Konstitusiya Məhkəməsi Milli Məclisin buraxılmasının Konstitusiyaya uyğun olması barədə qərar qəbul edib
04.12.2019

Dekabrın 4-də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun iclası keçirilib.

Visiontv.az AZƏRTAC-a istinadən xəbər verir ki, iclasda Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə Azərbaycan Respublikası Milli Məclisinin 2019-cu il 2 dekabr tarixli “Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinə müraciət edilməsi barədə” Qərarı əsasında Azərbaycan Respublikası Milli Məclisinin buraxılmasının Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olub-olmamasına dair sorğusuna baxılıb.

Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev iclası açaraq Plenumun tərkibini elan edib və müzakirəyə çıxarılan məsələ barədə məlumat verib.

Sonra F.Abdullayev sözü məruzəçi hakim, Konstitusiya Məhkəməsinin hakimi Rafael Qvaladzeyə verib.

Rafael Qvaladze çıxış edərək bildirib ki, Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə sorğu ilə müraciət edərək “Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinə müraciət edilməsi barədə” Azərbaycan Respublikası Milli Məclisinin 2019-cu il 2 dekabr tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasının 981-ci maddəsinin 1-ci hissəsinə uyğunluğunun yoxlanılmasını xahiş edib. Azərbaycan Respublikası Prezidentinin sorğusunda göstərilib ki, Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının 99 səs çoxluğu ilə Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinə müraciət edilməsi barədə qərar qəbul olunub. Həmin qərarla Azərbaycan Respublikasının Prezidentindən Milli Məclisin Azərbaycan Respublikasının Konstitusiyasının 981-ci maddəsinə əsasən buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi xahiş edilmişdir.

Azərbaycan Respublikasının Prezidenti hesab edir ki, Milli Məclisin qərarı üzrə yekun qərar qəbul etməzdən əvvəl hazırkı şəraitdə Azərbaycan Respublikası Milli Məclisinin buraxılmasının Azərbaycan Respublikası Konstitusiyasının 981-ci maddəsinə uyğunluğuna dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin mövqeyinin öyrənilməsi zəruridir.

Sorğuverən tərəfin nümayəndəsi, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri Gündüz Kərimov çıxış edərək bildirib ki, Milli Məclis 2019-cu il dekabrın 2-də “Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinə müraciət edilməsi barədə” qərar qəbul edib. Həmin qərarda Azərbaycan Respublikası Prezidentindən Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin keçirilməsi xahiş edilir. Bu qərar faktiki olaraq parlamentdə çoxluq təşkil edən Yeni Azərbaycan Partiyasından olan deputatların təşəbbüsü və iradəsi ilə, o cümlədən parlamentdə digər partiyalardan olan deputatlar və bitərəf deputatlarla birlikdə onların mütləq əksəriyyəti tərəfindən qəbul olunub.

Gündüz Kərimov vurğulayıb ki, Azərbaycan qanunvericiliyində yeni olan Milli Məclisin buraxılması məsələsi 2016-cı ildə referendum yolu ilə Konstitusiyaya daxil edilib. Həmin tarixdən əvvəl və sonra müasir Azərbaycan Respublikasının konstitusion tarixində bu cür ictimai, siyasi, hüquqi hadisə baş verməyib. Bu müddəa xalq tərəfindən qəbul olunandan sonra da onun tətbiqi üçün heç vaxt şərait formalaşmamış və zərurət yaranmamışdır. Nəticədə göstərilən müddəanın təsir dairəsi, onun tətbiqi mexanizmləri müəyyənləşdirilməmiş və Azərbaycanın hüquq ictimaiyyətində də bu barədə vahid fikir formalaşmamışdır. Eyni zamanda, Azərbaycanın hüquq ədəbiyyatında da bu məsələ tam araşdırılmamışdır. 

Milli Məclisin buraxılmasının ictimai-siyasi və hüquqi baxımdan böyük əhəmiyyətə malik hadisə olduğunu vurğulayan şöbə müdiri deyib ki, bu hadisənin baş verməsinin nəinki birbaşa bugünkü nəticələri, həmçinin gələcək üçün də çoxşaxəli təsirləri ola bilər. Bu təsirlər arasında potensial növbəti seçkilər, yeni qərar və qanunlar, növbəti parlamentin yeni orqanları, o cümlədən deputatların indiki və gələcək statusu məsələsi ortaya çıxa bilər. Bu gün Konstitusiya Məhkəməsinin icraatında olan sorğu bu mülahizələrdən irəli gəlir. Sorğunun məqsədi Azərbaycan Respublikası Konstitusiyasının 981-ci maddəsinin hazırkı vəziyyətdə tətbiqi əsaslarının olub-olmadığını aydınlaşdırmaq, habelə onun tətbiqinin konstitusion qaydalarını, prosedurunu müəyyən etmək və bu müddəanın tətbiqi zamanı hər hansı mənfi hüquqi nəticənin qarşısını almaqdır.

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev məhz bu mülahizələrə əsaslanaraq qərara alıb ki, bu sualların aydınlaşdırılması üçün onlar məhz konstitusiya icraatı çərçivəsində nəzərdən keçirilməlidir. Bu məsələləri və Konstitusiyanın 130-cü maddəsinin 3-cü hissəsinin 1-ci bəndini rəhbər tutaraq yaranmış vəziyyətdə Azərbaycan Respublikası Milli Məclisinin 2019-cu il 2 dekabr tarixli qərarı əsasında Azərbaycan Respublikasının Milli Məclisinin buraxılmasının Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olub-olmaması barədə Konstitusiya Məhkəməsinin qərar qəbul etməsini xahiş edirik”, - deyə Gündüz Kərimov bildirib.

Cavabverən tərəfin nümayəndəsi, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, bir neçə gün əvvəl Milli Məclisin deputatları parlamentə növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı təşəbbüslə çıxış ediblər. Milli Məclis isə dekabrın 2-də keçirilən iclasında bu təşəbbüsə hüquqi qiymət verib və növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidentinə müraciət edib.

“Biz - parlamentin üzvləri Azərbaycan Respublikası Prezidentinin bu məsələ ilə əlaqədar Konstitusiya Məhkəməsinə sorğu ünvanlamasına xüsusi bir dəyər veririk. Çünki Azərbaycan Prezidenti bu addımı atmaqla Azərbaycanda hüquqi dövlətin mövcudluğunu və qanunun aliliyini bir daha təsdiq etdi. Konstitusiya Məhkəməsinin verəcəyi qərar Azərbaycan dövlətçiliyi və hakimiyyət qollarının fəaliyyəti baxımından müstəsna əhəmiyyət kəsb edir”, - deyə Əli Hüseynli bildirib.

Diqqətə çatdırılıb ki, Konstitusiya ilə Milli Məclisin üzərinə qoyulmuş və dövlətin həyatında müstəsna əhəmiyyət kəsb edən mühüm funksiyaları var. Dövlətimiz və xalqımız üçün müstəsna əhəmiyyət kəsb edən məsələlərdə Milli Məclisin iştirakı zəruridir. Konstitusiya məhz bu mənada qanunvericilik hakimiyyətinin dövlətdə xüsusi yerini də qeyd etmiş olur. Əlbəttə ki, Konstitusiyanın 981-ci maddəsində Milli Məclisin buraxılması müddəası qanunverici hakimiyyətin funksiyalarının dayandırıldığı kimi başa düşülməməlidir. Bu maddəyə əsasən Milli Məclisin buraxılmasının məqsədi parlamentin qərarında da qeyd edildiyi kimi, növbədənkənar seçkilərin keçirilməsidir. Konstitusiyanın 981-ci maddəsi məhz növbədənkənar, ümumiyyətlə, yeni seçkilərin keçirilməsi ilə bağlı hüquqi konstitusion bazanı yaratmış olur. Bu maddədə buraxılma qanunvericilik orqanının təkcə qanunların qəbulu ilə bağlı mövcud səlahiyyətlərini məhdudlaşdıra bilər. Amma bütövlükdə Milli Məclisin dövlətçilik üçün əhəmiyyət kəsb edən funksiyalarını – beynəlxalq təşkilatlarda təmsilçiliyi və digər funksiyalarını məhdudlaşdırmamalıdır və parlament qanunvericilik hakimiyyəti kimi fəaliyyətini davam etdirməlidir. Ümidvarıq ki, möhtərəm hakimlər Milli Məclisin deputatlarının bu arqumentlərini nəzərə alacaqlar.

Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev deyib ki, parlament dekabrın 2-də keçirilən iclasında qanunverici orqana növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinə müraciət olunmasına dair Qərar qəbul edib. Səfa Mirzəyev bu məsələ ilə bağlı qərarın qəbulu zamanı Milli Məclisin buraxılması ilə əlaqədar ortaya çıxan digər məsələlərin nəzərə alınmasını xahiş edib.

Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Konstitusiya hüququ kafedrasının dosenti, hüquq üzrə fəlsəfə doktoru Nəsib Şükürov bildirib ki, Azərbaycan Respublikası Milli Məclisinin buraxılmasının əsasları Azərbaycan Respublikası Konstitusiyasının 981-ci maddəsində müəyyən edilib. Milli Məclisin üzvlərinin mütləq əksəriyyətində parlament fəaliyyətinin həyata keçirilməsinin mümkünsüzlüyü barədə mövqeyin formalaşması və bunun nəticəsində parlamentin öz fəaliyyətinin bundan sonra davam etdirməsinin qeyri-mümkün olması qənaətinin yaranması Milli Məclisin Konstitusiyanın 94-cü və 95-ci maddələrində təsbit olunan səlahiyyətlərini gələcəkdə aradan qaldıra bilməyən səbəblər üzündən icra edə bilməməsi kimi qiymətləndirilə bilər. Milli Məclisin Azərbaycan Respublikası Konstitusiyasının həmin maddələrində göstərilən səlahiyyətlərini aradan qaldıra bilməyən səbəblər üzündən gələcəkdə icra edə bilməməsi isə Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi zərurətini yaradır. Buna əsasən belə nəticəyə gəlmək olar ki, Milli Məclis üzvlərinin mütləq əksəriyyətində parlamentin fəaliyyətinin həyata keçirilməsinin mümkünsüzlüyü barədə mövqeyin formalaşması və bunun nəticəsində parlamentin gələcəkdə fəaliyyətini davam etdirməsi qeyri-mümkün olarsa, Milli Məclis Konstitusiyanın 94-cü və 95-ci maddələrində təsbit edilən səlahiyyətləri aradan qaldıra bilməyən səbəblər üzündən icra etməməsi hesab oluna bilər və bu əsasa görə Azərbaycan Respublikasının Prezidenti tərəfindən Azərbaycan Respublikası Milli Məclisinin buraxılması və növbədənkənar parlament seçkilərinin təyin edilməsi Azərbaycan Respublikası Konstitusiyasının 981-ci maddəsinə tamamilə uyğundur.

Çıxışlardan sonra Konstitusiya Məhkəməsi Plenumunun üzvləri gündəlikdəki məsələ ilə əlaqədar qərar qəbul etmək üçün müşavirə otağına keçiblər.

x x x

Müşavirədən sonra Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Qərarını oxuyub.

Qərarda deyilir ki, “Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinə müraciət edilməsi barədə” Azərbaycan Respublikası Milli Məclisinin 2019-cu il 2 dekabr tarixli Qərarı Azərbaycan Respublikası Konstitusiyasının 981-ci maddəsinin 1-ci hissəsinə uyğun hesab edilsin.

“Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinə müraciət edilməsi barədə” Azərbaycan Respublikası Milli Məclisinin 2019-cu il 2 dekabr tarixli qərarı əsasında Azərbaycan Respublikasının Milli Məclisinin Azərbaycan Respublikasının Prezidenti tərəfindən buraxılması Azərbaycan Respublikası Konstitusiyasının 981-ci maddəsinə uyğun hesab edilsin.

Qərar elan edildiyi andan qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.

Bununla da Konstitusiya Məhkəməsi Plenumunun iclası bağlı elan edilib.