Mədəniyyət Nazirliyinə, bu qədər nazirlik əməkdaşına, nazirə ehtiyac yoxdur-ADO teatrının rəhbəri Elmin Bədəlov
19.09.2020

ADO teatrının rəhbəri Mədəniyyət Nazirliyinin ləğvi və fəxri adların yığışdırılmasını təklif edir

Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov fəxri adların verilməsi ilə bağlı prosedurun dəyişdirilməsi məsələsini səsləndirib.

Buna münasibət bildirən ADO teatrının rəhbəri Elmin Bədəlov mədəniyyətə, mədəniyyət insanlarına azadlıq verilməsinin tərəfdarı olduğunu bildirib: “Ümumiyyətlə Mədəniyyət Nazirliyinə, bu qədər nazirlik əməkdaşına, nazirə ehtiyac yoxdur. Mədəniyyət azad olmalıdır. Məsələn, xırda bir komitə və ya buna bənzər bir qurum ola bilər. O da ki, maaşlar, təmir və.s xırda texniki məsələləri həll etmək üçün. Azərbaycanda nazirliyin mədəniyyətə ziyanından başqa bir tərəfi yoxdur.

Fəxri ad məsələsinə gəldikdə isə deyə bilərəm ki, bu adlar sovet dövründən bugünə qədər incəsənət adamlarını idarə etməyə, əldə saxlamağa hesablanmış bir vasitədir. Hər zaman fəxri ad verdikləri incəsənət insanları, rəsmi də olmasa qeyri rəsmi öhdəliklər icra ediblər, özünüsenzuraya məruz qalıblar. Hesab edirəm ki, fəxri adların verilməsi dayandırılsa və nazirlik ləğv olunsa, ölkəmizdə mədəniyyətin inkişafı üçün çox böyük təkan yaranmış olacaqdır”.

visiontv.az