Kimin xəritələrinə güvənək: Putinin, yoxsa ermənilərin?
Kimin xəritələrinə güvənək: Putinin, yoxsa ermənilərin?
27.10.2021 Bəybala Mirzəyev Tərəfindən

Amma biz sərhədlərimizi 103 il öncəki öz xəritəmizlə də bərpa edə bilərik...

Vladimir Putinin bu yaxınlarda "Valday" klubundakı çıxışında Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiya və demarkasiyası işində yalnız Rusiyanın vasitəçilik edə biləcəyini və bunun üçün tələb olunan xəritələrin də məhz Rusiya ordusunun Baş Qərargahında saxlanıldığını vurğulaması hələ də müzakirələrə səbəb olmaqdadır.

Bu da təbiidir.

Çünki Putinin həmin fikri birmənalı deyildi, ikibaşlı idi. Putin bu açıqlamanı verməklə intriqa və fikir dartışması yaratmağa nail oldu, amma nöqtə qoymadı. Delimitasiyanın konkret hansı illərin xəritəsi üzrə aparılmasının təklif edildiyini sirr saxladı.

Putin bu cür hiyləgər gedişlər etməyi çox sevir. Necə olmasa da, keçmiş çekistdir axı.

Putinin bu gedişi hər iki ölkəni - Ermənistanı da, Azərbaycanı da indi və gələcəkdə daim narahat vəziyyətdə saxlamağa hesablanıb.

Maraqlıdır ki, Ermənistanda bir çoxları sərhədlərin məhz sovet dövrünə aid xəritələr üzrə müəyyən edilməsinin əleyhinə çıxır. Çünki onlar sovet dövründə və müstəqillik dönəmində bu və ya digər üsullarla ələ keçirdikləri Azərbaycan torpaqlarının mühüm bir hisəsinin əllərindən çıxmasını əsla istəmirlər.

Ancaq buna baxmayaraq əgər delimitasiya sovet xəritələri üzrə aparılacaqsa, bu bizdənsə daha çox məhz ermənilərin xeyrinə nəticələnə bilər.

Nəyə görə?

Çünki keçmiş SSRİ dönəmində Azərbaycan və Ermənistan arasında inzibati sərhəd xətlərini müəyyənləşdirən bir yox, bir çox xəritələr mövcuddur. 70 il ərzində bu iki respublika arasında sərhəd xətləri dəfələrlə Kreml rəhbərliyi tərəfindən ermənilərin xeyrinə dəyişdirilib.  Bir çox yaşayış məntəqələrimiz Ermənistana "bəxşiş" verilib. Odur ki, xəritələr də istər-istəməz dəyişikliyə məruz qalıb.

Hazırda keçmiş SSRİ-nin siyasi-hüquqi varisi kimi Rusiya arxivlərində və Baş Qərargahında saxlanılan sovet xəritələrində Azərbaycan-Ermənistan ərazilərinə dair fərqli sərhəd xətlərini görmək mümkündür. Odur ki, lənətə gəlmiş Qorbaçovun sayəsində bir-birilə hələ də münaqişə vəziyyətində olan bu iki Cənubi Qafqaz respublikası arasında sərhədlərin konkret hansı ilin xəritəsi əsasında müəyyənləşdiriləcəyi təbii ki, hamını çox düşündürür.

İndi bəziləri hesab edir ki, sərhədlər 1920/29-cu illərin xətirələri əsasında müəyyənləşdiriləcək. Ancaq bu bizə sərf edirmi, bizim maraqlarımıza cavab verirmi?

Birmənalı şəkildə deyə bilərik ki, xeyr, cavab vermir.

Ona görə ki, 1920-ci ilin may ayından 1929-cu ilə qədər əvvəllər Azərbaycan Xalq Cümhuriyyətinə aid olan ərazilərin təxminən 20,08 min kv/km hissəsi Moskva tərəfindən Ermənistan sovet sosialist respublikasına peşkəş edilib. Və iki respublika arasında ilkin inzibati sərhədlər də məhz Moskvanın bu peşkəşindən sonra müəyyənləşdirilib.

Odur ki, əgər indi biz sərhədləri həmin xəritə əsasında delimitasiya edəsi olsaq, o zaman sözügedən ərazilərdən, eləcə də Qərbi Zəngəzurdan həmişəlik olaraq etmiş olacayıq. Və bununla da sovet hökumətinin həmin ədalətsiz "peşkəş"ini də qanuni addım kimi tanımış olacayıq.

Böyük ehtimalla, Putin bütün bu nüansları yüz ölçüb bir biçərək "Valday"da məlum açıqlamanı verdi.

Ancaq Putin çox şey deyə bilər. Deyir desin də. Putinin sözü bizim üçün qanun və ya "Quran" ayəsi deyil ki.

Putin sadəcə deyə bilər. Təklif edə bilər. Amma diktə edə bilməz. Öz şərtlərini zorla qəbul etdirə bilməz.

Əlbəttə, Putin bu açıqlamanı verərkən bu dəfə Ermənistanın yox, heç şübhəsiz ki, məhz Rusiyanın maraqlarından çıxış edib. Biz də ilk növbədə öz ölkəmizin maraqlarından çıxış etməliyik. Və ona görə də delimitasiya/demarkasiya işlərinin sovet xəritələri üzrə aparılması təklifindən imtina etməliyik.Əgər hazırkı Azərbaycan Respublikası 1918/20-ci illərdə mövcud olmuş

Azərbaycan Xalq Cümhuriyyətinin qanuni varisidirsə (və bu belədir), deməli, məntiqlə hazırkı Ermənistan və Azərbaycan respublikaları arasında sərhədlər də məhz 1918/20-ci illərin xəritələri əsasında bərpa edilməlidir. Müəyyən edilməlidir yox a, məhz bərpa edilməlidir. Hələ üstəgəl İrəvanın məsələsini də müzakirə predmetinə çevirməliyik.

P.S.

Bu yazını yekunlaşdırarkən xəbər saytlarından öyrəndim ki, ermənilər delimitasiya üçün saxta xəritə irəli sürüb və demarkasiya işlərini özlərinə sərf edən xəritə ilə aparmağı planlaşdırırlar.

Belə ki, Ermənistan Milli Elmlər Akademiyasının fəxri doktoru, kartoqraf Ruben Qalçyan Azərbaycanla Ermənistan arasında demarkasiya işlərinin guya 1926-cı ildə hazırlanmış saxta xəritə əsasında aparmağı təklif edib və bildirib ki, “Ermənistan üçün minimal ərazi itkiləri yalnız 1926-cı ilin xəritəsinə görə mümkündür. Ermənistan SSR-nin 1926-cı ildə hazırladığı xəritə maraqlarımıza tam cavab verir”.

Ama əsl həqiqətdə isə dələduz "doktor" Ruben Qalçyanın təklif etdiyi "xəritə" nə Azərbaycan, nədəki Rusiya arxivlərində mövcud deyil. Yəni ki, saxta "xəritə"dir.

Odur ki, həm ermənilərin, həm də Putinin təklif edəcəyi xəritələrə münasibətdə çox diqqətli, ayıq-sayıq olmalıyıq.
Yenə də deyirəm, bizim üçün ən optimal sərhəd təyinatı yalnız Cümhuriyyət dönəminin xəritəsi əsasında ola bilər.

Bəybala Mirzəyev

Visiontv.az