MM Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Qlobal Qadınlar Sammitində görüşlər keçirib
MM Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Qlobal Qadınlar Sammitində görüşlər keçirib
09.05.2023 Qənirə Paşayeva Tərəfindən

MM Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Qlobal Qadınlar Sammitində Kamerunun Ailə, Qadın və İnkişaf məsələləri üzrə naziri Marie-Therese Abena Ondoanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Kamerunlu nazirlə Qlobal Qadınlar Sammitində öncəki illərdə keçirdiyi görüşləri xatırladan Q.Paşayeva, yenidən görüşdən məmnunluğunu ifadə edib.

Komitə sədri Kamerunlu nazirlə görüşdə Azərbaycan qadınlarının cəmiyyətdə rolunun artırılması istiqamətində görülən işlər, müvafiq dövlət siyasəti haqqında danışıb.

Görüşdə qarşılıqlı maraq doğuran bir sıra mövzular ətrafında fikir mübadiləsi olub.

Q.Paşayeva Azərbaycanın 44 günlük müharibədəki Zəfərinin regionda yeni reallıqlar yaratdığını vurğulayıb. Azərbaycan həqiqətləri, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında 30 ilə yaxın müddətdə törətmiş olduğu vandalizm aktları ilə bağlı yeni faktların üzə çıxdığını bildirib. Bir hissəsi qadınlara, uşaqlara aid olan skletlərin tapıldığı toplu məzarlıqların aşkar edildiyini bildirən Komitə sədri Qarabağda azadlıqdan abadlığa, erməni işğalçılığından azərbaycanlı quruculuğuna, bir sözlə, vandallıqdan mədəniyyətə keçid dönəmində görülən işlərdən söz açıb.

Q.Paşayeva 1 milyon azərbaycanlının, o cümlədən 100 minlərlə azərbaycanlı qadın və uşağın Ermənistanın işğalı nəticəsində öz yurd-yuvalarından qaçqın və məcburi köçkün düşməsi, onların fundamental insan haqlarının pozulmasının indi də minalar üzündən davam etdiyini bildirib: “Qadınlarımızın, uşaqlarımızın, ümumən qaçqın və məcburi köçkünlərin hüquqları Ermənistan tərəfindən bu gün də pozulmaqda davam edir. Rəsmi İrəvan yüz minlərlə azərbaycanlı qaçqın və məcburi köçkünün öz torpaqlarına mümkün olduğunca gec qayıtması yaxud qayıda bilməməsi üçün onların evlərini sökməsi yetmirmiş kimi, bir də, müxtəlif əarzilərə çoxsaylı minalar basdırıb”.

Q.Paşayeva Ermənistanın qeyri-insani addımları nəticəsində Azərbaycanlı qadınların və onların ailə üzvlərinin öz ev-eşiyinə dönə bilməməsini faktlarla sadalayıb. O deyib ki, dünyanın harasında yaşamasından asılı olmayaraq bütün qadınlar, özəlliklə beynəlxalq aləmdə nüfuz sahibi olan qadınlar bu kimi vandalizm aktlarına laqeyd qalmamalı və buna qarşı öz etiraz səsini ucaltmalıdır.
Komitə sədri Ermənistanın 30 ilə yaxın işğal altda saxladığı Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktlarını, azərbaycanlılara xas tarixi-mədəni, dini abidələri, qəbristanlıqları məhv etməsini özündə əks etdirən “Azərbaycan həqiqətləri” sənədli filmlər toplusunu, digər materialları xanım nazirə təqdim edib.

Q.Paşayeva Marie-Therese Abena Ondoaya Azərbaycan mədəniyyətini özündə əks etdirən xatirə hədiyyəsi bağışlayıb.

Visiontv.az