Məncə, "rüşvət" və "hörmət"in əsas fərqi budur-yazıçı Nadir Qocabəyli
01.08.2020

Rüşvət - dövlət məmurunun vəzifəsindən istifadə edərək hər hansı işi aşırmaq, düzüb-qoşmaq, yerinə yetirmək üçün tələb etdiyi və aldığı məbləğ, pul, hədiyyə, xidmətdir.

Hörmət də dövlət məmurunun vəzifəsindən istifadə edərək hər hansı işi aşırması, düzüb-qoşması, yerinə yetirməsi müqabilində aldığı məbləğ, pul, hədiyyə, xidmətdir. Ancaq bu zaman o heç nə tələb eləmir. Sadəcə, işi həll olunan şəxs minnətdarlıq əlaməti olaraq ona müəyyən məbləğdə pul, hədiyyə, pay verir, yaxud hər hansı xidmət göstərir...

Məsələn, bir var ki, sizdən məktəb direktoru olmaq üçün 20 min manat tələb olunur. Bir də var sizi məktəb direktoru təyin edirlər və siz də minnətdarlıq əlaməti olaraq təhsil şöbəsinin müdirinə ilk maaşınızdan yaxşı bir telefon, yaxud saat alıb bağışlayırsınız. Ya da elə 500 manat paketə qoyub ona verirsiniz. O, pulu götürmək "istəmir", "ayıb şeydir" deyir, ancaq siz "zorla" da olsa, bunu ona verirsiniz...

Sovet vaxtı belə şeylər çox olub. Elə rüşvətin "hörmət" forması da bundan yaranıb. Yadımdadır, mənim atam heç kəsdən rüşvət tələb etməzdi, amma "hörmət" qəbul edirdi. Yoxsa təkcə maaşla yaşamaq mümkün deyildi. Ancaq maaşın ümidinə qalsaydıq, acından ölərdik. Atamın vəzifəsi küçüidiləndən sonra sonra məhz belə də oldu. Yalnız maaşın ümidinə qalan ailəmiz çox ağır günlər yaşadı və firavanlığımıza əbədi son qoyuldu. 40 ildir, özümüzə gələ bilmirik...