Mətbuatda reketçilik özünün informatorları, ciddi pul dövriyyəsi olan bütöv bir orqanizmdir - Şöhrət El-Dəniz
Mətbuatda reketçilik özünün informatorları, ciddi pul dövriyyəsi olan bütöv bir orqanizmdir - Şöhrət El-Dəniz
09.07.2021 Şöhrət El-Dəniz Tərəfindən

"Məşədi İbad" filmində bir epizod var. Məşədi İbad evlənmək istədiyi bəy qızını Sərvərlə bir yerdə tutur və divarın çöl üzündə qaldığına görə heç nə edə bilmir. Problemi həll etmək üçün "dostlara" müraciət edir. Dostları da bir-birilərinə qaş-göz edərək növbəynən Məşədidən pul alırlar. Ki, bəs biz bəyi və qızını öz qəzetəmizdə biyabır edəcəyik.

Niyə bu epizodu xatırlatdım? İndi izah edəcəyəm. Hamımız mətbuatdakı reketçiliklə mübarizədən danışırıq. Amma heç vaxt səbəbdən və tətbiq edilən mexanizmlərdən danışmırıq. Həmişə nəticə görəndə hay-küy salırıq. Ona görə bəzi səbəblər barədə deyim bilin.

Əslində mətbuatda reketçilik böyük və bütöv bir sistemdir. Özünün informatorları, ciddi pul dövriyyəsi olan orqanizmdır. Və 15 ildir bu sistem peşəkar formaya salınıb. Bu sistemdə tətbiq olunan 3 “priyom” barədə məlumat vermək istəyirəm.

1. Hədəf seçib, şantaj etdikləri şəxsdən pul qopartmazdan əvvəl Məşədi İbad filmində olduğu kimi bir-birilərinə “navodka” verib, mətbuatda qaş-göz oynadanlar. Məsələn.

Biri hansısa yolla kimdənsə pul alırsa, dərhal mətbuatdakı bütün dostlarına “navodka” verir ki, o şəxsi bu cür şantaj etsən pul qoparacan. Hələ özü aldığı puldan əlavə “navodka” verdiyindən də “dolya” alır.

2. Bir qism də özünü guya normal, peşəkar mətbuat nümayəndəsi sayır. Hər yerdə o cür qəbul olunur. Sözü hər yerdə keçir. Bütün günü efirlərdə. Yuxarı başda otuzdurulur. Elə yuxarı başda oturduğuna görə də şantaj edə biləcək məlumatlar əldə edə bilir. Amma dediyim kimi özünü elə göstərir ki, guya bu “aydan arı, sudan durudur”. Reketçiliklə məşğul olmur, əksinə mübarizə aparır, tənqid edir. Amma əlinin altında başqasının adına 3-4 sayt və reket jurnalistlər ordusu saxlayır. Əldə etdiyi məlumatları dərhal ötürür onlara.

Və hədəfə alınan bədbəxtin “sağılma” prosesinə start verilir.

3. Digər bir variant. Bəzi dövlət qurumlarında işləyən məmurlarla ciddi iş birliyinə gedirlər. Onlar bunlara vurmaq istədikləri məmur haqqında informasiya verir. Bunlar da həmən informasiyadan bəhrələnib, şantaj yolu ilə pul qazanırlar. Bununla da hər iki tərəf razı qalır.

Bəli bu cür qəliz bir sistem qurub pul qazanırlar. Arada bir ifşa olunanlar isə bu sistemin ən zəifləri və tupoylarıdır. Yeni başlayanları, krişası olmayanlar da demək olar. Əjdahalara isə yaxın düşmək mümkün deyil. Hər halda illərdir bunun sübutunu görürük.

Digər tərəfdən mətbuatda reklam bazarı deyib haray salırıq. Ki, bu bazarı şəffaf edin, dolanaq. Və yaxud deyirik ki, Azərbaycan da niyə mətbuata ayrılan reklam pulları bu qədər azdır. Bəli azdır. Amma yaradılan bu cür reket sistemindən milyonlarla manat pul qazanılır.

Deməyim odur ki, mübarizə aparılırsa ardıcıl, sistemli və köklü aparılmalıdır. Ələ keçən 2-3 yetim reket jurnalisti qabağımıza qoyub söyməklə iş bitmir. Bu sistemi peşəkar yaradıblar. Yuxarıda yazdığım kimi 15 ildir kök atıb. Və saat mexanizmi kimi işləyir. Ona görə əvvəlcə bu sistemi yerli dibli məhv etmək, kökündən qazımaq lazımdır. Və ilk növbədə bu işə Azərbaycan Nəşriyyatından başlamaq lazımdır.

Visiontv.az