Koronavirusa qarşı təkrar peyvəndin vurulması ilə bağlı alimdən AÇIQLAMA
07.05.2021

Koronavirusa qarşı peyvəndləmənin bir neçə ay sonra yenidən təkrarlana biləcəyi ilə bağlı fikirlər səslənməkdədir. Təkrar vaksinasiyanın nə zaman baş tutacağı, fərqli peyvəndlərin tətbiqi və effektivliyi ilə bağlı cəmiyyətdə suallar yaranmaqdadır. Məsələ ilə bağlı açıqlama verən Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru, azərbaycanlı alim Nuran Abdullayev bildirib ki, hələki təkrar peyvəndin nə zaman vurulmalı olduğu barədə dəqiq elmi tədqiqat yoxdur:

 

“Eyni zamanda təkrar vaksinasiya zamanı fərqli peyvəndin vurulacağı və onun daha effektiv olacağı barədə də dəqiq elmi əsaslar mövcud deyil. Amma təbii ki, nəzəri baxımdan təkrar peyvəndin müsbət tərəfləri var.

Məsələn, Böyük Britaniyada qış mövsümündə xüsusi risk qrupuna daxil olan insanlara təkrar peyvənd vurulması təklif edilir. Belə olan halda təkrar fərqli peyvənd vurmaq olar, lakin onun nə dərəcədə effektli olacağı barədə də hələki elmi nəticə yoxdur. Heyvanlar üzərində bu gün bu istiqamətdə elmi tədqiqatlar aparılır, hətta ilk peyvənd zamanı birinci və ikinci dozanı fərqli peyvəndlər vurub güclü immunitetin yaranmasına da rast gəlinib. Lakin insanlar üzərində bu cür tədqiqatlar hələki yoxdur”.