Marqaritanın və onun kimilərin bacardıqları yeganə “iş” - təxribatçılıq, təfriqəçilik, millətlər arasında ədavəti qızışdırmaq
Marqaritanın və onun kimilərin bacardıqları yeganə “iş” - təxribatçılıq, təfriqəçilik, millətlər arasında ədavəti qızışdırmaq
27.09.2023 Elçin Mirzəbəyli Tərəfindən

Məsələ burasındadır ki, Marqarita Simonyan, Tiqran Keosayan kimi ermənilər hələ də xidmət etdikləri nifrət və kin idealogiyasının iflasa uğramasının, tarixi Azərbaycan torpaqlarında etnik təmizləmə və məcburi deportasiya hesabına onlar üçün "qurulan" “Ermənistan” adlı qucaq dövlətinin rüsvaçı məğlubiyyətinin yeganə səbəbkarı kimi Nikol Paşinyanı görürlər.

Amma anlamırlar ki, xəstə, zəhərli erməni ultramillətçiliyinin biabırçı məğlubiyyətinin səbəbi, Azərbaycanın işğalın himayə olunmasından arxayınlaşan Ermənistandan fərqli olaraq, öz ərazi bütövlüyünü bərpa etmək üçün vahid və çoxşaxəli strategiya üzrə hərəkət etməsi, dünyada Ermənistan və erməniliklə olan təsəvvürləri, regiondakı reallıqları mümkün qədər dəyişə bilməsi, güclənməsidir. Ermənistan və ultramillətçi ermənilik ona görə məğlub olmayıb ki, bu ölkənin siyasi rəhbəri Nikol Paşinyandır, ona görə məğlub olub ki, Azərbaycanın lideri İlham Əliyevdir. Simonyanın Nikol Paşinyana qarşı sui-qəsd çağırışına gəldikdə isə burada təəccüblü heç nə yoxdur. Sui-qəsd, terror ermənilərin xəstə, ultramillətçi kəsiyinin yeganə silahıdır. Bu xəstə təfəkkür reallığı, həqiqəti qəbul etmək iqtidarında deyil, o problemi heç vaxt özündə axtarmır. Əslində bu gün baş verənlərdə və vəziyyətin bu yerə gəlib çıxmasında ən böyük günahkarlardan biri də Marqarita Simonyan və onun kimilərdir. Məhz onların daşıyıcısı və təbliğatçısı olduğu xəstə ideologiya Ermənistanı və erməniləri indiki duruma salıb. Simonyanlar erməni xalqına həqiqəti deyənlərin məhvinə bais olublar. Ermənistanı qonşulara qarşı ədavətdən çəkinməyə, sülhə çağıran vardqes petrosyanlar evlərinin qarşısında güllələndikcə onların yerini simonyanlar, keosayanlar tutub. Digər tərəfdən, Simonyan öz gününə “ağlayır”. Çünki daha Azərbaycan torpaqlarının işğalı, separatçılığın, ədavətin qızışdırılması üzərindən milyonlar qazana bilməyəcək. Marqaritanın və onun kimilərin bacardıqları yeganə “iş” - təxribatçılıq, təfriqəçilik, millətlər arasında ədavəti qızışdırmaq, nifrət toxumu səpmək, saxta tarix, yalan və böhtan xarakterli məlumatlar üzərindən təbliğat aparmaqdır. Azərbaycanın qələbəsi və öz əraziləri üzərində suveren hüquqlarını bərpa etməsi ilə simonyanlar “işsiz” qalıblar.

Elçib Mirzəbəyli

visiontv.az