Məmurların Abşeronda Şuşa attestasiyası...- Əkbər Qoşalı
Məmurların Abşeronda Şuşa attestasiyası...- Əkbər Qoşalı
05.02.2021 Əkbər Qoşalı Tərəfindən

Azərbaycan Prezidenti 21-ci yüzilin 21-ci ilinin 2-ci ayının 1-ci günündə əlifba sırasında birinci gələn rayonumuzda səfərdə oldu, bir sıra sosial obyektlərin açılışında iştirak etdi, tarixi nitq söylədi, dövlət televiziyasına müsahibə verdi. Abşeron səfəri Prezidentin bu il ölkə içi ikinci səfəridir. Prezident öncə işğaldan azad edilmiş Şuşaya səfər etmişdi. İstər Şuşada, istər Abşeronda verilən ismarıclar əsasən eyni hədəfli, eyni istiqamətliydi. Abşeronda da sözün zirvəsi Şuşaydı, Qarabağdı, Azərbaycandı; Şuşada da sözün zirvəsi Qarabağdı, Azərbaycandı.

Müzəffər Ordumuzun parlaq qələbəsi yeni müstəvi, yeni ortam yaradıb. Və ölkə başçısı bu yenilikləri ümumölkə, ümumxalq maraqlarına yönəldir, ölkənin çiçəklənməsinə yönəldir, xalqı yeni uğurlara səfərbər edir. Bugünkü Şuşa deyilişindən, Şuşa çağırışından bir də ötən ilin bu vaxtlarındakı Şuşa rahatsızlığımıza ayna tutaq. Keçmiş olsun o illər, o rahatsızlıqlar. Ötən il bu vaxtlar qondarma rejim qondarma “prezident”, “parlament” seçkilərinə hazırlıqlar içindəydi – yadellilər bizim torpaqlarda bizim qanunlarla daban-dabana ziddiyyət təşkil edən hoqqalardan çıxırdı. Az sonra qanunazidd hərəkətlərdən heysiyyatımıza daha ağır şəkildə toxunmağa keçdilər – qondarma rejimin oyuncaq “başçısı” Şuşada “and içdi”, qondarma “parlament”in Şuşaya köçürülməsi planı işə düşdü… Və təlxək Paşinyan Şuşanı su yoluna döndərdi, şərab içdi, ağnadı, oynadı, halay çəkdi.

Belə bir söz var, özünü öndəki ilə müqayisə edib kədərlənmə, arxadakına baxıb, sevinmə, özünü özünlə müqayisə et: dünən hardaydım, bugün hardayam, sabahım necə olacaq? – budur məsələ. Və mən dövlət başçısının Abşerondakı çıxışını, müsahibəsini, bax, bu “dünən-bugün-sabah yolu”nda – böyük tablo, hadisələr silsiləsi kimi gördüm. - İlham Əliyev çiçəkləyən, böyüyən, qalib ölkə quruculuğunun mükəmməl zərgəridir. Burada, zərgər incəliyi beynəlxalq siyasətdə usta gedişlər, beynəlxalq hüquqa istinadlar. dəvətlər, içsiyasətdə vətəncanlılıq, xalqcanlılıq, Şuşa qədirbilənliyi, açıqfikirlilik, bir sözlə, siyasət və dövlət xadimliyi ilə səciyyələnir. iş yalnız əllə deyil, habelə əllə və ürəklə də deyil, əl-ürək-ruh birliyi ilə görülüncə uğur ardınca uğur gəlir, zirvə ardıncz zirvə qazanılır. Və “Nə vaxt, nəyi, necə etmək lazımdır, bunu biz bilirik. Hesab edirəm ki, yaxın tarix dəfələrlə bunu göstərib, həm siyasi müstəvidə, diplomatik müstəvidə, eyni zamanda, döyüş meydanında. Nəyi ediriksə, dəqiqliklə edirik” – təkzibolunmaz müəyyənliyini xatırlayıram. - Prezident İlham Əliyev bunu 16 iyul 2020-ci ildə Nazirlər Kabinetinin 2020-ci ilin I yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirmişdi Bildirmişdi ki “Biz lazım olan vaxtda lazım olan addımları atırıq və atacağıq. Mən hələlik bundan artıq heç nə demək istəmirəm, hadisələri qabaqlamaq istəmirəm. Azərbaycanda hadisələri qabaqlamağı heç kimə məsləhət görmürəm. Buna ehtiyac yoxdur. Bu, zərərli ola bilər”. Sonrakı hadisələri yadımıza salaraq, cənab Prezidentin nələri nəzərdə tutduğunu, üfüqügenişliyini bugün hamımız təqdirlə idrak edir, qürur duyuruq.

Abşeronda verilən ismarınclarda ən yeni səhifə düşməndən azad edilmiş Şuşaya məmur hücumu barədəydi. “Mən Şuşanı mədəniyyət paytaxtı elan etmişəm, məmurlar paytaxtı elan etməmişəm. Ona görə hərə otursun yerində, öz işi ilə məşğul olsun, məni də əsəbləşdirməsin”. – Elə yalnız bu aforizəmə çevrilmiş deyimdən də görmək olar ki ölkə yeni fazaya keçib və bəziləri yeni fazada davranmağı bacarmır. - Amma bunu dost da, düşmən də qəbullanmalıdır bir kərə. Məmurlarımız sanki ali məktəbə qəbul olurmuş kimi yeni reallıqlardan imtahan verməlidir. Şuşanın, ölkənin, Prezidentin adına layiq rəftar göstərmə imkanı olmayanlar öz texnikum taleyi ilə barışmalıdır. Texniki Peşə Məktəbi alternativi də təqdim oluna bilər. Bütün hallarda, Qalib Ölkənin Naziri (Komitə sədri, Xidmət rəisi, Şirkət sədri və s.) mənəvi attestasiyasından keçmənin bir yolu Vətən İmtahanı, Vicdan İmtahanı verməkdən keçir - Qarabağın mahiyyətini bilməkdən, necə deyərlər, siyasi paytaxtda oturub, Mədəniyyət Paytaxtının mahiyyətini duymaqdan, paytaxtdan paytaxta xidmət etməkdən, Vətənə xidmətdən keçir… Vətənə xidmətin necəliyini, fədakarlığın necə olduğunu Şuşanı azad edən Vətən oğulları Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə, cəmi 3-5 ay öncə göstərib... Heç olmazsa, həftələr sonra - bugün-sabah ilk işiniz Şuşa uğrunda şəhid olanların məzarını ziyarət olsun... And içmirəm, ancaq böyük ehtimal, bu sizlərin bir çoxunun ilk şəhid ziyarəti olacaq...   

DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!

Visiontv.az