Milli Məclisin sədri Sahibə Qafarovanın Moskvaya səfərini yüksək qiymətləndirərəm-deputat Qüdrət Həsənquliyev
25.09.2020

Milli Məclisin sədri Sahibə Qafarovanın Moskvaya səfərini çox yüksək qiymətləndirirəm. Rusiya bizim böyük qonşumuzdur və bizim iki milyona qədər soydaşımız orada yaşayır.

Bundan başqa, həmişə hesab etmişəm ki, böyük qanlarsız Qarabağ probleminin həlli daha çox Rusiyadan asılıdır. Ona görə də bağlı qapılar arxasında Rusiya ilə bu istiqamətdə danışıqlar aparılmasının tərəfdarı olmuşam. Mətbuata verilmiş açıqlamalardan belə anlamaq olar ki, Rusiya rəhbərliyi Paşinyanın siyasətindən narazıdır. Xüsusilə Dövlət Dumasının sədri Vyaçeslav Volodinin “Paşinyanın Dağlıq Qarabağla bağlı fikirləri haqlı narahatlıq yaradır və sülh prosesinə töhfə vermir” deməsi çox əhəmiyyətlidir.

Sahibə xanıma Federasiya Şurasında senatorlar qarşısında çıxış etmək imkanının yaradılması və onun milli maraqlara cavab verən yüksək səviyyəli çıxışı, Valentina Matviyenkonun bu səfəri əməkdaşlığın gələcəyinə dair müzakirələr üçün gözəl fürsət adlandırması, Azərbaycanın ərazi bütövlüyünün Rusiya tərəfindən tanınması və Azərbaycana strateji tərəfdaş kimi önəm verilməsinin xüsusi vurğulanması diqqətəlayiq məqamlardır. Ümid edirəm bağlı qapılar arxasınada ciddi müzakirələr aparılmışdır. Ölkəmizin ərazi bütövlüyünün bərpası üçün belə danışıqları vacib sayıram.Əgər bu danışıqların nəticəsi olmayacaqsa, Rusiya Ermənistana münaqişənin beynəlxalq hüquqa uyğun həlli üçün təzyiq etməyəcəksə Azərbaycan neytrallıq siyasətindən imtina etməli, Türkiyə ilə qarşılıqlı hərbi yardım haqqında saziş imzalamalı və Azərbaycanda Türkiyənin hərbi bazaları yaradılmalıdır.

Visiontv.az