KTMT – nin bəyanatında Ermənistanda təcavüzkar, revanşist düşüncənin güclənməsinə xidmət edəcək bəndlər də var
KTMT – nin bəyanatında Ermənistanda təcavüzkar, revanşist düşüncənin güclənməsinə xidmət edəcək bəndlər də var
24.11.2022 MEDİA Tərəfindən

23 noyabr tarixində Ermənistanın Baş naziri Nikol Paşinyan KTMT sammiti çərçivəsində Kollektiv Təhlükəsizlik Şurasının bəyannamə layihəsini və ölkəsinə yardım göstərilməsi üçün birgə tədbirlər haqqında layihəni imzalamaqdan imtina edib. Mövzu ilə bağlı politoloq Anar Əliyev Visiontv.az saytına müsahibə verib. Həmin müsahibəni sizə təqdim edirik:

-KTMT Ermənistana yardım etmək barədə qərar qəbul etdi.  Bu təşkilatın hərbi yönümlü olmasını nəzərə alsaq təbii ki, yardım hərbi təyinatlı olacaq. Belə olduğu təqdirdə demək olarmı Rusiya KTMT adından Ermənistana yenə milyardalarla dollar dəyərində havayı silah-sursat hədiyyə edəcək? 

-KTMT – nin İrəvanda keçirlən iclasında qəbul olunan bəyanatda bir sıra müsbət məqamlarla yanaşı Cənubi Qafqazda mövcud kövrək sülhün pozulmasına xidmət edə biləcək Ermənistanda təcavüzkar, revanşist düşüncənin güclənməsinə xidmət edəcək bəndlər də öz əksini tapıbdır. Hesab edirəm ki, Ermənistan KTMT – nin iclasının gündəliyinə salmaq istədiyi iki mühüm bəndin qəbul olunmaması, KTMT daxilində Azərbaycanın dostlarının Ermənistandan daha çox olduğunu, rəsmi İrəvanın  KTMT daxilində də heç bir nüfuzunun olmadığını göstərir. Ermənistan – Azərbaycan sərhəd məsələsində KTMT – nin Ermənistana hərbi yardımını özündə əks etdirən bəndin qəbul olunmasına çalışırdı. İkincisi Azərbaycanın guya ki, işğalı faktı ilə bağlı yəni sentyabr ayının 12 – 14 tarixlərində baş vermis hadisələrlə bağlı KTMT – nin müzakirə aparmasını və qərar qəbul etməsini arzulayırdı.  Amma heç bir bənd qəbul edilmədi. Eyni zamanda əfsus ki, Ermənistana KTMT tərəfindən hərbi yardımların edilməsi ilə bağlı bənd öz əksini tapıbdı. Bu bəyanat əslində təcavüzkar Ermənistanın növbəti dəfə silahlandırılmasına xidmət edən bir anlayışdı. Təbii ki, indiki beynəlxalq şərtlər daxilində KTMT – nin Ermənistana hansısa böyük həcmli silahların verilməsi ilə bağlı xüsusilə də  qaytarılmayacaq kreditlər şəklində Ermənistana verilməsi ilə bağlı real imkanlar mövcud deyil. Amma belə bir qərarın qəbul olunması onu göstərir ki, Rusiya bölgədə heç də iki dövlət arasında əldə olunmuş kövrək sülhün möhkəmlənməsində maraqlı deyil. Ermənistan dövlətinin mahiyyətində sülhpərvərlik yoxdur. Əksinə Ermənistan dövlətinin mahiyyətində işğalçılıq və aqressorluq durur. Ona görə də işğalçıya, təcavüzkara hərbi yardımların edilməsi Ermənistanda növbəti dəfə Azərbaycan torpalarında işğalçılıq iddialarının səslənməsinə və möhkəmlənməsinə şərait yaratmış ola bilər. Ermənistan Azərbaycandan fərqli olaraq bölgədə daha çox aqressor kimi tanınır.

- Digər tərəfdən Paşinyan KTMT sammitinin bəyannaməsini imzalamaqdan imtina etdi. Sizcə bu Paşinyanın bir kaprizidir yoxsa daha incə oyun gedir?

-Hesab edirəm ki, KTMT – nin İrəvan sessiyasının həm müzakirə gündəliyi həm də bəyanatı bir çox detalları ilə yadda qalacaq.  Ermənistan baş nazirinin bu bəyanatı imzalamaqdan imtina etməsi isə növbəti dəfə Ermənistan cəmiyyətinə Rusiyadan KTMT – dən heç bir ümid olmadığını bəyan etmək, yeganə çıxış yolunun Qərb, ABŞ olduğunu nümayiş etdirmək mahiyyəti daşıyır. Eyni zamanda həm də Ermənistanın öz istəyinə nail olmadığını göstərir. Ermənistan əslində KTMT – nin bu iclasından da onun təcavüzkar maraqlarına xidmət edən ciddi qərarların qəbul olunmayacağını öncədən çox yaxşı bilirdi. Ümumilikdə KTMT və onun fəaliyyəti Cənubi Qafqaz üçün o qədər də müsbət qiymətləndirilə bilməz. Xüsusilə də KTMT – nin əsas aparıcı qüvvəsi olan Rusiyanın Ermənistanla Azərbaycan arasında münasibətlərin tənzimlənməsində eyni zamanda Qarabağdakı separatçı rejimin qorunub saxlanmasında müstəsna xidmətləri var. Bu mənada hesab edirəm ki, Ermənistanın təqdim etdiyindən fərqli olaraq Rusiya heç də sülhə xidmət edən davranışlar nümayiş etdirmir. Rusiyanın davranışları daha çox münaqişənin qorunub saxlanması, bu münaqişə vasitəsi ilə bölgə dövlətlərinə xüsusilə də Azərbaycana təsir imkanlarının davamlı şəkildə mövcudluğuna xidmət edir. Bir məsələni də qeyd etmək istəyirəm ki, Azərbaycan dövlətinin sərgilədiyi sərt və qətiyyətli mövqe xüsusilə də Qarabağda separatçı qüvvələrlə və Rus sülhməramlılarının taleyi ilə bağlı mövqe həm Ermənistan cəmiyyətində həm də Rusiyada da kifayət qədər ciddi qəbul edilir. Azərbaycanın iradəsinə zidd növbəti addımların atılmasının bölgədə Azərbaycandan daha çox Ermənistanın zərərinə olacağı ilə bağlı mövqe möhkəmlənməkdədir. Bu mövqenin yaranmasında və möhkəmlənməsində isə Azərbaycanın atdığı düşünülmüş, ardıcıl siyasət, yeritdiyi fəaliyyət müstəsna rol oynayır. 

Bünyamin Bünyadzadə

visiontv.az