Maraqlı orasıdır ki, İran Azərbaycanla bağlı dezinformasiyanı kimin üçün buraxır?
Maraqlı orasıdır ki, İran Azərbaycanla bağlı dezinformasiyanı kimin üçün buraxır?
15.10.2021 Sahib Alıyev Tərəfindən

İranın yeni xarici işlər naziri Moskva səfəri zamanı Azərbaycanla bağlı səsləndirdiyi fikirlər, orada sərgilədiyi davranışla təmsil etdiyi dövlətin oturuşmuşluğuna və qədimliyinə heç cür uyuşmayan biri olduğunu ortaya qoymuşdu.

Amma Əmir Abdullahianın Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramova zəng etməmişdən qabaq  və sonra özünün, eyni zamanda da başında durduğu qurumun yaydığı dezinformasiyalar belə bir təəssürat yaradır ki, deyəsən İran qardaşlaşdığı Ermənistandan elə də çox fərqlənmir və onun kimi “failed state”cəsinə davranır.

Baxın, deməli,  İranın  xarici işlər naziri  oktyabrın 11-də Livanın  Əl Manar kanalına verdiyi intervüdə onların tələbi qarşılığında  Azərbaycan rəhbərliyinin  bizim ölkədəki “terorçuların və sionistlərin” buradan çıxarılacağı öhdəliyi götürdüyünü demişdi.  Demişdi və cavabını da almışdı. Azərbaycanın Xarici İşlər Nazirliyi  onun bu və bir çox başqa yalanlarını  “qətiyyətlə rədd” etmişdi.

Təkzibdən bir gün keçməmiş həmən cənab  xarici işlər nazirimizə zəng edib dostlq və qonşuluqdan, eyni zamanda da qarşılıqlı səfərlərdən dəm vurmaqla görüntü yaratmağa çalışdı ki, guya artıq tələbləri yerinə yetiriləndən sonra belə bir addım atıb. Yoxsa o boyda İran geriyə çəkilmək təsiri bağışlayan hərəkət etməzdi.

İki xarici işlər nazirinin telefon danışığı başa çatar-çatmaz isə İran tərəfi daha bir dezinformasiya buraxdı ki, Azərbaycan onların iki sürücüsünü həbsdən açıb buraxıb. Xatırladaq ki, burada söhbət Qarabağa qanunsuz yük daşıyan sürücülərdən gedir.

Niyə məhz o iki nəfərin tutulub saxlanması açığı mənim özüm üçün də xeyli düşündürücüdür. Belə fikirləşirəm ki, o sürücülər digər iranlılar  kimi  Azərbaycandan izinsiz Xankəndinə sadəcə qanunsuz yanacaq, yaxud da oradakıların ehtiyaclarının ödənməsinə yönəlmiş ərzaq və sair daşımayıblar. Başqa qaranlıq işlərdə də yer alıblar. Ola bilsin, bununla bağlı dəqiq bilgilər veriləcək.

İndi maraqlı orasıdır ki, İran bu dezinformasiyanı kimin üçün buraxır? Bütün dünya bilir ki, Azərbaycan təkcə Xarici İşlr Nazirliyi deyil,  ən yüksək səviyyədə burada terrorçuların olması və sionistlərin at oynatması haqda İranın iddialarının tam əsassız olduğunu bildirib. Cəbrayıla səfəri zamanı bunun uydurma olduğunu deyən Prezident İlham Əliyev İtaliyanın “La Repubblica” qəzetinə verdiyi  intervüsündə bir daha oxşar fikirlər səsləndirdi.

Elə isə sözü gedən dezinformasiyalar, İranın hava məkanının Naxçıvana daşınan bütün yüklər üçün açıq olması, Azərbaycanın özünün bunu istəməməsi kimi digər yalanlar nə üçündür? Bununla Yaxın Şərqdəki proksi və tərəfdarlarına, eyni zamanda da bizim İrandakı soydaşlarımıza özlərinin olmayan böyüklüyünümü göstərirlər?

Bilirsiniz, 19, hətta 20-ci əsr olsaydı, bəlkə də,  bu cür dezinformasiylar arzulanan effekti yaradardı. Amma indi  istənilən bir informasiyanı dəqiqləşdirmək elə də çox vaxt tələb etmir və bu, demək olar ki,  oxuyub-yazmağı bacaran hamı üçün əlçatandır.  Oxuyub-yazmağı bilməyənlərlə işləməklə isə elə də uzağa getmək olmur. Gedib Ermənistanda dirənib qalırsan!

Millət vəkili Sahib Alıyev

Visiontv.az