MM-də azad olunmuş ərazilərdə bələdiyyələrə dair dinləmə keçirilməsi təklif olunub
18.01.2022

Yanvarın 18-də Milli Məclisin Regional məsələlər komitəsinin 2022-ci ilin yaz sessiyasında ilk iclası keçirilib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Visiontv.az-a verilən məlumata görə, komitə sədri Siyavuş Novruzov iclasın gündəliyi barədə məlumat verib. Bildirilib ki, iclasın gündəliyinə Milli Məclisin 2021-ci ilin payız sessiyası dövründə Regional məsələlər komitəsində görülən işlər barədə hesabat və Milli Məclisin Regional məsələlər komitəsinin 2022-ci ilin yaz sessiyası üçün iş planı daxil olmaqla 2 məsələnin müzakirəsi çıxarılıb.

omitə sədri Regional məsələlər komitəsinin 2022-ci ilin yaz sessiyası üçün iş planını təqdim edib. Komitə sədri qarşıdakı sessiyada komitəyə daxil olan qanun layihələrinin müzakirəsi ilə yanaşı, aidiyyəti qurumların, yerli idarəetmə orqanlarının nümayəndələrinin iştirakı ilə dinləmələrin keçirilməsi kimi məsələlərin nəzərdə tutulması barədə məlumat verib.

İclasda komitə üzvləri regionların inkişafı, yerli üzünü idarəetmə orqanlarının mövcud vəziyyəti və gələcək perspektivləri, işğaldan azad olunmuş ərazilərdə bələdiyyələrin yaradılması, bu istiqamətdə payız sessiyası dövründə dinləmələrin və müzakirələrin təşkili kimi məsələlərlə bağlı fikirlərini səsləndiriblər, rəy və təkliflərini irəli sürüblər.

Müzakirələrin sonunda Regional məsələlər komitəsinin Milli Məclisin 2021-ci ilin payız sessiyası dövründə gördüyü işlərlə bağlı hesabatı və 2022-ci ilin yaz sessiyasında iş planı təsdiqlənib.

İclasda Regional məsələlər komitəsinin üzvü Əliabbas Salahzadə və digər rəsmi şəxslər də iştirak ediblər.