Mədəni irsimiz: həyatda, qanunda, beynəlxalq müstəvidə...
Mədəni irsimiz: həyatda, qanunda, beynəlxalq müstəvidə...
29.03.2023 Qənirə Paşayeva Tərəfindən

Bu il fevralın 28-də Milli Məclisin Mədəniyyət komitəsi olaraq, Mədəniyyət Nazirliyi və Əqli Mülkiyyət Agentliyi ilə birgə “Qeyri-maddi mədəni irs haqqında” qanun layihəsi ilə bağlı birgə ictimai dinləmə keçirdik.

İctimai dinləmədə xalqımızın zəngin mədəni irsə malik olduğunu, qeyri-maddi və maddi mədəni irs örnəklərinin qorunmasının, təbliğinin dövlətin mədəniyyət siyasətində xüsusi yer tutduğunu vurğuladıq. Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın mədəniyyət sahəsinə xüsusi diqqət və qayğı ilə yanaşmasına dair çoxsaylı, önəmli faktları minnətdarlıqla qeyd etdik. Özəlliklə, işğaldan azad olunmuş torpaqlarımızda, torpaqların əsil və həqiqi sahiblərinə - Azərbaycan xalqına aid tarixi-mədəni abidələrə, bir sözlə, mədəni irsə qarşı vandallıqlar bir daha xatırladıldı və tarixi Zəfərimizlə bu mövzuda da yeni səhifə açıldığı bildirildi. İndi Qarabağa, Şərqi Zəngəzura mədəniyyət qayıdır, həyat qayıdır, insanlıq qayıdır. Azərbaycan dövləti azadlıqdan abadlığa keçidə, quruculuğa təxirəsalınmaz iş kimi yanaşaraq, ötən aylar içində önəmli nəticələrə nail olmuşdur. İşğaldan azad olunmuş ərazilərimizdə, o cümlədən Şuşa şəhərində Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirilən mədəni bərpa prosesi, haqlı olaraq, xüsusi hadisə kimi xarakterizə edilir. Yeri gəlmişkən, mədəniyyət komitəsinin, parlamentimizin hazırkı üzvlərinin hər birinin həyatında 2021-ci ilin yaz sessiyasında “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” Qanununun müzakirəsi və qəbulu ən əlamətdar hadisəydi. Başqa bir hadisə komitəmizin bir iclasının Elm-təhsil komitəsi ilə birgə Şuşada keçirilməsi oldu. Biləvasitə şahid olduq ki, müharibə meydanında ləyaqət, mədəniyyət nümayiş etdirən Silahlı Qüvvələrimizin işi inşaatçılarımızın – yol, işıq çəkənlərimizin, evtikənlərimizin fəaliyyəti ilə davam edir. – Bax, bu, müstəqil dövlətimizin xarakterini, xəlqi mədəniyyətimizi parlaq şəkildə nümayiş etdirir. Bunları nəyə görə vurğulayıram? – Qanunlar, qaydalar xəlqi mədəniyyətlə dəstəklənincə o qanun, qaydaların işləmə mexanizmi də güclü, təsirli olur. Biz Millət vəkilləri olaraq çox şadıq ki, seçicilərimizin, bizə etimad göstərmiş vətəndaşlarımızın ən ümdə istək və arzularının ümumiləşmiş və parlaq ifadəsi olan “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” Qanununun müzakirəsi və qəbulu nəsibimiz oldu.

28 fevralda “Qeyri-maddi mədəni irs haqqında” qanun layihəsi ilə bağlı birgə ictimai dinləmədə bu məqamlar bir daha vurğulandı. Vurğulandı ki, cənab Prezidentin rəhbərliyi ilə mədəniyyət sahəsində əsaslı islahatlar aparılır, milli-mənəvi dəyərlərimizin qorunması və inkişafı yönündə müvafiq işlər görülür.
Müzakirələrdə diqqətə çatdırıldı ki, Azərbaycan Respublikası 2003-cü ildə UNESCO-nun “Qeyri-maddi mədəni irsin qorunması haqqında” Konvensiyasına qoşulub. Ötən müddət içində maddi və qeyri-maddi mədəni irs örnəklərinin qorunmasında müstəsna xidmətləri olan Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın səyləri nəticəsində Azərbaycanın maddi və qeyri-maddi mədəni irs örnəkləri UNESCO-nun uyğun siyahılarına daxil edilib və mədəni irsimiz bəşəriyyətin mirası olaraq qorunur. Heydər Əliyev Fondunun və şəxsən, Fondun prezidenti Mehriban Əliyevanın bu yöndəki təqdirəlayiq fəaliyyəti ictimai dinləmədə bütün əlaqədar qurumların rəhbərləri, müzakirələrdə çıxış edən Millət vəkilləri, mütəxəssislər, QHT rəhbərləri tərəfindən də qədirşünaslıqla xatırlandı.

Mehriban xanım Əliyevanın Azərbaycanın qeyri-maddi mədəni irs nümunələrinin qorunması və UNESCO – Azərbaycan əlaqələrinin inkişafı naminə göstərdiyi xidmətlər sonucunda ölkəmiz qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəyə üzv seçilib. Bundan sonra həmin sahədə əlaqələr daha da möhkəmlənib.
UNESCO-nun qeyri-maddi irs siyahısına salınan arxeologiya, mədəniyyət, mənəviyyat örnəkləri dünyada Azərbaycanın sənət, mədəniyyət bayrağı kimi ucalır. UNESCO-da Azərbaycan xalqının istedadının, Azərbaycan sənətkarlığının unikallığının bariz örnəkləri olan xalçalarımız, muğam və aşıq sənətimiz, İçərişəhərimiz, Qobustanımız beynəlxalq ictimaiyyətin zövqünü oxşayır, qəlbini ovsunlayır.

Bu abidələrimizin hər biri dövlətçilik tariximizin, mədəniyyətimizin özünəməxsus şahanə örnəyidir. “Azərbaycanın xalçası” sənəti 2010-cu il 15-18 noyabr tarixlərdə Keniya Respublikasının Nayrobi şəhərində keçirilən UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Hökumətlərarası Komitəsinin X sessiyasında UNESCO-nun Bəşəriyyətin qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına daxil edilib.

Bundan öncə isə muğam və aşıq sənəti, Novruz bayramı da UNESCO-nun uyğun siyahısına salınıb. Muğam və aşıq sənəti milli mədəni maraqlarımızı, dövlətimizin mədəniyyətimizə verdiyi yüksək dəyəri ifadə etməklə yanaşı, həm də ümumbəşəri məqsədlərə xidmət edir. Xalçalarımız illər öncə bəzi ölkələrdə “İran xalçaları”, “Qafqaz xalçaları” kimi təqdim edilirdisə, bu gün öz əsil adı, ünvanı ilə “Azərbaycan xalçaları” olaraq tanınır.

Azərbaycanın qeyri-maddi mədəniyyət nümunələrinin UNESCO-nun –  bəşəri dəyərlərin qorunması, onların gələcək nəsillərə çatdırılması yönündə ardıcıl iş aparan bu BMT təsisatının diqqətini çəkməsi təsadüfi deyil. Xalqımıza, ölkəmizə məxsus sənət incilərinin UNESCO-nun xətti ilə təbliğ edilməsi bizimçün qürurverici hadisədir.

Azərbaycan muğam sənəti 2003-cü ildə UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə reprezentativ siyahısına daxil edildi. Bundan sonra muğam sənətimizə diqqət və qayğı daha da artmağa başladı. Özəlliklə Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu tərəfindən muğam sənətimizin qorunması, inkişafı ilə bağlı bir sıra uğurlu tədbirlərin həyata keçirilməsi bu sahədə ciddi canlanmaya səbəb oldu. O cümlədən Bakıda Beynəlxalq Muğam Mərkəzi tikildi. Bu sahədəki uğurlardan danışarkən Azərbaycan muğam antologiyasının, “Qarabağ xanəndələri albomu”nun hazırlanmasını, Azərbaycanda keçirilən beynəlxalq muğam yarışmalarını və s. misal göstərmək olar.

İndi xalqımızın milli-mənəvi sərvəti olan muğamlarımız dünyanın əksər ölkələrində səslənir və böyük maraqla qarşılanır.

UNESCO və Azərbaycan əlaqələrini araşdıran mütəxəssislər haqlı olaraq vurğulayır ki, qloballaşma ortamında, aşıq sənətinin UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə reprezentativ siyahısına daxil edilməsi yeni bir uğurun yaranmasına gətirib çıxardı. Bu, milli irsimizin dünyəviliyini, bəşəriliyini, ona irqindən, dinindən asılı olmayaraq, bütün millətlərin maraq göstərməsini təsdiqlədi. Azərbaycan xalq yaradıcılığının dünyada gərəyincə tanıdılmasına münbit zəmin yarandı və bu irsin bəşəriliyini, humanistliyini nümayiş etdirilməsi ilə səciyyələndi. Beləliklə, aşıq sənətimiz dünyada tanıdılmağa başlandı, Parisin dünyaşöhrətli Luvr Muzeyində və Strasburq şəhərində Azərbaycan aşıqları konsert proqramları ilə çıxış etdi. Beynəlxalq çərçivədə qəbul edilən Azərbaycanın milli-mənəvi dəyərləri, sözün əsl anlamında, dünyanı təəccübləndirmək iqtidarındadır. UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Komitəsinin Abu-Dabi şəhərində keçirilən IV sessiyasında qurumun yekun qərarına əsasən, Azərbaycanın aşıq sənəti ilə yanaşı, Novruz bayramı da UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına salındı. (Novruz bayramının bir sıra dövlətlərdə qeyd edildiyi nəzərə alınaraq təşkilatın tövsiyyəsi ilə beynəlmiləl qeyri-maddi mədəni irs örnəyi kimi UNESCO-ya təqdim olunmuşdu).
Muğam və aşıq sənətinin, Novruz bayramının UNESCO-nun bəşəriyyətin Qeyri-maddi mədəni irsinin reprezentativ siyahısına daxil edilməsindən sonra diqqət Azərbaycan xalçasının möhtəşəmliyini dünyaya təqdim etməyə doğru yönəldi. Beləliklə, yuxarıda qeyd etdiyimiz kimi, 2010-cu ildə Azərbaycan mədəniyyətində önəmli hadisələrdən biri – xalçaçılıq sənətimizin UNESCO-nun bəşəriyyətin Qeyri-maddi mədəni irsinin reprezentativ siyahısına daxil edilməsi hadisəsi baş verdi.

Mehriban xanım Əliyeva UNESCO tədbirlərindən birində çıxış edərkən mədəniyyətimizin həm milli, həm də bəşəri mahiyyət daşıdığını vurğulayaraq demişdir: “Əlbəttə, bizim əsas varlığımız mədəni irsimizdir. Azərbaycanın qədim xalçaçılıq məktəbi, nadir miniatürləri, ədəbiyyatı və poeziyası, musiqisi, rəqsləri, təsviri sənəti, memarlıq abidələri var”.
 
*
Biz Milli Məclisdəki ictimai dinləməni dövlət başçısının bu sahəyə həssas yanaşmasının parlament müstəvisində dəstəyinin göstəricisi kimi dəyərləndirdik. Milli Məclisin sədri Sahibə xanım Qafarovaya tədbirin yüksək səviyyədə keçirilməsinə göstərdiyi dəstəyə görə minnətdarlığımızı ifadə etdik.

Müzakirələrdə bildirildi ki, Azərbaycan xalqının qeyri-maddi mədəni irs örnəklərinin hüquqi qorunması problemi milli təhlükəsizlik konsepsiyasının əsas hədəflərindən biri hesab olunur. Qeyd edildi ki, ölkəmizin milli qanunvericilik sisteminə daxil olan “Folklor nümunələrinin hüquqi qorunması haqqında” Qanun milli səviyyədə qeyri-maddi mədəni irsin qorunmasına hüquqi təminatlar yaradıb; lakin son illər UNESCO-nun qeyri-maddi mədəni irsin qorunması ilə bağlı apardığı ardıcıl müzakirələr, qəbul etdiyi sənədlər bu sahədə milli qanunvericiliyin təkmilləşdirilməsini zəruri edir.

Sonra, biləvasitə müzakirəyə çıxarılan “Qeyri-maddi mədəni irs haqqında” qanun layihəsinin önəmindən söz açıldı. Diqqətə çatdırıldı ki, yeni qanun layihəsinin əsas məqsədi ölkə ərazisində qeyri-maddi mədəni irs örnəklərinin yaradılması, aşkar edilməsi, toplanması, tədqiqi, təbliği, istifadəsi və qorunması sahəsində yaranan münasibətləri tənzimləməkdir.

Təqdim edilən ilkin layihə 4 fəsil, 14 maddədən ibarətdir. Sənəddə bir sıra spesifik anlayışların izahı verilir, qeyri-maddi mədəni irs örnəklərinin əhatə etdiyi kateqoriyalar, qanunun tətbiq dairəsi və qeyri-maddi mədəni irs sahəsində mövcud olan qanunvericilik ehtiva olunur. Layihədə, habelə qeyri-maddi mədəni irs sahəsində dövlət tənzimlənməsinin məqsədləri, əsas istiqamətləri, dövlətin vəzifələri, qeyri-maddi mədəni irsin tənzimlənmə mexanizmləri müəyyən edilir.

Sənəddə, bununla yanaşı, Qeyri-maddi Mədəni İrs Nümunələrinin Dövlət Reyestrinin yaradılması və həmin reyestrin elektron formada aparılmasına dair məsələlər, qeyri-maddi mədəni irs nümunələrindən istifadə qaydaları, həmçinin UNESCO-nun Qeyri-maddi Mədəni irs üzrə Reprezentativ Siyahısına və Təcili Qorunmaya Ehtiyacı Olan Qeyri-maddi Mədəni İrs üzrə Siyahısına daxil edilmiş Azərbaycan xalqına məxsus qeyri-maddi mədəni irs nümunələrinin adlarından istifadə qaydaları, qeyri-maddi mədəni irs nümunələrinin qorunmasının maliyyələşdirilməsi, beynəlxalq əməkdaşlıqla bağlı maddələr öz əksini tapıb.

İctimai dinləmədə çıxış edən Mədəniyyət nazirinin birinci müavini – nazir vəzifəsini müvəqqəti icra edən Adil Kərimli bildirdi ki, təqdim edilən qanun layihəsi dövlət mədəniyyət siyasətinin prioritet istiqamətlərini əhatə edir. O, mədəni irsin qorunması, bununla bağlı hüquqi mexanizmlərin formalaşdırılmasının zəruriliyi, mədəniyyət sahəsində qanunvericilik bazasının təkmilləşdirilməsinin vacibliyindən söz açdı. Adil Kərimli Mədəniyyət sahəsində mövcud durum, o cümlədən qanunvericilik bazası, infrastruktur, kadr potensialı və digər məsələlər barədə ətraflı danışdı. O, ölkə Prezidentinin mədəniyyət sahəsinə daim diqqət və qayğı ilə yanaşdığını vurğulayaraq, bu sahənin inkişafı üçün qəbul edilən sənədlər, həyata keçirilən layihələrlə bağlı fikirlərini açıqladı.

Adil Kərimli Mədəniyyət Nazirliyi tərəfindən “Azərbaycan mədəniyyəti 2020-2040 dövlət strategiyası” ilə bağlı tədbirlər planının tərtib edildiyini bildirdi. Bu sahədə sistemli, məqsədyönlü fəaliyyətin həyata keçirildiyini, bununla bağlı prioritetlərin hazırlandığını söylədi. O, habelə işğaldan azad edilmiş ərazilərdə mədəni və tarixi abidələrimizin bərpası barədə danışaraq, abidələrimizin qorunmasının xüsusi önəm daşıyan məsələlərdən olduğunu dedi.
Adil Kərimli təqdim edilən qanun layihəsinin vacibliyini qeyd edərək, qeyri-maddi mədəni irsin qorunmasının mədəniyyətimizin prioritet istiqamətlərindən hesab edildiyini, bu sahənin qanunvericiliklə tənzimlənməsinin önəmli olduğunu bildirdi. O, bu sənədin milli mədəni irsimizin qorunmasına xidmət edəcəyini söylədi.

Dinləmədə çıxış edən Əqli Mülkiyyət Agentliyi İdarə Heyətinin sədri Kamran İmanov, müəllifi olduğu “Qeyri-maddi mədəni irs anlayışı və onun istifadəsi” adlı kitabını təqdim edərək, qeyri-maddi mədəni irs nümunələrinin, ənənəvi mədəni nümunələrin və ənənəvi biliklərin qorunub saxlanılmasının önəmindən bəhs etdi.

Mövzu ətrafında müzakirələrdə Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini Fazil Mustafa, komitə üzvləri – Sabir Rüstəmxanlı, Nizami Cəfərov, Razi Nurullayev, Əziz Ələkbərov, Novruzəli Aslanov, Cavanşir Feyziyev, Ülviyyə Həmzəyeva, parlament Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev, AMEA-nın Folklor İnstitutunun Baş direktoru Muxtar İmanov, “Dünya Musiqi Xəzinəsinin İncisi – Muğam” İctimai Birliyinin sədri Nuriyyə Hüseynova, “Mədəni İnkişaf və Dialoq” İctimai Birliyinin təsisçisi Rəna Mirzəzadə çıxış etdi.

Çıxışlarda təqdim olunan qanun layihəsinin önəmi və aktuallığı, milli mədəni irsin qorunmasının vacibliyi qeyd olundu, bir sıra təkliflər verildi. Habelə mədəniyyət sahəsində mövcud durum və bu sahənin inkişafı yönündə görüləsi tədbirlər barədə fikir mübadiləsi aparıldı.

Sonra Mədəniyyət nazirinin birinci müavini – nazir vəzifəsini müvəqqəti icra edən Adil Kərimli və Əqli Mülkiyyət Agentliyi İdarə Heyətinin sədri Kamran İmanov səsləndirilən fikirlərə münasibət bildirdi, qaldırılan bəzi məsələlərə aydınlıq gətirdi.

Yekdil fikir belə oldu ki, müzakirələr səmərəli keçdi.

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva

Visiontv.az