M.C.Bağırovu ittiham edən şəxs: “Rəsulzadə ilə əlaqəli bütün donosları qulaqardına vururdu”
M.C.Bağırovu ittiham edən şəxs: “Rəsulzadə ilə əlaqəli bütün donosları qulaqardına vururdu”
31.01.2021 Adıgözəl Məmmədov Tərəfindən

Yazdığım kitablarda birbaşa Məhəmməd Əmin Rəsulzadəni tədqiq etməsəm də, əsərimin qəhrəmanı olan insanların həyat yolları Rəsulzadə ilə kəsişmişlər. Bu kontekstdə tədqiqatlarım zamanı Rəsulzadəylədə qarşılaşmışam.

Bilirsiniz, biri var sənədli tarix, biri də var uydurulmuş tarix. Mən həmişə sənədli tarixə daha çox üstünlük verirəm.Bu baxımdan həqiqəti üzə çıxarmağ üçün 7 mart 2019 – cu il 1news.az saytında M.C.Bağırov necə Rəsulzadəni və onun ailəsini necə məhv etdi yazısı ilə bağlı ,xüsusi xidmət orqanlarının əməkdaşı olmuş İ.K.Əfəndiyev adlı şəxsin 1953-cü il oktyabrın 7-də N.S.Xruşşova göndərdiyi məktubu oxucularımıza bölüşmək istədim.Məktubun əsas ittiham yükü Mircəfər Bağırovun üzərində qurulsada diqqətimizi tamam başqa bir fakt çəkdi. Məktub sahibi yazır: “Müsavat partiyasının lideri Məhəmməd Əmin Rəsulzadənin və bu partiyanın katibi Abbasqulu Kazımzadənin həbsində iştirak edən bir insan kimi, bilirdim ki, M.Ə.Rəsulzadə V.İ.Leninin teleqramı əsasında Moskvaya aparılmış və Xalq millətlər komissarlığında saxlanılmışdı.” Bu günə kimi hər kəsə bəllidir ki, M.Ə.Rəsulzadəni Bakıda həbsdən azad edərək Moskvaya Stalin aparıb. Elə M.Ə.Rəsulzadə yazdığı “Bir türk milliyətçisinin Stalinlə ixtilal xatirələri” kitabında da bu barədə məlumat verir. Yəni, Xruşşova yazılan bu məktub yeni suallar doğurur.

Bəlkə elə Stalin Leninin teleqramı əsasında M.Ə.Rəsulzadəni həbsdən azad edib özü ilə Moskvaya aparıb? Ola bilsin ki, bu fakt gizli tutulduğundan M.Ə.Rəsulzadənin bu barədə məlumatı olmayıb və ona görə də adıkeçən kitabında bundan bəhs etməyib. Görünən odur ki, çekist İ.K.Əfəndiyev Leninin teleqramından məlumatlı imiş. Hər halda maraqlı faktdır və bu sahədə tədqiqat aparan mütəxəssislər buna aydınlıq gətirərlər. Xüsusi olaraq qeyd edim ki, Bağırovunun həbs olunmasında bu məktubun böyük rolu olub. Digər bir yerindəysə Əfəndiyev qeyd edir ki, “Məmməd Əmin Rəsulzadə öz siyasi xəttindən əl çəkməyərək, sağ qalan müsavatçılarla – Veysəl Mustafayev, Xəlifəzadə və başqaları ilə o əlaqə yaradır. Məmməd Əmin Rəsulzadə və Abasqulu Kazımzadə Suxuma “dincəlməyə gəlmişdilər”. Suxumidən şəxsən xəbər göndərmişdim ki(M.C.Bağırovu nəzərdə tutur-A.M.), onların qaçmaq fikirləri var, daha doğrusu, onlar qaçdılar. Bu xəbəri də qulaqardına vurdular, nəticədə isə sovet hakimiyyətinin qatı düşməni kanonerkada Türkiyəyə qaçmağa müvəffəq oldu, o, indi də orada yaşayır.
Bağırovu nə qədər inandırmağa çalışdılar ki, Rəsulzadənin göndərdiyi “mühacir mütəxəssis” əks-inqilabi iş aparır, o bunları qulaqardına vururdu. 

Həmin məktubu moderator.az saytı vasitəsi ilə oxuculara təqdim edirəm.
РГАСПИ. (Rusiya arxivi ) F. 17. Siy. 171. İş 469. Səh. 104-116.
 
 İ.K.Əfəndiyevin N.S.Xruşşova yazdığı 7 oktyabr 1953-cü il tarixli məktub (ixtisarla) MK Rəyasət Heyətinin bütün üzvlərinə və Sov.İKP MK katiblərinə göndərmək, N.Xruşşov 16.Х1.53-cü il. Surətdən surət
“Tamamilə məxfi
Şəxsən Sov.İKP MK katibi yol. N.S.Xruşşova!

– Əziz Nikita Sergeyeviç! Sizin simanızda xalqımızın ağlı-zəkası olan partiyamızın Mərkəzi Komitəsinə aşağıdakı məsələ ilə bağlı müraciət edirəm. Mən ömrümün gənclik illərindən, Vətənimizin düşmənlərinə qarşı partiyamızın mübarizəsi ilə sıx bağlı olmuşam. Həyatım sovet kəşfiyyatı ilə bağlı olub və işlədiyim müddətdə mənim hər hansı bir qüsurum olmayıb. Mən sovet kəşfiyyatında heç vaxt yalan danışmamış, sovet hakimiyyətinin düşmənlərinə qarşı uzun illər amansız mübarizə aparmışam. Azərbaycan sovet kəşfiyyatında elə adam yoxdur ki, mənimki qədər eyni dərəcədə keyfiyyətli və kəmiyyətli “şəxsi işi” olsun. Sizin simanızda partiyamızın qarşısında and içirəm ki, heç vaxt şəxsi maraqlarım naminə mənim kimisə rüsvay etmək fikrim olmayıb. Dediklərim bu məktuba da aidddir. Mir Cəfər Bağırov ilə əlaqədar sizin vaxtınızı almaq istəməzdim.Əgər Bağırov özü vicdanla, namusla şəxsi, siyasi və s. iç-üzünü açsa idi, onda görünərdi ki, o, şanlı təşkilatımıza və bütün Azərbaycan xalqına nə qədər ləkə gətirib. Lakin o, bu etirafı indiki günə qədər etməyib.

Bağırovda nə namus, nə vicdan, nə də düzlük var. O, gözləmə mövqeyindədir, quyruğunu bulayır, özünü quzuya oxşadır. “Səhvlərini” həvəslə boynuna alır, ancaq partiyanı (MK) maraqlandıran əsas məsələlərə yaxın gəlmir. Bununla bağlı bir tarix maraqlıdır. Azərbaycan KP MK-nın fəallarla birgə keçirilən plenumunda, onu heç kim Beriyanın cinayət əməllərinə görə ittiham etmirdi. Həmin o Bağırov (ola bilsin profilaktika üçün) adının Beriya ilə əlaqələndirilməsini bütün imkanı daxilində qətiyyətlə, kəskin şəkildə rədd edirdi. Deyirdi ki, guya, “bu faktla bağlı mən də sizin kimi heyrətlənmişəm”. Burada deyiblər ki, oğrunun papağı yanır! O, bu sadəlövh siyasətlə kimi aldatmaq istəyir?! Partiya və bütün xalq bilir ki, Beriya ilə Bağırov – siam əkizləridir. Və bir sual yaranır: bunlardan hansı müəllim, hansı şagirddir? Aşağıda sadalanan bir neçə fakt onu göstərir ki, Bağırov və onun siyasət dostu Beriya məharətlə maskalanıb inam qazana biliblər; Bağırovda hakimiyyəti Beriya kimi tamamilə ələ keçirmək arzusunda idi, o, Beriya kimi karyera məqsədlərinə çatmaq üçün bu yolda heç nədən, hətta siyasi avantüradan belə çəkinmirdi. Və s… Beriya və Bağırov – ikisi də eyni dərəcədə bir yuvanın quşudur və bizim partiyamızla onların ümumiyyətlə heç bir yaxınlığı olmayıb. Faktlara müraciət edək: 1. 1918-ci ildə M.C.Bağırov Quba uyezdrevkomun sədri təyin olunan zaman sovet qoşun hissələri Qubaya yola düşür. Bu qoşun dəstələrinə, səhv etmirəmsə, Qoqoberidze və Lordkipanidze rəhbərlik edirdilər. Mənim bacımın əri Qulam Məmmədov orada xəzinədar işləyirdi. Mən və bacım bir yerdə Qubaya gedirdik. Biz Xaçmaz – Quba yolunu keçən vaxt Əli Bəy Zizikskinin bandası sovet qoşunlarına hücum etdi. Sovet qoşunları bu bandanı dağıdandan sonra isə Qubaya daxil oldu. Sovet hakimiyyəti qurulandan sonra (28.IV.20-ci il) Bağırov Bakıya gəldi, tezliklə Azərbaycan FK (Fövqalədə Komissiya-A.M.)-nın sədri oldu.

Hər halda, onun birinci vəzifəsi (sərt qanunlar dövründə) birbaşa Əli Bəy Zizikskini zərərsizləşdirmək və məsuliyyətə cəlb etmək idi, çünki o, Bağırovla silahlı mübarizəyə girmişdi. Ancaq bu, baş vermədi. Bağırov Ə. Zizikskini öz himayəsinə götürdü ki, bu da Azərbaycan xalqına çox baha başa gəldi. Şamaxı uyezd siyasi bürosu (o vaxt FK uyezd orqanları belə adlanırdı) ilə mənim şəxsi əlaqəm vardı, məlumat verdim ki, Əli Bəy Zizikski müntəzəm olaraq Şamaxı şəhərinə gəlir. Orada onun arvadı Ağalarova əksinqilabçı elementlərlə əlaqə qurur və antisovet çıxışlar hazırlayır. Bu məsələdə o, nəinki müsavatçılarla, hətta orada “könüllü qalan” türk əsgərləri və zabitləri (oxu: kəşfiyyatçı) ilə əlbirdir. Şamaxı siyasi bürosunun rəisi yol. Krasnı informasiya məsələləri üzrə müvəkkil kimi mənə məlumat verdi ki, bu siqnalı şəxsən Beriyanın iştirakı ilə Bağırova vermişdir.
Bağırov isə sənədləri Beriyaya vermiş və demişdi: “Mən onu (yəni Əli Bəy Zizikskini ) tanıyıram, ondan təhlükə gözlənilmir!”. Ancaq qorxulu və həyəcanlı xəbərlər gəlirdi ki, Kaleybuqurt şeyxlərlə, qolçomaqlarla, “Türkiyə könüllüləri ilə” birgə – onların ideya rəhbərləri Triniç Əhməd adlı birisi olub, – müsavatçılar Qaraqoyunlu üsyanı hazırlayırlar. Bütün fəaliyyət pantürkizm şüarı altında gedirdi. Bu işdə Ə. Zizikskinin təsiri var idi. Bu informasiyanı qulaqardına vuran Bağırov vəziyyəti o hala catdırmışdı ki, Qaraqoyunlu üsyanı baş verdi. Bu, təsadüfi ola bilərmi?
2. Məlumdur ki, 1918-ci ildə türk qoşunları Azərbaycanı işğal etdilər, gənc sovet hakimiyyətini boğdular. O vaxt Bağırov, özünün dediyinə görə, Qubadan Həştərxana getmişdi. Həmin vaxt Şükri Paşa Qubaya daxil oldu. Türklərin qərargah rəisi Əhməd Bedin idi. Bir çox antisovet elementləri türklərin və müsavatçıların tərəfinə keçmişdi. Mən və bacım o vaxt Qubada idik. Quba uyezdrevkomun sədr müavini Məhəmməd Mehdini bizim gözümüzün qabağında asdılar. Bunları Əhməd Bedin, Əli Zizikski, Hacı Ağa Şahverdiyev (indi Sov.İKP-nin üzvü və Bağırovun dostudur) etdilər. Nəhayət ki, Azərbaycanda sovet hakimiyyəti quruldu.

Bağırov Azərbaycan FK-nın sədri oldu. Mən və bir sira kommunistlər Əhməd Bedini tanıyırdıq, o, ÜİK(b)P-nin üzvü və rəhbər işçi Əhməd Triniçə çevrilmişdi. Mən, Qulam Məmmədov, Bulqeys Məmmədova və başqa yoldaşlar o dəqiqə partiyanın kəşfiyyat xəttilə şəxsən Bağırova xəbər verdik ki, Qubaya daxil olmuş türk qoşunlarının qərargah rəisi olan Əhməd Triniç həmən o Əhməd Bedindir.Bu, o kəsdir ki, bolşevik Məhəmməd Mehdinı asmışdı. Rəsmi informasiyalarla müəyyən edilmişdir ki, bu Əhməd Triniç görkəmli türk kəşfiyyatçısı, antisovet qruplaşmaların təşkilatçısı, pantürkizmin ideoloqudur, o, müsavatçılarla əlbirdir və s.

Lakin Bağırov (FK sədri) bunu qulaqardına vuraraq gözə kül üfürür və deyir: “Azərbaycan MK-ya məlumdur ki, Əhməd Triniç partiya tərəfindən düşmən düşərgəsinə iş üçün göndərilmişdi, bu, hamımıza məlumdur”. Mənim xəttimlə (kəşfiyyat) sərəncam daxil olmuşdur ki, “Triniçin işini qurtarın”. Ola bilərmi ki bu, təsadüf olsun?
3. Lakin Əhməd Triniç öz əksinqilabi fəaliyyətini davam etdirərək sona çatdırdı. Ali pedaqoji təhsil təşkil etmək adı altında Azərbaycan Pedaqoji İnstitutuna (APİ) Türkiyədən müəllimlər dəvət olundu. Həmin “müəllimlər – elmin və Azərbaycan dilinin bilicisi” kimi qələmə verilirdi. Azərbaycan sovet kəşfiyyatının xeyir-duası ilə, Bağırovun rəhbərliyi ilə Azərbaycana “mütəxəssis-müəllimlər” gəldilər. Tezliklə mən (“Ayaz” ləqəbi ilə) yenə xəbər ötürdüm ki, APİ müəllim-mütəxəssis yox, türk kəşfiyyatçıları hazırlayır. Onların hamısı Əhməd Triniçlə bağlı idi, o isə nüfuzunu artırır və hakimiyyətdə yer tutmuş burjua millətçiləri ilə sıx əlaqə saxlayırdı. “Məni ağzımdan vurdular” o demək idi ki, bu sənin obyektlərin deyil, “mane olma”. Lakin bizim əks-kəşfiyyatçılarımız (xaricdəkilər) Moskvaya xəbər verdilər ki, Bakıda əksinqilabçılar APİ-də yuva qurublar; məhz bundan sonra onları SSRİ-dən çıxartdılar. Ancaq Əhməd Triniçi ifşa etmək üçün (o, əslində Bedin idi) 17 il lazım oldu. Bəyəm bu da təsadüfdür?
4. Müsavat Partiyasının lideri Məmməd Əmin Rəsulzadənin və bu partiyanın katibi Abbasqulu Kazımzadənin həbsində iştirak edən bir insan kimi, bilirdim ki, RəsulzadəV.İ.Leninin teleqramı əsasında Moskvaya aparılmış və Xalq Millətlər Komissarlığında saxlanmışdı. Moskvada qısa müddət işlədiyi zaman o, antisovet ruhunda olan bütün Azərbaycan mühacirlərini geri çağırdı. Onların arasında çoxlu alman, fransız, türk kəşfiyyatının agentləri var idi. Bütün bu elementlər mütəxəssis kimi Azərbaycana göndərilmişdi. Almaniyadan Bakıya İsmayılzadə İbrahim, Atayev Əli Rza, Fransadan HüseynbəyovZeyinəm bəy, Mustafayev (adı yadımdan çıxıb), Səlim Əliyev və başqaları gəlmişdilər… Tezliklə onlar mənim “obyektlərim” oldu.
Onlardan öyrəndim ki, Məmməd Əmin Rəsulzadə öz siyasi xəttindən əl çəkməyib. Sağ qalan müsavatçılarla – Veysəl Mustafayev, Xəlifəzadə və başqaları ilə o əlaqə yaradır. Məmməd Əmin Rəsulzadə və Abasqulu Kazımzadə Suxuma “dincəlməyə gəlmişdilər”. Suxumidən şəxsən xəbər göndərmişdim ki, onların qaçmaq fikirləri var, daha doğrusu, onlar qaçdılar. Bu xəbəri də qulaqardına vurdular, nəticədə isə sovet hakimiyyətinin qatı düşməni kanonerkada Türkiyəyə qaçmağa müvəffəq oldu, o, indi də orada yaşayır.
Bağırovu nə qədər inandırmağa çalışdılar ki, Rəsulzadənin göndərdiyi “mühacir mütəxəssis” əks-inqilabi iş aparır, o bunları qulaqardına vururdu. Onların zərərsizləşdirilməsi üçün isə 12 ildən 16 ilə qədər vaxt tələb olundu. Görəsən, bu da təsadüfdür?
5. Ümumiyyətlə, Bağırovun qəribə antisovet şəxslərlə dostluq əlaqələri müşahidə olunurdu : “bir cekist kimi mənə olar”. Lakin 1932-ci ildə belə qüsurlu əlaqələrinə görə onu işdən çıxardılar. Onun dostları isə – zəngin mülkədar Məşədi Əli İsmayılov, “onun həyatını xilas edən” Camal Mirzəyev, quldur Qazan Papax oğlu Məhəmməd (Onu MK-nın qərarından sonra məcbur olub güllələdilər) və başqaları yalnız Bağırovun himayəsi ilə sağ qalmışdılar. Son dərəcədə dəhşətlisi bu idi ki, o, əksinqilabçı dəstə ilə hesablaşmağa tələsmir, cürbəcür yollarla onları qoruyurdu, lakin iş bolşeviklərə çatanda, həddindən artıq diqqətli olurdu. Türkiyə KP MK üzvü ilə bağlı hadisəni yada salaq, onu bir “xuliqanlıq” hərəkətinə görə (Azərbaycan FK-nın sədr müavini Qorbaçenko ilə pivəxanada şuluqluq salmışdı) günahsız yerə güllələdilər. Bu adam özü ilə Moskvaya iş aparırdı, onda Sovet İttifaqında, xüsusilə Azərbaycanda fəaliyyət göstərən əksinqilabçı şəbəkələri haqqında məlumatlar var idi. Bu qondarma, əldəqayırma şuluqluq işinə “siyası material” donu geydirdilər və o, heç nəyə görə güllələndi. Bu işi də gizlətməyə müvəffəq oldular. Və bu, “yüngül xəsarətlə” nəticələndi. Qorbaçenko 10 il iş aldı, lakin çox çəkmədi ki, o, Bakıya qayıtdı. Bunu necə adlandırmaq olar, yenə təsadüf?
6. Ola bilər bu da təsadüf olsun ki, Azərbaycanda işdən çıxarılmış, ifşa olunmuş Bağırov Gürcüstana Beriyanın yanına getdi və Beriya da onu xilas etdi, sığınacaq verdi. Bu, Beriyaya göstərdiyi qulluğa görə Bağırovun haqqı idi. Bakı “işlərində” xilasına görə o, Azərbaycan FK-nın sədr müavini vəzifəsində işləyən zamandan Bağırova borclu qalmışdı. Müsavatın əks-kəşfiyyatı ilə, eləcə də onun vasitəsilə Türkiyənin əks-kəşfiyyatı ilə bağlı olan Beriya Xəzər Hərbi-Dəniz Donanmasında üsyanın qalxmasına müvəffəq oldu. Bir neçə dənizçi dava-dalaş saldığına görə o, camaat qarşısında açıq-açığına həbs edildi (qəsdən belə bir forma düşünülmüşdü). Dənizçilər elə o andaca “repressiyaya məruz qaldılar” və güllələndilər (ola bilərmi ki, Azərbaycan FK sədri bunları bilməsin). Hərbiçilər öz yoldaşlarını tələb edirdilər, ara daha da qızışaraq o dərəcəyə çatmışdı ki, hərbi gəmilər ultimatum verdilər ki, onlar Bakını bombardman etmək istəyirlər. Əksinqilabçılarla əlbir olanların bu işini ifşa etmək üçün partiyamıza nə qədər güc lazım oldu. Ola bilərmi Bağırov bunları bilməsin ki, Beriya əks-kəşfiyyatda xidmət edib və bu faktdır ki, o, Azərbaycanda sovet hakimiyyətini devirməyə çalışırdı? Amam o, bunları bilməmiş deyildi! Lakin o, “təmizlədi”, müdafiə etdi və Beriyanı yola saldı ki, get, qardaşım, alınmadı… Budamı, təsadüfdür? Soruşmaq lazımdır ki, kimin təşəbbüsü ilə Bağırov 1932-ci ildə Azərbaycan SSR Xalq Komissarları Sovetinin sədri vəzifəsinə irəli çəkilmişdir? Bu, həqiqətən Beriyanın təşəbbüsü idi! 1933-cü ildən sonra Bağırov öz müəmmalı əlaqələrini, antisovet elementlərə qarşı münasibətini dəyişmişdimi? Bəli, taktikanı dəyişərək o, daha da fəallaşdı. Bir sözlə, belə baxanda rus xalqı ilə dostluğun tərəfdarı olduğunu deyirdi və müridizmə, pantürkizmə, panislamizmə qarşı çıxış edirdi. Onun forması belə, məzmunu isə başqa cür idi.
7. 1934-cü ildə M.C.Bağırov yaxın dostu vasitəsilə türk ordusunun zabiti Musa Şəmsəddinskini Azərbaycan Xalq Komissarları Soveti işlər idarəsinin midiri vəzifəsinə götürür və tezliklə onu Azərbaycan SSR Ali Sovetinin katibi vəzifəsinə irəli çəkir.Burjua-millətçi rəhbər işçilərin işi barəsində şəxsən mən xəbər hazırlamışdım, qeyd etmək lazımdır ki, Musa Şəmsəddinski buna qədər Azərbaycan BSİ-nin sovet kəşfiyyat işi üzrə informasiya şöbəsinin rəisi, yəni mənim müdirim idi. Müsavatçıların Kelvin qrupu vasitəsilə Cami Əfəndiyev başda olmaqla Azərbaycan SSR Ali Soveti sədrinin göstərişi ilə İsmayıllı əhalisi arasında süni narazılıq yaradılır, silahlı üsyan hazırlanırdı. Azərbaycan BSİ, – onun rəhbərliyində Sumbatov-Topuridze oturmuşdu, – bu işi zərərsizləşdirmək əvəzinə rəhbərliyə xəbər vermişdi ki, bu işi mən ifşa edirəm. Məni çağırdılar və orada mənə təklif etdilər ki: “Öz işinlə məşğul ol və bu cür işlərə girişmə”. Lakin mən mətbuatda (“Bakinskiyraboçi” qəzetində adamım var idi) çıxış etdim. Mətbuatda məqalə çap ediləndən sonra bu antisovet ünsürü aradan götürməyə məcbur oldular və s. Bu zaman Bağırov mənimlə “ciddi” maraqlanmağa başladı. “Soyuq müharibə” başladı. Bu haqda 1-ci şöbənin işçisi Səfər Məmmədov mənə məlumat verdi. Qoy bu da təsadüf olsun.
8. 1930-cu ildən mən Heydər Hüseynovu “izləyirdim”, ona görə ki Türkiyədən – bizimkilərdən məlumat verilmişdi ki, onun öz dayısı ilə əlaqəsi var. Onun dayısı Türkiyədə antisovet təşkilata rəhbərlik edirdi, İranda yaşayan əmisi də antisovet işi aparırdı. Heydər Hüseynovun əks-kəşfiyyatla əlaqələri xırdalığına qədər müəyyən olunmuşdu. Lakin Bağırov (ona bu barədə xəbər vermişdilər) inadla bütün materialları rədd edirdi. AAK-dan son dərəcədə xahişi ilə o, Heydər Hüseynova dissertasiyasını müdafiə etmədən fəlsəfə elmləri doktoru elmi adı verdirdi, onu Azərrbaycan SSR Elmlər Akademiyasının vitse-prezidenti vəzifəsinə qoydu, Azərbaycan KP MK-nın tərkibinə saldırdı, partiya arxivini (İMEL) ona həvalə etdi. 20 il gərək oldu ki, nəhayət Bağırov başa “düşsün” ki, Heydər Hüseynovun apardığı iş təxribatdır. Görəndə ki iş pis alınır, o özü “Bolşevik” jurnalında məqalə ilə çıxış edir; əslində isə bu, ona qarşı bir həmlə idi (bax:”Müridizm xüsusiyyətləri barədə”) və nəticədə Heydər Hüseynov özünü asdı. Nədir, bunlar da təsadüfdür? 9.Yüzlərlə insan minlərlə rəsmi, qeyri-rəsmi imzasız məktublarla müntəzəm olaraq Azərbaycan SSR kəşfiyyat orqanlarına, Bağırova məlumat verirdi ki, partiyanı antisovet elementlərlə zibilləmək olmaz, belələrini təşviq etmək olmaz, xüsusən ona görə ki, təmiz alimlərə, sadiq insanlara etinasız yanaşırdılar. Lakin o, amansız, zalım, rəhmsiz idi. Və partiyada 1937-ci ildə güllələnmiş müsavatçı Şirin bəy Səfərəlibəyovun qardaşı Mehdi bəy Səfərəlibəyova vəzifə vermiş və burjua millətçisinin oğlu Əsgər bəy Eyvazovun oğlu Bahadur Eyvazovu tibb institutunun direktoru vəzifəsinə irəli çəkmişdi; o, indi də orada işləyir. Bağırova pantürkist “Fevziyət” jurnalından sənəd təqdim etmişdilər, orada Türkiyədən Mir Əsədulla Mir Qasımın Azərbaycanın müsavat ziyalılarına müraciəti çap olunmuşdu. Lakin Bağırov onu Azərbaycan Elmlər Akademiyasına prezident vəzifəsinə irəli çəkir; bilə-bilə ki, alim kimi və cərrah kimi o, heç kimdir, onu SSRİ Ali Sovetinin tərkibinə salır. Tanınmış bütün əksinqilabçı elementlər – İsmayılzadə, Atayevlər, Musabəyov (bütün nəsli güllələndi), Şahsuvarov, Rzabəyli və başqaları Azərbaycan Tibb İnstitutunda kafedraları tutdular və partiya təşkilatı nə qədər çalışıb-vuruşdusa, bu adamların etibarlı dostu Bağırovu inandırmaq olmadı ki, vəziyyət dözülməzdir.
10. Bağırov sözdə dostluqdan çıxış edir, hər yerdə böyük rus xalqının əhəmiyyətli rolundan danışırdı. Lakin vaxtilə dövlət nəzarəti naziri Zeynal Əlizadə yoldaş respublikanın birincisi haqqında Moskvaya xəbər verdiyinə görə, o, naziri dərhal vəzifədən çıxarmaq istəyirdi və onututduracaqdı, lakin onu Q.M.Malenkov yoldaş qurtardı. Ola bilsin ki, bu da təsadüfdür və Beriya kimi Bağırov da DİN-i partiyadan üstün bir orqana, onu özünün çirkli əməllərini yerinə yetirən, sözəbaxan bir alətə çevirmişdi (onların metodu eyni idi). Bu orqan Bağırovun istədiyi hər bir adama “PN” (“siyasi cəhətdən etibarsız”) damğası vururdu. Bu orqan saxtalaşdırılmanınyayılmasını, hamıya – qəlbinə yatmayan bütün adamlara qarşı yalan ittihamların irəli sürülməsini öz adətinə çevirmişdi. Misallar gətirim. SSRİ Dövlət Nəzarəti Nazirliyinin materiallar üzrə böyük bir qrup müfəttişi başda SSRİ Dövlət nəzarəti nazirinin müavini yol.Starostin olmaqla (Mexlisin dövründə) yoxlama aparmışdılar. Müfəttişlər çoxlu sayda materiallar topla-mışdılar. Bu işin nə ilə nəticələnəcəyini görən Bağırov öz qulbeçələrinə – daxili işlər naziri YemelyanovStepanFyodoroviçə “bu işi sındırmaq” “tapşırığını” vermişdi. Və təxribat metodları işə düşür, y.Starostinə cavan, göycək qızları soxuşdururlar, onu içizdirirlər, cürbəcür variantlarda və vəziyyətdə şəklini çəkirlər. “Materialların” sayı çoxaldıqdan sonra BağırovBeriya ilə əlaqə saxlayır (təsadüfən?), Yusupovu (Özbəkistan) “mobilləşdirir” və bütün bu “materiallarla” Moskvaya ÜİK(b)P MK Siyasi bürosunun iclasına gəlir. Orada bu materiallar və digər bütün sənədlər Mexlisə və Starostinə qarşı qoyulur. “Necə ola bilər ki, belə adamlar bizi ittiham edər. Müfəttişlərə bir baxın, onlar bu cürdürlər”. Zalım olan bu adam öz hakimiyyətini heç kimlə bölmək niyyətində deyildi, elə kadr məsələsində də sözəbaxan və ona şəxsən sədaqətli olan insanları işə götürürdi. İstedadlı və bacarıqlı, təmiz, partiyamıza sədaqətli olan insanlar özlərinə layiq yer tapa bilmirdilər. Onun əhatəsində olan silahdaşları: Çekistlər Sumbatov-Topuridze (Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini, 1920-ci ildən onunla Azərbaycan FK-da, sonra Beriya ilə Moskvada – Kremldə işləyirdi, indi həbs olunub), Beriyanın qohumu Narçimaşvili, Kubra Fərəcova – onun bir neçə oynaşlarından biri, Sadıx Fərəcovun həyat yoldaşı, – keçmiş müsavatçı Bağırovun tapşırığı ilə Sov.İKP üzvü oldu, Həsən Həsənov – qolçomaq tör-töküntüsü, Bağırov onu Azərbaycan KP MK katibi vəzifəsinə irəli sürmüşdü (partiya fəallarının xəbərdarlıqlarına baxmayaraq), indi Azərbaycan KP MK-nın təhsil şöbəsində işləyir, Yemelyanov S.F. – Bağırovun sədaqətli köpəyi, öz xidməti vəzifəsindən yararlanan Azərbaycanın daxili işlər naziri, Bağırovun sifariş verdiyi bütün adamları siyasi obyektivlik göstərənləri zərərsizləşdirirdi. Şahverdiyev Hacı Ağa (Türkiyə əks-kəşfiyyatına işləyirdi), Gülməmmədov – Bağırovun Quba üzrə silahdaşı, onun burjua-millətçi tendensiyaları yerli qruplaşmalardan bəllidir və s. Belə olan təqdirdə, əziz NikitaSergeyeviç, bütün ömrü boyu Bağırovun ideya rəhbərliyi altında onunla bir yerdə FK-da işləmiş indiki Nazirlər Sovetinin sədri Teymur Quliyevə və Bağırovun yaxın şagirdi və yetişdirməsi, dəfələrlə Azərbaycanın Daxili işlər naziri işləmiş və uzun illər Bağırova itaətkarcasına xidmət etmiş Azərbaycan KP MK-nın indiki katibi Yaqubov Mir-Teymura çətin inanmaq olar. Onlar onun göstərişlərini kor-koranə yerinə yetirmişlər, hər şeydə ona oxşamaq istəyirdilər (geyimində, yerişində, çağırışında və s.). İndi çətin inanmaq olur ki, “seyredicilər” öz müəllimlərinin qüsurlu iş metodlarına yoluxmasınlar. Bu insanın amoral hərəkətindən, mənəviyyatsızlıq faktlarından, onun bəy-feodal həyat tərzindən danışmaq istəmirəm. Onu işdən çıxarandan sonra Azərbaycanda xalq arasında deyirdilər ki, “belə işləri heç şirvanşahlar da özlərinə rəva bilmirdilər”. O, çoxlu gözəl azərbaycanlı qızları rəhbər vəzifələrə irəli çəkirdi, sonra isə “xidməti işlərlə əlaqədar” çağıraraq onları qadın kimi istifadə edirdi (K. Fərəcova, Z. Əlizadə, Xanməmmədova, P. Qaşımzadə və b.). Bunlar xırda şeylərdir və bu hərəkətlər həqiqətdə mənəviyyatı pozulmuş siyasətçilər üçündir. Təsadüfi deyildi ki, Bağırovda eynilə Beriya kimi nəinki partiyanın şübhə ilə yanaşdığı adamları həbsdən azad etdirir və hətta təkid edirdilər ki, o insanları azad etmək vacibdir (Triniçlə, Qazan Papax oğlu Məmmədovla, Hüseyn Musayevlə, Z.Əlizadə və başqaları ilə olduğu kimi). Budur bəzi faktlar, onlar Bağırovun indiki hərəkətləri müqabilində heç də tasadüfi deyildir, onların arxasında sosial-siyasi köklər durur. Uzun illər boyu siyasi sayıqlığın öləziməsi, partiyamıza qarşı düşmən münasibət aşılayan “sentimentalizm”, son dərəcə “havadarlıq”, cürbəcür antisovet ünsür və düz, təmiz, vicdanlı sovet adamlarına qarşı zülmkarlıq, nəinki bitərəflərin, həmçinin partiya üzvlərinin də hüquqlarını boğmaq siyasəti, hədsiz hakimiyyət ehtirası, karyerizm, siyasi avantüra metodları, xoşlarına gəlməyən insanlara divan tutulması təsadüfi ola bilməzdi. Düzü, əgər Bağırovun arxasında möhkəm, mötəbər, etibarlı dayağı olmasaydı, heç inkişaf da edə bilməzdi; belə dayağı o, Beriyanın timsalında tapmışdı. Bütün bu keyfiyyətlər eynilə Beriyaya da, Bağırova da xasdır, bu hisslər onları bir-birinə doğmalaşlaşdırır. Bağırov elə başa düşəcək ki, əlverişli məqamdan istifadə edərək mən onunla şəxsi haqq-hesab çəkirəm”.
 
İ.K.Əfəndiyev 7.Х.1953 Moskva, Pistsovaya, 16, korp. 2, mənzil 69
 
Adıgözəl Məmmədov