Koronavirusa hansı ölkədə nə qədər insan yoluxub? Ölənlər və sağalanlar - CƏDVƏL
03.03.2020

Ümumdünya Səhiyyə Təşkilatının hesabatına əsasən, koronavirus xəstəliyinə (COVID-19) dünyanın 74 ölkəsinə rast gəlinib.

Visiontv.az xəbər verir ki, bu dəqiqəyə qədər dünya üzrə 91 minə yaxın insan dəhşətli virusa yoluxub. 

Koronavirusun yeni növü 2019-cu ilin dekabrında Mərkəzi Çinin əhalisi sıx olan Uhan şəhərində qeydə alınıb. Dünya Səhiyyə Təşkilatı bunu çoxsaylı ocaqları olan epidemiya kimi xarakterizə edərək beynəlxalq miqyaslı fövqəladə hal kimi tanıyıb. Çindən başqa epidemiyanın daha çox yayıldığı ölkələr Cənubi Koreya, İtaliya və İrandır.

BMT Baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik brifinqdə bildirib ki, koronavirusun yayılmasına qarşı mübarizəyə fövqəladə yardım fondundan 15 milyon dollar ayrılıb. Bu vəsait Dünya Səhiyyə Təşkilatına və UNICEF-ə virusun yayılmasına nəzarət tədbirləri, yoluxma hallarının araşdırılması və milli laboratoriyaların fəaliyyətinin maliyyələşdirilməsi üçün verilib.

Rəsmi rəqəmlərə görə, COVID-19 virusunun qeydə alındığı ölkələrin siyahısı belədir.

Qeyd edək ki, koronavirusdan ölənlər əsasən yaşlı, ahıl insanlardır. İmmuniteti güclü olan şəxslər xəstəliyə yoluxmur, yoluxsa da sağalırlar. Virus 91 minə yaxın insanda aşkarlansa da, ondan 3117 xəstə vəfat edib. Yəni ölüm ehtimalı 3-4 faizdir. Eyni zamanda sağalanların sayı da 48 017 nəfər təşkil edir. 

Koronavirus nədir və necə yaranıb?

Ümumdünya Heyvan Sağlamlığı təşkilatı (OIE) və Dünya Səhiyyə Təşkilatı (DST) yeni yayılmış “2019 novel koronavirus” (2019-nCoV) virusunun heyvan mənşəli olması qənaətinə gəlib. Belə ki hazırkı epidemiyanın və əvvəlki illərdə yayılmış oxşar MERS (Middle East respiratory syndrome - orta şərq tənəffüs sindromu) və SARS (Severe acute respiratory syndrome - ağır kəskin tənəffüs sindromu) epidemiyalarının yaranmasında heyvanların, heyvan mənşəli məhsulların, o cümlədən balıq və dəniz məhsullarının rolu olduğu artıq öz təsdiqini tapıb.

Virus ailəsinin adı onun anatomik quruluşu - “tac” formasında olması ilə əlaqədardır və bu ailəyə daxil olan bir sıra viruslar zoonoz infeksiyaların yaranmasına səbəb olur. Həmin virus genetik olaraq bütün digər koronaviruslardan fərqlidir və hazırkı epidemiyanın insanlar arasında daha sürətlə yayılması xüsusilə diqqəti cəlb edir. Koronaviruslar geniş virus qrupuna mənsub olsa da, onların yalnız altı növü (yenisi sayca yeddinci olacaq) insandan insana ötürülə bilər.

Koronavirusdan necə qorunaq?

Koronavirus əsasən hava-damcı yolu ilə keçir. Bu, insanların daha az məsafədə təmasda olmasından asılıdır. Bir metrdən artıq təmas olarsa, bu zaman yoluxma ehtimalı xeyli aşağı düşür. Virus əşyalar vasitəsilə də keçir. Məsələn, bir xəstə qələmi istifadə edir və biz də həmin qələmdən istifadə edib əlimizi gözümüzə, burnumuza vursaq, o zaman yoluxa bilərik. Tövsiyə olunur ki, xəstə insanlarla təmasda olunmasın, ictimai yerlərdə, xüsusilə də avtobus və metrodan istifadə edən şəxslər mütləq əllərini tez-tez sabunla yusunlar. Əgər yumaq imkanı yoxdursa, özü ilə spirt gəzdirsin, bununla əllər yuyulsa, kifayət edər.

Çalışmaq lazımdır ki, insanların çox toplaşdığı yerlərdə olmayaq. Su içərkən də diqqətli olmaq lazımdır ki, mənşəyi bəlli olmayan sulardan istifadə edilməsin. Tibbi maskalardan istifadə etsələr, daha yaxşı olar. Ancaq ondan istifadənin də müəyyən bir müddəti var. İki saatdan artıq istifadə edilməməlidir. İki saatdan artıq istifadə edilmiş maskalar öz keyfiyyətini itirir.

Koronavirusa qarşı tədbirlər istənilən halda görülməlidir. Virusa yoluxanlar karantinə alınmalıdır. Bu, o demək deyil ki, koronavirusa yoluxanların hamısı ölümlə üzləşir. Qrip əlamətləri aşkar edildikdə tibbi maskalardan istifadə olunmalıdır və bu insanlarla çox yaxın təmasdan çəkinmək lazımdır. COVID-19 virusunun Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin operativ həyata keçirilməsi məqsədilə Nazirlər Kabinetinin yanında aidiyyətli dövlət orqanlarının və qurumlarının rəhbər şəxslərindən ibarət qərargah yaradılıb.

Qabaqlayıcı tədbirlərin görülməsi və Azərbaycan Respublikasının bütün ərazilərində monitorinqin aparılması üçün aidiyyətli sahə mütəxəssislərindən ibarət ekspert qrupları təşkil olunub. Həmçinin əhalinin məlumatlandırılması və əsassız dezinformasiyaların qarşısının alınması məqsədilə qərargahın +994 12 492 41 61, +994 12 492 75 54, +994 12 505 03 30, + 994 12 505 13 33 nömrəli “qaynar xət”ləri fəaliyyət göstərir.