Məhkəmə Trampa “Twitter”də qadağa qoydu
10.07.2019

Nyu-York Apellyasiya Məhkəməsi qərar verib ki, ABŞ Prezidenti Donald Trampın “Twitter” səhifəsində onun ünvanına sərt ifadələr işlədən istifadəçiləri bloklamaq hüququ yoxdur.

VisionTV.az Hi-Tech Vesti-ə istinadən xəbər verir ki, D.Trampın “Twitter”də blokladığı yeddi nəfər 2017-ci ildə ABŞ liderinə qarşı məhkəmədə iddia qaldırmışdı.

Onlar hesab edirlər ki, Prezidentin mikrobloqu ictimai mübahisələr və müzakirələr üçün meydançadır, D.Tramp isə vətəndaşların ona girişini məhdudlaşdırmamalıdır.

Nyu-Yorkun Manhetten rayonundakı federal məhkəmə 2018-ci ilin mayında bəyan edib ki, ABŞ Prezidenti istifadəçiləri bloklamaqla söz azadlığını pozur və onların mikrobloqa girişini bərpa etməyi tələb edib.

Həmin vaxt ABŞ Ədliyyə Nazirliyi bu qərarı Apellyasiya Məhkəməsinə şikayət etmişdi. Məhkəmə bu işə bir ildən çox baxdıqdan sonra qərarı qüvvədə saxlayıb.