Mənim təşəbbüslərimi aidiyyatı qurumlar görməzdən gəlir: Düşünürlər ki məmurlar daha ağıllıdır nəinki sosioloqlar
Mənim təşəbbüslərimi aidiyyatı qurumlar görməzdən gəlir: Düşünürlər ki məmurlar daha ağıllıdır nəinki sosioloqlar
25.11.2022 MEDİA Tərəfindən

Sosiologiya hər bir cəmiyyət üçün mühüm sahələrdən biridir. Bu istiqamətdə çox ciddi addımların atılmasına hər zaman ehtiyac var. Bu mövzu ətrafında Visiontv.az saytının müsahibi sosioloq, iqtisad elmləri doktoru Əhməd Qəşəmoğludur. Müsahibəni sizə təqdim edirik:

- Sosiologiya nə əldə eləməyə çalışır? Məsələn, bir sosioloq kimi  sizin cəmiyyətin problemlərinə təsir etmək gücünüz nə dərəcədir?

- Sosiologiya elmi tarixi zərurətdən yaranıb. 19 – cu əsrin əvvəllərində Fransada bir çox inqilablar baş verirdi.  Əhali yeni həyata can atırdı. Amma insanların arzusu ürəyində qalırdı. Bir sıra alimlər, o cümlədən Sem Simon olmaqla onlar pozitiv Sosiologiyanı düşündülər və yaratdılar. Baxmayaraq ki, Sosiologiyanın tarixi qədimdir və Şərqdən başlayır.  Suala cavab olaraq qeyd etmək istərdim ki, indiki Tibb elmi nə əldə etməyə çalışırsa Sosiologiya da ona çalışır. Sosiologiya cəmiyyətin problemlərini həll etməyə çalışan bir sahədir. İnsanların səhhəti üçün Tibbi elmi nə qədər əhəmiyyətlidirsə cəmiyyətin ahəngdar inkişafı üçün də Sosiologiya o dərəcədə lazımdır. Təəssüf ki, ölkəmizdə hələ ki, buna lazımi qiymət verilmir. Cəmiyyət mürəkkəbləşdikcə bu elmə tələbat bir az da artır. Mən bir sosioloq kimi cəmiyyətin problemlərinə müəyyən dərəcədə təsir edirəm. Çünki mən ölkədəki sosial problemlərin həlli ilə bağl təkliflər verirəm. Lakin mənim təsir dairəm mətbuatdan o yana keçmir. Mənim təşəbbüslərimi aidiyyatı qurumlar görməzdən gəlir. Düşünürlər ki məmurlar daha ağıllıdır nəinki sosioloqlar. Cəmiyyətin inşaatçısı sosioloqdur. Hələlik ölkədə bu sahədə proses belədir.

-Bəzi sosial müavinətlər dayandırıldı, pensiya yaşı  artırılıdı. Sizcə, bu addımlar nə dərəcədə doğrudur?

-Sosial müavinətlərin dayandırılması, pensiya yaşının artırılması xoşagələn hal deyil. Bu onun nəticəsidir ki, bizim iqtisadçılarımız ölkədə arzu olunan səviyyədə fəaliyyət göstərmir. Ölkəmizdə elə iqtisadi mexanizmlər qurulmalı idi ki, işləyən əhalinin sayı çox olsun. Belə olan halda ölkədə vergi ödəyicilərinin də sayı çox olur. Nəticədə də sosial müavinətlər, pensiyaların verilməsində problemlər olmur. Bu sahədə problemlərimiz çoxdur. Misal üçün Aqrar sektorda, bu sahəylə bağlı xeyli işlər görmək olar. Hər zaman bir misal çəkirəm. Qeyd edirəm ki, biz Mersedesi Mersedes kimi istehsal edə bilmirik. Amma biz adi bir yerli brend kimi şirniyyatlar da istehsal edə bilirikmi? Misal üçün Türkiyənin bu sahədə brend şirniyyat adları var. Bir çox məhsulların xaricdən gəlməyinə ehtiyac yoxdur. Baxmayaraq ki, ölkə başçımız da bu istiqamətdə mütəxəssislərə çağırışlar edir. Lakin mütəxəssislərimiz bu çağırışları lazımınca qiymətləndirə bilmir. 

-Azərbaycanın sosial problemlərinə mental dəyərlərimizin təsiri barədə nə deyə bilərsiniz?

-Mental dəyərlərimiz sosial problemlərin həllində mühüm rol oynayır. Amma biz mentalitetimizi dəyişmək üçün vacib işləri görmürük. Təbii ki, mental xüsusiyyətlərimizin içərisində dünya üçün nümunə ola biləcək dəyərlərimiz var. Lakin bununla belə arzu olunmayan tərəfləri də var. Misal üçün deyim ki,  teleserialların yayımını psixoloqlar düşünüblər. Çünki bunlar ona görədir ki, ölkədə müəyyən o mentalitetə dəyişiklik olsun. Çünki bir iki seriyalı filmlərlə təsir etmək çətin olur. Lakin 200 seriyalı bir film əhalinin mental xüsusiyyətlərini müəyyən istiqamətdə dəyişə bilər. Amma bizim teleserial müəllifləri bu məsələyə o qədər də əhəmiyyət vermir. Hər bir teleserial yaradan komandanın yanında çox ciddi psixoloqlar və sosioloqlar olmalıdır ki, lazımı məsləhətlər versinlər. Bu sahədə çox ciddi düşünülmüş, təhlil olunmuş fəaliyyət proqramları lazımdır və mütləqdir.

Bünyamin Bünyadzadə
Visiontv.az