KTMT, zənnimcə artıq “süni nəfəs aparatına” qoşulub...
KTMT, zənnimcə artıq “süni nəfəs aparatına” qoşulub...
17.05.2022 Elçin Mirzəbəyli Tərəfindən

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) son “zirvə toplantısı”nın yekun bəyanatı, bu təsisatın mahiyyət etibarilə öz ömrünü başa vurduğunu təsdiqləyir. KTMT, zənnimcə artıq “süni nəfəs aparatına” qoşulub...

Yekun bəyanatda yer alan əsas detallar da bunu sübuta yetirir. Belə ki, bəyanatda Avrasiya regionunda “davamlı sülhün əldə edilməsi”nin vacibliyi və KTMT-nin Avratlantik Alyansla praktiki əməkdaşlığa hazır olduğu vurğulanır. Burada diqqət çəkən bir vacib məqam var: Rəsmi Moskva “gərginliyin azaldılması” ilə bağlı özünün deyə bilmədiklərini KTMT-nin vasitəsilə ifadə edir. Bu, dolayısıyla Rusiyanın gərginliyə davam gətirmədiyinin, NATO ilə, hələlik bəlli olmayan şərtlər, yaxud güzəştlər çərçivəsində, praktiki əməkdaşlığa hazır olduğunun etitafıdır. Bəllidir ki, NATO KTMT-ni tərəf kimi qəbul etmir. Öz üzvləri tərəfindən hər kəlməbaşı ciddiliyi şübhə altına alınan bir təşkilatı hansı səbəblərdən tərəf saysınlar ki? KTMT-nin “zirvə toplantısı”nın görünən tərəfinə gözucu nəzər salmaq yetərlidir ki, üzvlərin zorla bir araya gətirildiyini, öz dediklərinə özlərinin belə inanmadığını müəyyənləşdirə biləsən.

Tekun bəyanatda Rusiyanın Ukraynaya hərbi müdaxiləsi ilə bağlı bircə kəlmə də yer almayıb, Moskvaya dilucu dəstək belə ifadə olunmayıb. Sadəcə KTMT üzvlərinin “nasizmin qəhrəmanlaşdırılmasına cəhdlərə” qarşı birgə dayanacaqları bildirilib. Həm də nasizmi qəhrəmanlaşdıranların iştirakı ilə... Hər kəsə bəllidir ki, nasizmi qəhrəmanlaşdıranların başında ermənilər və onların baş naziri Nikol Paşinyan dayanır. Uzağa getmək, yaxud səslənmək lazım deyildi, elə iclasdaca hər kəsdən şikayətlənən Paşinyana demək lazım idi ki, Nikol, get..., Njdenin abidəsini cəhənnəmə vasil elə...

Siyasi şərhçi Elçin Mirzəbəyli

visiontv.az