KTMT adından Rusiyadan başqa digər dövlətlərin Ermənistana yardım edəcəyi ağlabatan deyil
KTMT adından Rusiyadan başqa digər dövlətlərin Ermənistana yardım edəcəyi ağlabatan deyil
24.11.2022 Sahib Alıyev Tərəfindən

Dünən İrəvanda KTMT-nin sammitində Ermənistana yardım etmək barədə qərar qəbul edildi. Bu təşkilatın hərbi yönümlü olmasını nəzərə alsaq təbii ki, yardım hərbi təyinatlı olacaq. Belə olduğu təqdirdə demək olarmı Rusiya KTMT adından Ermənistana yenə milyardalarla dollar dəyərində havayı silah-sursat hədiyyə edəcək? O cümlədən Paşinyan KTMT sammitinin bəyannaməsini imzalamaqdan imtina etdi. Sizcə bu Paşinyanın bir kaprizidir yoxsa daha incə oyun gedir?

Millət vəkili Sahib Alıyev Visiontv.az saytına açıqlamasında bildirdi ki, KTMT – nin İrəvandak sammitinin belə bitəcəyi və Paşinyanın yekun bəyannaməsini imzalamayacağı öncədən bəlli idi: "Paşinyanın sammitdə səsləndirdiyi tələblər öncədən də səsləndirilmişdi. Və üzv dövlətlərin əksəriyyətinə bunun şantaj xarakterli olduğu bəlli idi. Paşinyana isə o da bəlli idi ki, həmin tələblər yerinə yetirilməyəcək. İndiki halda Paşinyanın Qərbdəki kuratorları ondan KTMT- ni tərk etməyi tələb edirlər. Sammit öncəsi və sammit günü Ermənistanda Rusiya və KTMT əlehinə təşkil edilən mitinqlər də məhz bunun göstəricisi idi. Kimsəyə sirr deyil ki, bu mitinqləri təşkil edən elə Paşinyanın komandasıdır. Bu baxımdan İravanda yeni heç nə baş vermədi. KTMT adından Ermənistana hərbi yardım göstərmək məsələsi çox ciddi məsələdir. Lakin KTMT – lik məsələ deyil. Qazaxıstan, Qırğızıstan, Tacikistan və Belarusun Ermənistana hərbi yardım edəcəkləri ağılabatan görünmür. Bu həm də ona görə ağılabatan görünmür ki, bu Azərbaycanla əlaqələrin korlanmasına gətirib çıxarardı. Azərbaycan Prezidenti İlham Əliyevin ikinci Qarabağ savaşından sonra Ermənistandakı revanşist meyillər üzə çıxanda səsləndirdiyi dəqiq mövqe var. O, Ermənistana edilən hərbi yardımı Azərbaycana qeyri – dost hərəkəti kimi qiymətləndirəcəyini bildirmişdi.  Çox əfsus ki, biz humanitar yük adı altında yenidən belə qeyri – dost hərəkətlərinə yol verildiyini görürük.  Və onu da görürük ki, məhz bu humanitar dırnaqarası yükün Ermənistana göndərilməsindən sonra Rusiya hərbi kontingentinin Qarabağdakı müvəqqəti kontrolu olan hissədən Azərbaycan mövqeləri ardıcıl atəşə tutulmağa başlanılıb. Eyni zamanda Göyçədən də Kəlbəcərdəki mövqelərimiz davamlı atəş altında saxlanılır. Təbii ki, Azərbaycan bunu cavabsız qoymayacaq. Əgər Paşinyan KTMT sammitində də bəyan etdiyi kimi Zəngəzur dəhlizini açmaq istəmirsə, o zaman Qarabağa qanunsuz yollarla silah – sursat daşınan Laçın yolu dəqiq kontrol altında saxlanılmalıdır. Azərbaycana qarşı edilən təxribatlar cavabsız qalmamalıdır. Mən əminəm ki,  Ermənistan da, ora silah – sursat göndərənlər də bundan nəticə çıxarmasalar, əvvəllər bir neçə dəfə üzləşdikləri eyni vəziyyətlərlə üzləşəcəklər. Yəni, bizim mövqelərimizi davamlı atəşə tutarlarsa mütləq zərərsizləşdiriləcəklər.”

Bünyamin Bünyadzadə
Visiontv.az