Koronavirus Bakı və Abşeronda bağ evlərinin kirayə bazarını canlandırıb
02.04.2020

"Koronavirus pandemiyası fonunda Bakıda mənzil, xüsusilə də satış bazarının aktivliyi sıfıra yaxınlaşıb".

Visiontv.az xəbər verir ki, bunu "APA-Economics"ə "MBA Group" konsaltinq şirkətinin baş direktoru Nüsrət İbrahimov deyib.

"Bakıda mənzil, xüsusilə də satış bazarının aktivliyi, demək olar ki, sıfıra yaxınlaşıb. Kirayə bazarında da vəziyyət yaxşı deyil. Həm qiymətlərdə, həm də aktivlikdə azalma var. Azalmanın hansı səviyyədə olduğu yaxın 10 gün ərzində monitorinqimizin yekunu əsasında məlum olacaq", - deyə N. İbrahimov bildirib.

 

Onun sözlərinə görə, kirayə bazarında dinamika şəhər mərkəzində sıfıra bərabər olsa da, kənar ərazilərdə, xüsusilə də Bakı ətrafı və Abşerondakı bağ evlərində nisbətən canlanma olub: "İmkanı olanlar şəhərdən kənarlaşıb, bağ evlərinə üz tutublar. Təbii ki, bunun da nəticəsində bağ və fərdi yaşayış evlərinin kirayəsi bazarında qiymət təzyiqi yaranır. Bunun hansı səviyyədə olması barədə hələlik dəqiq məlumat yoxdur. Lakin realdır ki, imkanı olanlar şəhərdən uzaqlaşır. Kirayə bazarında dinamika şəhər mərkəzində sıfıra enib, kənarda, xüsusilə də bağ evlərində nisbətən canlanıb. Çünki mərkəzdə əhali sıxlığı var. Kənarlaşdıqca sıxlıq aşağı düşür və xəstəlik üzrə risk göstəriciləri də azalır. Mərkəzdən kənar ərazilərə axın daha çox Mərdəkan, Şüvəlan, Bilgəh, Buzovna istiqamətindədir. Çünki bu ərazilərdə infrastruktur, nəqliyyat imkanları daha yaxşıdır".