Millətçi, faşist jurnalist...
Millətçi, faşist jurnalist...
13.12.2021 Bəybala Mirzəyev Tərəfindən

Fransa prezidentliyinə namizəd olacağını açıqlayan bu şizofren kimdir?

Bəzilərinin "Fransanın Hitleri", digərlərinin isə "fransızsayağı Tramp" adlandırdığı bu qatı islamofob haqqında ilkin təqdimatı gəlin onun öz dilindən eşidək: "Fransanın tanınmış radikal sağçı jurnalisti, yazıçı, keçmiş televiziya şərhçisi Erik Zemmur gələn ilin aprelində ölkədə keçiriləcək prezident seçkilərində iştirak edəcək".

Erik Zemmur Tvitter hesabında paylaşdığı on dəqiqəllik videomüraciətində öz kimliyini belə açıqlayıb.

Bu adam İslama, müsəlmanlara (ərəblərə, türklərə, Afrikadan gələnlərə və s.) açıq-aşkar nifrət bəslədiyini nümayiş etdirir.

E.Zemmur artıq əvvəlki Fransadan əsər-əlamət qalmadığını deyir və ölkəsinin miqrantlar dalğasında boğulduğunu bildirir.
Onun fikirlərindən sitatlar:

"Mən övladlarımızın və nəvələrimizin barbarlığa düçar olmaması, qızlarımızın başörtülü gəzməmələri, onların Fransanı bizdən əcdadlarımızın bildiyi şəkildə təhvil almaları naminə prezident seçkilərində iştirak etmək qərarını verdim".

"Artıq ölkəmiz Qərb dəyərləri ilə bir araya sığmayan İslamın təsiri altında kimliyini itirmək təhlükəsilə üz-üzə qalıb".

"Arklı Joan və XIV Luinin Fransası, Notr Dam və kənd kilsələri ölkəsi artıq yox olur".

"Siz fransızlar öz ölkənizdə özünüzü əcnəbi kimi hiss edirsiniz".

"Əlbəttə, miqrantlar bütün problemlərimizin səbəbi deyil, amma hamısını daha da ağırlaşdırır”.

Zemmur bütün miqrantların ölkədən deport olunmasını istəyir. O, "Fransa fransızlar üçündür!" şüarı ilə çıxış edir.

Bu yeni fransız millətçisi prezident seçiləcəyi təqdirdə Fransanı NATO üzvlüyündən və Avropa Birliyindən çıxaracağını bildirir. O deyir ki, bu yolla ölkənin suverenliyini Avropa texnokratları və yəhudilərindən xilas edəcək. Hərçənd ki, onun özünün də yəhudi əsilli fransız olduğunu deyirlər.

Son illərdə E.Zemmura qarşı iki dəfə ədavət salmaq və ayrı-seçkiliyi təşviq etmək ittihamı irəli sürülüb. Lakin Zemmur öz irqçi, nasist fikirlərindən geri çəkilməyə hazırlaşmır.

63 yaşlı bu yazıçı-jurnalist Fransanın müsəlmanlar tərəfindən zəbt olunması mövzusunda yazdığı kitabları ilə tanınır və bu günlərdə seçkilərə hazırlıq məqsədilə "Rekonkista" adlı hərəkat yaradıb.
Ada fikir verdinizmi?

Zemmur bu adı bir neçə əsr bundan öncə müsəlmanların İspaniyadan (Kordovadan, Əndəlusdan və b. şəhərlərdən) qovulması, məscidlərin kilsələrə çevrilməsi, müsəlmanların zorla xristianlaşdırılması ilə nəticələnən qanlı hərəkatın adından götürüb.
O, özünü yeni Rekonkistaçı adlandırır və bu adda partiya yaradacağını da bildirir.

Bir sözlə, Fransada yeni Səlibçilik, orta əsr İslam düşmənçiliyi baş qaldırır. Zemmur miqrantların Fransanı geriliyə, barbarlığa sürüklədiyini iddia etsə də, ancaq onun özünün irqçi ideyaları və yaratdığı hərəkat Fransanı 12-13-cü əsrlərdəki "Səlib yürüşləri" dövrünə sürükləyir.

Yeri gəlmişkən, etnik fransızlar arasında onun müsəlmanlara qarşı  qərəzli münasibətinə etiraz edənlər olsa da, lakin onun qatı, radikal islamofob fikirlərini dəstəkləyən fransızların sayı daha çoxdur.

Məhz bunun nəticəsidir ki, bu adam son günlər Fransada sürətlə populyarlıq qazanmağa başlayıb. Onun çıxışlarından sonra dünən Fransada bir müsəlman məzarlığı dağıdılıb.

Hadisə Fransanın şimal-şərqində yerləşən Muluz şəhərində baş verib.

Bələdiyyə sədri Mişel Lutz və Fransa İslam Şurası müsəlman məzarlarına olunan hücumu pisləyib. Polis hadisə ilə bağlı araşdırmalara başlayıb. Amma günahkarların tapılıb cəzalandırılacağı o qədər də inandırıcı görünmür.

Qeyd edək ki, digər xristian ölkələrində və hətta Rusiyada da Zemmura rəğbət bəsləyən, onun fikirlərinə dəstək nümayiş etdirən insanlar çoxdur.

Dünya müsəlmanları isə Zemmurun anti-İslam fikirlərinin əleyhinə çıxaraq, Fransanı uzun əsrlər boyu müsəlman ölkələrinə qarşı müstəmləkəçilik siyasəti yürütməkdə, həmin ölkələrin sərvətlərini talan etməkdə ittiham edirlər.

Xatırladaq ki, Fransada növbəti prezident seçkiləri 2022-ci il aprelin 10-da və 24-də iki turdan ibarət keçiriləcək.

Ən real namizədlərdən biri də Erik Zemmurdur.

O, prezident seçilə bilərmi?

Bilər.

Bəlkə də bu Fransa üçün də, İslam aləmi üçün də, Qərb sivilizasiyası üçün də daha məqsədəuyğundur.

Çünki Zemmur seçilərsə, artıq Qərbin üzündən bütün maskalar düşmüş olacaq. Demokratiya, tolerantlıq, multikulturalizm kimi nağılların ömrü sona çatacaq. Üllüziyalar bitəcək...

Və beləliklə, Şərqlə Qərb çılpaq həqiqətlər şəraitində, real rejimdə yaşamağa başlayacaq...

Bəybala Mirzəyev

Visiontv.az