Milləti sevməyin yolunu bilən Qənirə xanım
Milləti sevməyin yolunu bilən Qənirə xanım
07.03.2022 Şöhrət El-Dəniz Tərəfindən

44 günlük savaşda bizim visiontv.az saytının əməkdaşı Vətən müharibəsindən sağ-salamat geri dönmüşdü. Qənirə xanımla danışdım ki, uşaq yaxşı döyüşüb, hətta yaralanıb. Həm də fanatınızdı, sizinlə görüşə can atır. Əməkdaşımız aktiv Feysbuk istifadəçisidir deyə Qənirə xanımın fəaliyyətini yaxından izləyir. Ona görə mənə dedi ki, Qənirə xanımın statuslarını izləyirəm, demək olar ki, Vətən müharibəsində iştirak edən, yaralanan əsgər və zabitlərin əksəriyyəti ilə görüşür. Mən də imkan olsaydı görüşərdim. Hər halda əməkdaşımızda bu təəssürat yaranmışdı. Və Qənirə xanımla görüşə can atırdı. Bunu Qənirə xanıma dedim və yanına getdik. Təbii əsgərə, döyüşçüyə layiq qəbul etdi, hədiyyə saat, komitənin adından təşəkkürnamə verdi. Və bizim əməkdaş əsgərin könlünü xoş etdi. Sözümü nəyə gətirirəm.

Mən jurnalist, köhnə həmkar kimi arada Qənirə xanımla görüşürəm, tədbirlərində iştirak edirəm. Yəni Qənirə xanımı həmkar olandan tanıyıram deyə həm də media nümayəndəsi kimi söhbət edirik. Amma indi yazacaqlarım onun deputat kimi fəaliyyətinə aiddir.

Bu xanımın deputat kimi iş rejimini görsəniz inandırım sizi havalanarsınız. Bu qədər gərgin iş rejiminə necə dözür, necə vaxt edib çatdırır məətəl qalıram. Hərçənd həmkar kimi ANS-də işləyəndə də bu cür aktiv fəaliyyəti varıydı. Mən onun işini Tehranda keçirilən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının toplantısına gedəndə görmüşəm. Rəhmətlik milli lider Heydər Əliyevlə bir yerdə getmişdik. Qənirə xanım ANS-dən, mən isə SPACE-dən müxbir kimi prezidenti müşahidə edirdik. Bu qız Tehranda 5 dəqiqə rahat durmadı. Tədbirə fərqli ölkələrdən 9 prezident gəlmişdi. Demək olar ki, hamısından müsahibə götürdü. 

Sözümü indiyə, deputatlıq dövrünə və fəaliyyətinə qaytarıram.

Adətən vaxtını almamaq üçün 15-20 dəqiqəyə görüşün başa çatmasına çalışıram. Amma bu 15-20 dəqiqə ərzində Qənirə xanım mənimlə söhbət edə-edə yardıma gələn, zəng vuran, məktub yazan ən azı 4-5 nəfərin işini həll edir. Qəbulunda isə görüşə gələnlərin ardı kəsilmir. Problemlərini deməyə gələndən tutmuş, incəsənət, mədəniyyət, elm, media nümayəndələrinə qədər heç kimi diqqətdən kənarda saxlamır. Onun qəbul otağı elə bil Milli Məclisin Mədəniyyət komitəsi yox, Mədəniyyət Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Müdafiə Nazirliyi, Gənclər və İdman Nazirliyidir. Hamısının rəhbərlərini bir yerdə götürsən bir həftə qəbul etdikləri insanları Qənirə xanım bir günə qəbul edir. Hələ üstəlik 90 faizinin problemini həll edə bilir. Halbuki onun seçicisi deyil, bəzən isə ümumiyyətlə ona dəxli olmayan məsələlər olur. Amma Qənirə xanım vətəndaşı qəbul edir və problemini həll etməyə çalışır.  Milli Məclisin iclaslarında etdiyi çıxışlardan isə danışmağa ehtiyac duymuram.  Hamınız efirlərdən görübsünüz. Qənirə xanımla işləyən dostumuz şair Əkbər Qoşalıdan soruşuram ki, bu həngamə hər gün bu cür davam edir. Heç olmasa 7-ə kimi bitirib dincələ bilirsiniz. Deyir səhər saat 8-dən gecə saat 1-2-ə kimi bu vəziyyətdəyik. 

Nəyi demək istəyirəm. Qənirə xanım Paşayeva kimi vicdanla işləyən 20-cə deputatımız, nazirimiz, məmurumuz olsa inandırım sizi Azərbaycanda həyat heç kim üçün boz rəngdə olmaz. 

Bu yazını həm də həmkarım, telejurnalist Qənirə xanımın ad günü olduğu üçün yazdım. Millətini sevməyin yolunu bilən xanımın doğum günü mübarək

Şöhrət El-Dəniz