Koronavirus fürsəti-yazıçı Nadir Qocabəyli
30.06.2020

Koronavirus pandemiyasını ciddi qəbul etmək, dövlətin verdiyi qərarlara, qaydalara əməl etmək lazımdır. Bu virus xalqımıza və ölkəmizə ciddi ziyan vura, hətta milli varlığımızı təhlükə altında qoya bilər. Biz bu qlobal baktereoloji silahın, nəhənglər çarpışmasının qurbanı ola, ayaq altda qala bilərik...

Bəlkə də, təhlükəni dərk etməyə hər kəsin beyni, dərrakəsi hazır deyil, ancaq o, realdır və hər birimizin qapısındadır. Virusun özünün vurmadığı insanlar, onun gətirdiyi iqtisadi və siyasi fəsadların qurbanına çevrilə bilərlər.

Məsələ mürəkkəbdir və hər kəsin dərk edə biləcəyi birməchullu tənlik deyil. Odur ki, sadəcə ağıllı və təcrübəli adamlara, dövlətimizə, onun başçısına inanmaq lazımdır.

Biz Tanrını da tam dərk edə bilmirik, amma ona inanırıq. Çünki başqa yolumuz yoxdur. İnanmamaq bizə heç nə vermir. İnanmaqla isə, axirət bir yana, bu dünyanın özündə nizamlı, ölçülü-biçili, daha sağlam qaydalara əsaslanan bir həyat qazanmış oluruq. Yəni ən azından oğurluq, zina etmirik, harama meyil eləmirik və s. Bütün bunlar isə bizim qazancımızdır. Əgər cənnət-cəhənnəm varsa, axirəti də qazanmış oluruq. Yoxdursa, yenə heç nə itirmirik. Əyyaşlıq, arvadbazlıq, haram, rüşvət hələ heç kəsi xoşbəxt eləməyib...

Koronavirusa da bu cür yanaşmanın tərəfdarıyam. Gigiyenik qaydalara əməl etmək lazımdır, edək. Qapalı yerlərdə maska taxmaq lazımdır, taxaq. Məsafə saxlamaq lazımdır, onu da saxlamağa çalışaq. Evdən az çıxmaq lazımdır, çıxmayaq və s. Bunlar hamısı azadlığımızı bir qədər məhdudlaşdırsa da, nəticə etibarilə faydası da çoxdur. Hətta virus olmasa belə, bunların bizə heç bir ziyanı yoxdur. Bütün ömrünüzü təyyarələr, maşınlar, qatarlarla ora-bura getmisiniz, qəzalara uğramısınız, yaxınlarınızı, doğmalarını itirmisiniz. Bir neçə ay ara verin, dünya dağılmaz. Toy yaxşı şeydir, insanlar şənlənir, qohumlar, dostlar bir-birini görür, oxuyur, gülür, oynayır. Ancaq toyların gətirdiyi qəzalar, bədbəxtliklər, dava-dalaşlar, bıçaqlanmalar da az olmayıb. Zəhərlənmələr, içki içib serroza tutulmalar da öz yerində. Gəlin toylara da bir az ara verək. Dünya dağılmaz.

Bu yaxınlarda yasa gedən bir ailə avtomobil qəzasında məhv oldu. 7 nəfər dünyasını dəyişdi. Bir nəfərin yası 7 nəfəri də əlavə apardı. Gəlin bir müddət buna da ara verək və düşünək...

Ümumiyyətlə, son dövrlər insanlar özlərini itirblər. Daim, durmadan o yan-bu yana gedirlər. Maşın əlindən küçəyə çıxmaq olmur. Avtobusda, metroda bir-birimizə yapışırıq. İki şiş kabab yemək üçün 200 km yol qət edənlər var. Özü də dəstələmə halında, qrup şəklində.
Bəlkə, bir az dayanaq, nəfəsimizi dərək, düşünək? Bəlkə, koronavirus bir fürsətdir? Bəlkə, bu fürsətdən istifadə edək?..

Visiontv.az