Koronavirus xəstələrinin yerləşdirildiyi "Semaşko" ilə bağlı TƏBİB-dən AÇIQLAMA
22.06.2020

TƏBİB sosial şəbəkələrdə1 saylı Kliniki Tibbi Mərkəzlə bağlı yayılan videolara münasibət bildirib.

Qurumdan Visiontv.az-a verilən açıqlamada bildirilıir:

Kliniki Tibbi Mərkəzlə bağlı sosial şəbəkələrdə yayılan fikirlər və videomateriallarla bağlı bildirik ki, xəstəxanada mövcud vəziyyət və çatışmazlıqlar barədə TƏBİB məlumatlıdır və bu çatışmazlıqların aradan qaldırılması istiqamətində fasiləsiz işlər görülür.

Sosial şəbəkələrdə yayılan videomaterialla bağlı qeyd edək ki, pasiyentin “Çin dərmanı” adlandırdığı dərman preparatı Favipiravirdir.

Favipiravir – müxtəlif növ RNT-virusları, o cümlədən koronavirus SARS-CoV-2 əleyhinə dərman vasitəsi kimi istifadə olunan kimyəvi tərkibdir. Dərman vasitəsi ilk dəfə qrip əleyhinə müalicə vasitəsi kimi Yaponiyada istehsal olunub və qripdən əlavə, ağır viruslu infeksiyaların müalicəsi üçün təsdiqlənmişdir. Yaponiyada Favipiravir tərkibli dərman vasitəsinin ticarət adı “Aviqan”dır.

Favipiravirin koronavirus aleyhinə effektivliyi 2020-ci ilin mart ayında Çinin Uhan və Şençjen şəhərlərində aparılmış kliniki tədqiqatlar nəticəsində sübut olunmuşdur. Müayinənin nəticələri göstərmişdir ki, Favipirivarin təsiri altında koronavirusun insan orqanizmində mövcudluğu 11 gündən 4 günə qədər azalır və 91% xəstələrin virusla zədələnmiş ağciyərlərində vəziyyətin yaxşılaşması müşahidə olunur, halbuki Favipiraviri qəbul etməyən kontrol qrupda vəziyyəti yaxşılaşan xəstələrin sayı 62% təşkil etmişdir. Favipiravir preparatının özəlliyi ondan ibarətdir ki, onun təsirinə dözən virus hələ ki, aşkarlanmayıb. Həmin dərman vasitəsi pandemiya boyunca öz effektivliyini saxlamaqdadır. Hal-hazırda bütün dünya üzrə həmin dərman vasitəsi ilə bağlı geniş kliniki tədqiqatlar aparılır.

O cümlədən, qeyd edək ki, ölkəmizdə mövcud olan xüsusi rejimli xəstəxanalar dünyada COVID-19 infeksiyasının müalicəsində istifadə edilən bütün dərman preparatları ilə təmin edilib.