Kütləvi dini ayinlərin keçirilməsi virusa yoluxma halını genişləndirə bilər-Deputat
17.08.2020

Çox təəssüflər olsun ki, bu gün dünyada koronavirus pandemiyası davam edir. Virusun sürətlə yayılma coğrafiyası zaman-zaman yerini dəyişir və bu baxımdan karantin qaydalarına ciddi əməl olunmalıdır.

Visiontv.az xəbər verir ki, bunu Trend-ə Milli Məclisin deputatı Cavid Osmanov deyib.

Deputat bildirib ki, hazırkı vəziyyətdə insanların bir yerə toplaşması, kütləvi tədbirlərin keçirilməsi, əlbəttə ki, yolverilməzdir:

"Virusa qarşı qabaqlayıcı tədbirlərə və qoyulan qaydalara əməl olunmalıdır. Nə qədər ki, virusa qarşı peyvənd tapılmayıb, qoyulan qaydalara birmənalı olaraq riayət olunmalıdır.

Həmçinin belə bir vəziyyətdə tanınmış dini alimlər, dini ekspertlər də dini ayinlərin kütləvi şəkildə keçirilməsini tövsiyə etmirlər.

Onlar da tövsiyə edirlər ki, bu gün dünyada epidemioloji vəziyyət elan olunduğu üçün hər kəs dini ayinləri öz evində keçirsin. Xüsusilə də Məhərrəm ayında keçirilən dini ayinlərin Ramazan ayında olduğu kimi keçirilməsi tövsiyə edilir.

Burada həm də virtual məkandan istifadə etmək olar. Əslində dini alimlər pandemiyanın bu gün dünyada tüğyan etdiyi bir dövrdə dini ayinlərin kütləvi şəkildə keçirilməsini bir cinayət hesab edirlər.

Hesab edirəm ki, bu, doğru bir qiymətləndirmədir, çünki kütləvi dini ayinlərin keçirilməsi virusa yoluxma halını genişləndirə bilər və insanlar öz həyatını itirə bilərlər ki, bu da cinayətə bərabər bir məsələdir.

Ona görə də hər kəs Məhərrəm ayında da bu məsələyə anlayışla yanaşmalı, din xadimlərinin müvafiq tövsiyələrinə əməl etməli və dini ayinləri fərdi qaydada öz evində icra etməlidir".