Kimi qınayaq: Putini, Ərdoğanı, yoxsa?..
Kimi qınayaq: Putini, Ərdoğanı, yoxsa?..
07.01.2022 Bəybala Mirzəyev Tərəfindən

Bəzi azərbaycanlı dostlarımızın və qardaş Türkiyədən olan ekspertlərin “Niyə Qazaxıstana birinci Türkiyə yox Rusiya, TDT yox KTMT girdi?” tipində ittiham dolu sualı və qınaqları həqiqətən də heyrət doğuracaq bir davranış, bir məsələdir.

Məsələn, Türkiyədən çox hörmətli bir hərbi-siyasi ekspert yazır ki, “Türk dövlətləri bəyanat vermək üçün çox gecikib. Qazaxıstanda baş verən hadisələr fonunda türk dünyası daha tez reaksiya verə bilərdi. Bəyanatda “Qazaxıstanın yanındayıq” açıqlaması verildi, amma hazırda KTMT əsgərləri Qazaxıstandadır. “Qazaxıstanın yanındayıq” deməklə olmur, indi orada KTMT-dir...”.

 Azərbaycandan olan tanınmış KİV rəhbərlərindən biri isə yazır ki, “Hamı Tokayevi qınayır... Qınamaq asandır, amma onun yerində olmağı təsəvvür etmək çox çətindir... Əgər Türk Dövlətləri Birliyi dünən, srağagün Qazaxıstana dəstək versəydi, rus, erməni... yaxın gələ bilməzdi...”.

Doğrudanmı, məsələ TDT-nin (Türk Dövlətləri Birliyi) olaylara dünən və ya srağa gün reaksiya və dəstək verməsiylə dərhal yoluna qoyulacaq qədərmi asan idi?

Və yaxud, nədən günahkar yenə də Ərdoğandır? Ona görə ki, adam seyrçi mövqe tutub? Olaylara adekvat reaksiya verməyib? Baş verən proseslərin pərdəarxasını vaxtında və düzgün anlaya bilməyib? Yoxsa digər maraqlı güclərin, geosiyasi aktorların (xüsusən də Rusiyanın) gizli planını dərhal hiss edə bilməyib, ona görə?

Bəylər, məsələ heç də bu qədər sadə və bəsit deyil. Ona qalsa, el dilində desək, Ərdoğan Putini çaya susuz aparıb susuz da gətirər. Ərdoğanın intuisiyası da, Putinin manevr və gedişlərini öncədən görmək, hesablaya bilmək qabiliyyəti də, adekvat cavab tədbirləri ilə çıxış etmək təcrübəsi də kifayət qədər yüksəkdir.

Nəzəri olaraq bəli, Ərdoğan Putini TDT isə KTMT-ni qabaqlayıb Qazaxıstana gərəkən dəstəyi təmin edə bilərdi. Təkrar edirəm, yalnız nəzəri olaraq...
Ancaq praktik cəhətdən isə nə Ərdoğan, nədəki Türk Dövlətləri Təşkilatı bu son olaylarda heç bir real addım atmaq, o cümlədən Qazaxıstana birgə hərbi qüvvə, sülhməramlı kontigent göndərmək imkanına malik deyildi. Çünki bu məsələlərdə Ərdoğanın da, TDT-nin də əlləri bağlı idi.

Nə mənada?

O mənada ki, Türkiyə və TDT dəvətsiz-flansız Qazaxıstana qoşun göndərə bilməzdi. Bunun üçün Qasım-Comərt Tokayev KTMT-na yox, TDT-na müraciət etməliydi. Ancaq Tokayev bildiyiniz kimi üstünlüyü KTMT-na verdi, Putinə verdi, Paşinyana verdi.

Bu Tokayevin tərəfindən əsl manqurtluq idi ki, hətta Ərdoğan özü də Qazaxıstan prezidentinin bu dərəcədə manqurtluğuna, dar düşüncəsinə heyrətlənib.
Ərdoğanın və TDT-nın əlini-qolunu bağlayan digər səbəb isə KTMT-dan fərqli olaraq TDT-nın hərbi alyans, kollektiv müdafiə təşkilatı olmamasıdır. TDT sadəcə və sadəcə siyasi ittifaqdır. Və Avropa Birliyindən (AB) fərqli olaraq bu siyasi ittifaqın hələki NATO kimi hərbi qanadı yoxdur.

Üstəgəl, heç TDT-nin özü də hələ tam oturuşmuş, dünyada mövqelərini möhkəmləndirmiş nüfuzlu beynəlxalq təşkilat və geosiyasi güc mərkəzi halına gəlib çatmayıb. Yəni ki, TDT bu gün Qazaxıstana qoşun yeritmək, bu qardaş ölkənin təhlükəsizliyini təmin etmək iqtidarında deyil.

Birdəki, TDT-nın bu qədər gec formalaşmasının, onun geosiyasi güc mərkəzinə çevrilə bilməməsinin bir günahı da (bəlkə də başlıca günahı) elə Orta Asiyanın türk cümhuriyyətlərinin özündədir. Çünki onlar indiyə dədər türk birliyinin sürətlə formalaşması üçün demək olar ki, zərrə qədər də tutarlı iş görməyiblər, heç bir xüsusi səy göstərməyiblər. Onlar daim ya Rusiyameylli siyasət yürüdüblər, yadaki neytral qalmağa üstünlük veriblər. Hətta aralarında bəziləri də olub ki, Türkiyəyə, Azərbaycana qarşı ya soyuq, yadaki qısqanc münasibət bəsləyiblər.

Ona görə də bu gün həmin respublikalar “nə tökərsən aşına, o da çıxar qaşığına” reallığı ilə üz-üzə qalmalı olublar. Bu baxımdan, əgər hazırkı kollaps vəziyyətinin yaranmasında qınanmalı əsas günahkar(lar) varsa, o da ilk növbədə Qazaxıstan prezidentinin özü və Orta Asiyanın digər respublikalarının rəhbərləridir. Dostumuz Şöhrət El-Dəniz demişkən, külbaş Tokayev Ərdoğana, İlham Əliyevə zəng vurmaqdansa götürüb Putinə və Paşinyana zəng vurur, TDT-ni köməyə çağırmaqdansa KTMT-nın qanadı altına sığınır...

Odur ki, indiki epizodda Türkiyə prezidentini və TDT-ni qınamağın yeri yoxdur.

P.S.

Manqurtluq həqiqətən də çox faciəli taledir. Orta Asiya respublikalarının sanki alın yazısına və ya lənətinə çevrilib manqurtluq...

Bəybala Mirzəyev

Visiontv.az