Mehriban xanımın xalqa çağırışının tarixi əhəmiyyəti-deputat Nəsib Məhəməliyev
22.07.2020

Son vaxtlar hörmətli Mehriban xanımın Azərbaycan xalqına bir neçə müraciəti olmuşdur.

Bu müraciətlərin hər biri məzmununa görə tale yüklü məsələlərə həsr olunmuşdur. Əvvəlki iki müraciət ümumbəşəri bəla hesab olunan koronovirus pandemiyasının yaratdığı təhlükələr, Covid-19-dan qorunmağın yolları, dövlətin bu sahədə gördüyü tədbirlər barədə ictimaiyyəti məlumatlandırmaq məqsədi daşıyırdı. Düşünürəm ki, hər bir müraciətdən sonra xalqın dəstəyi görülən işlərin müsbət istiqamətdə aparıldığının sübutudur. Son müraciət isə, Ermənistan silahlı qüvvələrinin, cəbhənin Tovuz istiqamətində törətdiyi təxribatlardan sonraya təsadüf etdi. Bu müraciətində hörmətli Mehriban xanım, həlak olmuş şəhidlərimizə baş sağlığı verdi. Ordumuzun riyakar düşmənə verdiyi layiqli cavaba, cəmiyyətin bir nəfər kimi, Ali Baş komandana verdiyi dəstəyə, on minlərlə gəncin torpaqları azad etmək üçün könüllü orduya yazıldığına, dünyanın bir çox şəhərlərində soydaşlarımızın milli həmrəylik nümayiş etdirdirərək küçələrə axışdığına görə qürur hissi keçirdiyini bildirir. Eyni zamanda sosial şəbəkələrdə göstərilən dəstəyə, belə bir həssas məqamda dövlətin yanında olduqlarına görə, Azərbaycan xalqına dərin minnətdarlığını bildirir. Xalqın hiddətinə səbəb olan bir məsələni təəssüflə, haqlı olaraq vurğulayır ki, xarici ölkələrdə gizlənib ölkəmizin əleyhinə təbliğat aparan bəzi insanların hərəkəti dövlətimizə qarşı əsl xəyanətdir. Düşmənlə qızğın müharibə getdiyi bir zamanda sosial şəbəkələr vasitəsilə yalan məlumatların verilməsi, psixoloji gərginlik yaratmaq, insanları panika vəziyyətinə salmağın adı nədir. Belə bir vəziyyəti 90- cı illərin əvvəllərində yaşamışıq. Məhz belə dezinformasiyaların nəticəsində torpaqlarımız işğal olunmuşdur. Hesab edirəm ki, Mehriban xanımın bu çağırışının da tarixi əhəmiyyəti ondan ibarətdir ki, hər bir vətəndaş bir daha gördü ki, dövlət onun yanındadır, vətən uğrunda mübarizə aparan heç kim unudulmur və ümummilli məsələlərdə xalq birləçməyi bacarır.

visiontv.az