Kəlbəcərə mediatur təşkil edilib
25.06.2022

Müdafiə Nazirliyi 26 iyun - Silahlı Qüvvələr Günü münasibətilə media nümayəndələri üçün Kəlbəcərə mediatur təşkil edib.

Visiontv.az xəbər verir ki, jurnalistlər Murovdağ silsiləsinin 3 260 metr hündürlüyü olan Ömər aşırımından keçərək Azərbaycan-Ermənistan dövlət sərhədi istiqamətində və Kəlbəcər rayonunda yerləşən hərbi hissədə olublar.

Səfər çərçivəsində KİV nümayəndələri azad edilən ərazilərdə dislokasiya olunmuş bölmələrə baş çəkiblər.

Media nümayəndələri döyüş mövqelərində xidmət edən şəxsi heyətin sosial-məişət və xidmət şəraiti ilə yaxından tanış olublar.

Dövlət sərhədində yerləşən modul tipli yerləşmə məntəqəsinə baxış keçirilib. Diqqətə çatdırılıb ki, burada hərbi qulluqçuların bütün ehtiyacları tam təmin edilib. Əsgərlərin modul tipli yerləşmə məntəqəsində yuyunması, paltarların dəyişdirilməsi, qidalanması, yatması, idmanla məşğul olması və asudə vaxtlarının keçirilməsi üçün hər cür şərait yaradılıb. Bildirilib ki, dövlət sərhədində şəxsi heyətin sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində mühüm işlər aparılıb, eyni zamanda, əsgərlərin döyüş hazırlığının yüksəldilməsi üçün hər cür şərait yaradılıb.

Kəlbəcərdə, Ermənistanla dövlət sərhədində xidmət edən Azərbaycan Ordusunun əsgəri Mövsümzadə Məhəmməd bildirib ki, dövlət sərhədində xidmət keçməyin özü bir şərəfdir: “Burada hər cür şərait yaradılıb. Mən fəxr edirəm ki, Azərbaycan Ordusunda xidmət keçirəm. Xidmətimiz yaxşı gedir, komandirlər bizə hər zaman diqqət və qayğısı göstərir. Ərzaq təminatımız da çox yaxşıdır”.

Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu Fuad Mərdəliyev 9 ildir Vətənə xidmət etdiyini vurğulayıb: “Sərhəddə xidmət etdiyim üçün fəxr edirəm. Döyüş növbətçiliyindən qayıtdıqdan sonra müasir tipli yataqxanada istirahət edirik və asudə vaxtımızı burda keçiririk. Hərbçilər gündə 3 dəfə isti yeməklə təmin edilir. Xidmətimiz də ki, yaxşı gedir. Məni tanıyan hərə kəsə salam deyirəm”.

Azərbaycan Ordusunun baş leytenantı Ülvi Vəlizadə bildirib ki, şəxsi heyət dövlət sərhədində qulluq etdiyi üçün qürur duyur: “Burda xidmət edən hər bir zabit və əsgər havanın isti-soyuq olmasından çəkinmirlər. Ölkə rəhbərliyinin hər dəqiqə orduya göstərdiyi diqqət və qayğı nəticəsində təminatımız yüksək səviyyədədir. Yüksəklik, hava şəraiti xidmətə heç bir təsir etmir. Şəxsi heyət də bütün tapşırıqları yerinə yetirməyə hər zaman hazırdır”.

Daha sonra media nümayəndələri işğaldan azad edilən Kəlbəcərdə yeni yaradılan hərbi hissədə olublar. Məlumat verilib ki, Prezident İlham Əliyevin tapşırığına əsasən, azad edilmiş ərazilərdə dislokasiya olunan bölmələrin hərtərəfli təminatı, qoşun xidmətinin təşkili və sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı həyata keçirilən tədbirlər davam etdirilir. Jurnalistlərin nəzərinə çatdırılıb ki, yeni yaradılan döyüş növbətçiliyi və qoşun xidmətinin yüksək səviyyədə təşkili üçün ən qısa vaxtda modul tipli komplekslərdəki xidməti otaqlar kondisionerlər, mebellər, müasir tipli sanitar qovşaqları, yataq ləvazimatları, mətbəx avadanlıqları və generatorlarla təchiz olunub. Həmçinin yeni modul tipli hərbi hissədə yeməkxana da fəaliyyət göstərir.

Əsgər Nəsib Rufullazadə də 12 aydır ki, Kəlbəcərdə Azərbaycan Ordusunun sırasında xidmət edir. O xidməti ilə fəxr etdiyini deyir: “İşğaldan azad edilən ərazidə xidmət edirəm. Vətənin keşiyində duran bir əsgər kimi qürurluyam. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Fikirləşməzdim ki, Kəlbəcər azad ediləcək və mən də burada xidmət edəcəyəm. Ali Baş Komandanın sayəsində bu güclü Ordunun sıralarında xidmət edirik. Təminatımız çox yaxşıdır”.

Nikita Xramov da Kəlbəcərdə xidmət etdiyi üçün özünü xoşbəxt hiss edir. “Millətim rus olsa da, mən Azərbaycan vətəndaşıyam. Kəlbəcərdə xidmət etdiyim üçün fəxr edirəm. Xidmətim yaxşı gedir, bir ildir burda xidmət edirəm. Anama, atama salam göndərirəm”.

Qeyd edək ki, 2020-ci ilin noyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyanın imzaladıqları bəyanata əsasən Kəlbəcər noyabrın 15-də Azərbaycana qaytarılmalı idi. Lakin Ermənistan tərəfi ordunun və qanunsuz olaraq yerləşdirdiyi insanların rayondan çıxarılması üçün əlavə 10 gün vaxt istədi. Ona görə də Azərbaycan dövləti öz humanist xarakterini bir daha nümayiş etdirməklə Rusiya Prezidenti Vladimir Putinin xahişini nəzərə alaraq müddəti noyabrın 25-dək uzadıb. Belə ki, noyabrın 25-də rayon artıq işğaldan azad olundu. İşğaldan azad olunan Kəlbəcər rayonu tamamilə Azərbaycan Ordusunun nəzarəti altına keçib.

Xatırladaq ki Ermənistan Silahlı Qüvvələri Kəlbəcər rayonunu 1993-cü il aprelin 2-də işğal etmişdi. İşğal nəticəsində 53 340 nəfər öz yurdundan didərgin düşüb, 511 mülki sakin öldürülüb, 321 nəfər əsir götürülüb və itkin düşüb, minlərlə sakin yaralanıb.

APA