə qoyub, insanlarımızda İslam dininə qarşı ikrah hissi yaratmaq üçün bütün vasitələri işə salıblar və "dindar, "ruhani" qiyafəsinə bürünmüş bütün yaramaz ünsürləri aktivləşdiriblər.

Həmin bu yaramaz ünsürlər də ən murdar əməllərə imza atıb cəmiyyəti şoka salmağa davam edirlər. Lerikdəki tanınmış din xadimlərindən biri Murad Əsgərovun Vətən Müharibəsi qəhrəmanlarından birinin anasına - 1981-ci il təvəllüdlü Zəkifə Feyruz qızı Fərziyevaya qarşı törətdiyi binamus əməl və qətl də bu qəbildəndir.

Beləliklə, bir mollanın nəfsi və alçaqlığı üzündən həm bir insanımız həyatını itirdi, həm üç uşaq anasız qaldı, həm dəyərlərimizə qəsd olundu, həm də İslam dini növbəti zərbəni aldı.

Bu hadisə hamımızı sarsıdıb.

Hamı şokdadır.

İnsanlarımız dırnaqarası, üz qarası "molla"lara qarşı çox qəzəblidirlər.

Molla sinfinə və silkinə əl gəzdirilməlidir. Ruhanilər arasında böyük ələnmə, təmizləmə işləri aparılmalıdır.

Müstəqil ölkənin milli ruhani obrazının meyarları, kriterləri, ölçüləri müəyyənləşdirilməlidir. Mollalar format olunmalıdır, yenilənməlidir.

Molla obrazı keyfiyyətcə dəyişməlidir.

Bu istiqamətdə proqramlar həyata keçirilməlidir. Xüsusi maarifləndirmə işləri aparılmalıdır.

Bir sözlə, cəmiyyətə ətəyində namaz qıla biləcəyimiz yeni Molla (alim, övliya) obrazları təqdim olunmalıdır. Cəmiyyətin inam yeri, güvənc ünvanı olan yeni mollalar (yeni şəxsiyyətlər) hazırlanmalı, araya-ərsəyə gətirilməlidir.

Dəyərlərimizi terrora məruz qoyan geydirmə "molla"cıqlar isə ən ağır cəzaya (ömürlük həbs cəzasına) məhkum edilməli, cəmiyyətdən həmişəlik təcrid olunmalıdırlar.

Visiontv.az