Memorandum Xəzərdə Türkmənistanla Azərbaycanın əməkdaşlığında yeni mərhələ deməkdir - Prezident
21.01.2021

“Şübhəsiz ki, Memorandumun imzalanması Xəzərdə Türkmənistan ilə Azərbaycanın energetika sahəsində əməkdaşlığında prinsipcə yeni mərhələ deməkdir”.

Visiontv.az-ın məlumatına görə, bunu Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov yanvarın 21-də Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumunun imzalanması ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevlə videokonfrans formatında görüşündə deyib.

Q. Berdiməhəmmədov bildirib ki, möhkəm beynəlxalq hüquqi bazaya əsaslanan birgə iş üçün yeni imkanlar açılır, bizim regiona sistemli və uzunmüddətli əsasda iri xarici investisiyalar axını üçün əlavə ciddi stimullar yaranır, ölkələrimizin milli iqtisadiyyatlarının inkişafına və dinamik artımına, yəni, yeni iş yerlərinin yaradılmasına, insanların həyat səviyyəsinin və keyfiyyətinin yüksəldilməsinə güclü təkan verilir: “Fürsətdən istifadə edib iki ölkənin mütəxəssislərinə və ekspertlərinə, həmçinin məhz bu sənədin hazırlanmasına töhfə verənlərin hamısına dərin minnətdarlığımı bildirmək istəyirəm”.