22.010.2020
Axtar
Ölkə
alt

Mehriban Əliyeva Azərbaycan üçün bir şansdır – Alqış Musayev

Sirus Təbrizli Ramiz Mehdiyevə nə demişdi? Yeni Azərbaycan” qəzetinin keçmiş baş redaktoru, sabiq millət vəkili Alqış Müsayevin thebusinesstimes.az saytına verdiyi müsahibənin üçüncü hissəsini təqdim edirik:

R.Mehdiyevi çaşdıran səbəblər.

-Mehdiyevin birincilik iddiası səbəbsiz yarana bilməzdi axı…

-Bir dəfə mərhum Sirus Təbrizli YAP-ın Heydər Əliyevin sədrliyi ilə keçirilən iclasında Ramiz Mehdiyevdən soruşmuşdu ki, əgər Heydər Əliyevin dəstəyi olmasa, siz, Bakının özünü demirəm, onun ən kiçik rayonuna rəhbərlik edib, oranı idarə edə bilərsiniz? Ramiz Mehdiyev də “əlbəttə ki, yox” cavabını vermişdi. Elə indinin özünü götürək. Onun hazırda məşğul etdiyi vəzifə məgər ona elmi nailiyyətlərinə, böyük ziyalı nüfuzuna, ağır çəkili alimliyinə görə tapşırılıb? Əlbəttə ki, yox. Hamıya aydındır ki, bu təyinat Azərbaycan prezidentinin alicənablığından irəli gələn bir jestdir. Təəssüf ki, Ramiz Mehdiyev İlham Əliyevin bu xoşməramlı addımını da düzgün dəyərləndirə bilmədi…

Hələ cənab Prezidenti demirəm, Prezidentin köməkçisi Anar Ələkbərovun adi etinasız baxışı kifayətdir ki, Akademiyanın dəhlizlərində, Rəyasət Heyətində küləklər əsməyə başlasın. Belə olduğu halda Ramiz Mehdiyev Akademiyada bircə saniyə duruş gətirə bilməz.

Bilirsiniz Ramiz Mehdiyevi çaşdıran nələr oldu? Birinci, onun dünyagörüşünün məhdudluğu, reallığı düzgün qiymətləndirə bilməməsi. Son açıqlamaları da təsdiqləyir ki, onun savadla, məntiqlə bağlı cox ciddi çatımazlıqları var. Sadəcə, vəzifəsi onun ayıblarını ört-basdır edirdi.

İkinci səbəb, səlahiyyətin verdiyi imkanlar idi, onu şişirtdi, böyütdü. Özünə təmtəraqlı imic yaratmışdı – ideoloq akademik, mahir tədqiqatçı və sair.

Mehdiyevi çaşdıran ciddi səbəblərdən biri də onun vəzifəsinin ətrafında dövrə vuran peşəkar məddah dəstəsiydi. Dayanmadan eninə-boyuna Mehdiyevə tərif söyləmək üçün girəvə axtarırdılar. Mehdiyevi yolundan çıxaran daha ciddi səbəb onun xidmət etdiyi dairələrin verdiyi tapşırıq və dəstək idi. Amma bütün hallarda onun imici bir- iki cümləlik tənqidə davam gətirmək gücündə deyil. Onun hər şeyi saxtadır.

“Demokratiyaya gedən yol” adında bir kitabı var. Görün onun ön sözündə nə yazır: “ Mən öz köməkçim gənc, əməksevər və təvazökar Elnur Aslanova minnətdarlıq etmək istəyirəm. Çünki onun internetdəki axtarışları olmasaydı, mən bu kitabı yazab tamamlaya bilməzdim…” Özü özünü inkar edir. Deməli, onun alimliyi, filosofluğu vur-tut Elnur Aslanovun axtarışlarından ibarətdir. Sonra əlavə edir: “Ailəmə təşəkkür etmək istəyirəm. Kitab üzərində işləyərkən onlara vaxt ayıra, diqqət göstərə bilməmişəm…”
Nə deyirsə, özünə qarşıdır… Qeyri-səmimiliyin dərəcəsinə baxın. Ailəsinə vaxt ayıra bilməyən “təvazökar” dövlət adamının ailəsi Novxanının yarısından coxunu zəbt eləyib, övladları ölkənin az qala hər küncündə bucağında  saysız-hesabsız mala-mülkə sahibdirlər. Vaxtlı vaxtında ailəsinə “diqqət” ayırsaydı, görün nələr baş verərdi…

Mehdiyev bütün imkanlarıyla milli düşüncəni idarəlikdən çıxarıb

-Alıqış müəllim, bayaq qeyd etdiyiniz kimi o özünü hakimiyyətin əsas ideoloqu kimi təqdim edib…

– Bilirsiniz, onun necə ideoloq olmasını təsəvvür etmək üçün sadə bir həqiqəti bilmək lazımdır. Milli dövlətçilik ideologiyasının əsas qayəsi ideyalı vətəndaşlar yetişdirmək, milli düşüncəyə dövlətçilik məzmunu verməkdir. Ramiz Mehdiyev bütün fəaliyyəti ərzində milli ideyalı adamları şərləyib, şərlətdirib, çərlədib, ictimai-siyasi proseslərdən təcrid edib. Bütün imkanlarıyla milli düşüncəni idarəlikdən sıxışdırıb çıxarıb.

Bəs onun ideoloqluğu nədən ibarət idi? Adını Heydər Əliyev, cənab prezident haqqında nəşr olunan kitablarda redaktor, məsləhətçi yazdırmaq. Bu yerdə bir məsələni qabartmağı vacib hesab edirəm. Yaxşı ki, onun “xeyir-duası” ilə çap edilən nəşrləri oxuyan yoxdur. Yoxsa elə biabırçılıqlar üzə çıxar ki…

Elmira Axundovanın kitabında ciddi qüsurlar var…

Ümumiyyətlə, Heydər Əliyev haqqında yazılan kitablara hər hansı formada bir nəzarət olmalıdır.

Uzağa getməyək. Sabiq millət vəkili, xalq yazıçısı Elmira Axundovanın “Heydər Əliyev – şəxsiyyət və zaman” coxcildliyində cox ciddi qüsurlar var. Düzdür, müəllif o kitabları ayrı-ayrı şəxslərin xatirələri üzərində qurub. Amma hər deyiləni kitaba yazmaq nə dərəcədə düzgündür? Çünki, elə şəxslər var ki, özünü Heydər Əliyevə yaxın göstərmək, özünün vacib şəxsiyyət olduğunu sübut etmək üçün ağlına gələni danışıb. Və belə uydurma xatirələr yazıya çevrilib, kitaba salınıb. Hətta elə məqamlar var ki, çox böyük yanlışlar həqiqət kimi təqdim olunur. Axı gələcəkdə kimsə bu kitablara ciddi mənbə kimi yanaşa bilər.

Mehdiyevin “ideoloqluğu”nun başqa bir bəsit forması da vardı. Göstəriş vermişdi ki, onun məqalələrindən sitat gətirməyən heç bir alimin yazısı elmi jurnallarda dərc edilməsin. Prezident Yanında Dövlət İdarəçilik Akademiyasında vəziyyət daha acınacaqlıydı. İndi bilmirəm orada bu sahədə nəsə dəyişib yoxsa yox…

Mehdiyevin şablon tezisi nəyə xidmət edir?– Təkcə elmi nəşrlərdə yox, dövlət mətbuatında belə Heydər Əliyev haqqında, cənab prezident haqqında məqalə çap etdirmək üçün mütləq Ramiz Mehdiyevə istinad edilməliydi…

-Sizinlə razıyam. Doğrudur. Bu məsələ hələ də aktuallığını itirməyən bir problem olaraq qalır. Mehdiyevin guya hakimiyyətin müdafiəsinə, təbliğatına həsr etdiyi bir şablon tezisi mövcuddur.

Onun təsir dairəsində olan ənənəvi təbliğatçlar iki ifadəni əzbərləyiblər: “Ümummilli liderimiz Heydər Əliyev və onun layiqli davamçısı İlham Əliyev.” Və sonra mütləq Ramiz Mehdiyev xatırlanmalıdır, “hörmətli akademik Ramiz müəllim” və sair… Ramiz Mehdiyev bir neçə aydır ki, yoxdur. Gəl ki, onun təbliğat trafaretləri, şablon tezisləri hələ də işlək vəziyyətdədir. Mənim fikrim qeyri-dəqiq ola, mübahisə doğura bilər. Ancaq hər halda mən belə müşahidə edirəm. Bu məsələyə ciddi önəm verilməli və bəzi detalları xırdalamaq gərəkdir.

Təbii, cənab prezident Heydər Əliyevin siyasi varisidir. Amma İlham Əliyevin öz fərqli siyasi obrazı var. Hansı ki, bu obrazı İlham Əliyev özü yaradıbdır.

Bu mövzuyla ilgili bir həssas nöqtəni də qeyd etmək istəyirəm. Təəsüf ki, hazırda respublikanın birinci Vitse Prezidenti Mehriban Əliyevanın fəaliyyətini də həmin şablon təbliğat cərçivəsinə daxil etmək meyili var. Təbii ki, Mehriban Əliyeva ictimai düşüncədə hakimiyyətin siyasi varisi kimi dərk olunur. Amma Mehriban Əliyevanın özünəməxsus fərqli ictimai-siyasi obrazı var. Hansı ki, bu obrazı da Mehriban Əliyeva özü formalaşdırıbdır. Hər kəsi öz obrazında danışdırmaq, təsvir etmək, təqdim etmək vacibdir. Təbliğatçılar, politoloqlar KİV-lər mütləq bu incəlikləri nəzərə almalıdırlar.

Əli İnsanovun ictimai baxışlarında ardıcıllq yoxdur…-Alqış müəlim, bir məsələyə istərdim münasibətinizi bildirəsiniz. Əli İnsanov bbc-yə verdiyi müsahibədə belə bir fikir səsləndirib ki, Mehriban Əliyeva prezident ola bilməz, cünki o qadındır…

– Mən Əli İnsanovun o çıxışı ilə tanış deyiləm. Amma Onun deyə biləcəyini, pafosunu təxmin etmək çətin deyil. Cünki Əli İnsanovun ictimai baxışlarında ardıcıllq yoxdur. O, düşdüyü şəraitə uyğun açıqlamalar verir, şərait dəyişən kimi fikirlərini də dəyişir. Təhqir ediyi şəxslərdən üzr istəyir, təriflədiyi şəxsləri tənqid edir və sair. Bu da xarakterin bütöv olmamasından irəli gələn bir göstəricidir. Bu gün dediyi fikirləri sabah təkzib etsə, mən yenə təəccüblənmərəm.

O ki qaldı siyasətdə qadınla kişinin fərqinə. Kişilik xarakter nümayiş etdirmək və istənilən şəraitdə o xarakterin bütövlüyünü qoruya bilmək istedadıdır. Siyasətdə irəli qaçmaq olmaz , qaçmağa tələsməyə ehtiyac da yoxdur…

Ötən əsrin əvvəllərində şərqdə ilk dəfə olaraq Azərbaycan qadını səsvermə hüququ qazanıb. Bu gün Azərbaycan qadını Mehriban Əliyevanın simasında hakimiyyətin ali idarəliyində uğurla təmsil olunur. Fakt budur ki, onun həyata keçirdiyi tədbirlər dövlətə də, iqtidara da çox böyük rəğbət qazandırır.

Mehriban Əliyeva Azərbaycan üçün bir şansdır. Məni əminəm ki, xalqımız, Azərbaycan hakimiyyəti dövlətçiliyimiz naminə bu şansı lazımi səviyyədə dəyərləndirəcək.

 

Şərh