Laçının heyfini Kəlbəcərdən çıxmağa çalışan düşmənimiz...
Laçının heyfini Kəlbəcərdən çıxmağa çalışan düşmənimiz...
31.07.2022 Bəybala Mirzəyev Tərəfindən

Bu gün (iyulun 30-u) səhər saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Kəlbəcər rayonundakı mövqelərimizi növbəti dəfə müxtəlif çaplı atıcı silahlardan atəşə tutub.

Son vaxtlar düşmən ölkənin bu cür təxribatları mütəmadi hal alıb. Bunun da bir sıra səbəbləri var. Əsas səbəblərdən biri də yayın sonları, payızın əvvəllərində ermənilərin Laçının mərkəzini və sərhəd məntəqəsindəki iki kəndi tərk etməli olmasıyla bağlıdır. 

"Laçın dəhlizi"nə alternativ yolun tikintisi başa çatdıqdan sonra, Rusiyanın dırnaqarası "sülhməramlı"ları Laçının mərkəzindən və Zabux kəndindən sonuncu ermənini də çıxarıb, bu əraziləri bizə təhvil verməlidirlər. 

Ona görə də Ermənistan hakimiyyəti gah Kəlbəcər istiqamətində silahlı təxribatlar törədir, gah da Azərbaycan Ordusunun guya, Qırmızı Bazar istiqamətindəki erməni evlərini atəşə tutması barədə feyk-xəbərlər yayaraq vəziyyəti süni şəkildə gərginləşdirməyə, Azərbaycanı iri miqyaslı hərbi əməliyyatlara başlamağa təhrik etməyə və bununla da ölkəmizi dünya birliyinə aqressor kimi təqdim edib, 9 noyabr razılaşmasının öhdəliklərini yerinə yetirməkdən boyun qaçırmağa çalışır. 

Lakin rəsmi Bakı ermənilərin bu hiylələrini yaxşı başa düşür. Ona görə də baş verən təxribatlara və dezinformasiyalara təmkinlə yanaşır. 

Başqa sözlə desək, hazırda Azərbaycan gözləmə mövqeyinə üstünlük verir. Emosiyalara qapılmır, isterikaya yol vermir. Azərbaycan istəyir ki, ermənilər heç bir gərginlik baş vermədən Laçını sakit şəkildə tərk etsinlər. 

İndi bizim üçün ən yaxın hədəflərdən biri Laçının mərkəzində tezliklə Azərbaycan bayrağının dalğalanmasıdır.

Bəybala Mirzəyev

Visiontv.az