Karantin qaydalarını pozduqları üçün həbs olunan "avtoş"lar
28.04.2020

Daxili İşlər Nazirliyinə tabe olan İnzibati Həbs Olunanların Saxlanılma Mərkəzində xüsusi karantin rejimini pozan, avtoxuliqanlıq hərkətləri edərək polisin qanuni tələblərinə əməl etməyən və barələrində məhkəmələrin qərarı ilə həbs qərarı verilən şəxslərlə profilaktik görüş keçirilib.

Daxili İşlər Nazirliyindən Visipontv.az-a verilən məlumata görə, karantin qaydalarını pozan, avtoxuliqanlıq hərəkətləri edən bu şəxslərin hər birinə 15 sutkadan 1 aya qədər müddətdə inzibati həbs cəzaları verilib.

Saxlanılma Məntəqəsində keçirilən görüşdə avtomobillə cəmiyyətə açıq hörmətsizlik ifadə edən, mövcud karantin qaydalarını pozan şəxslərin hər biri ilə fərdi profilaktik söhbətlər aparılıb.

Görüşdə törətdikləri əməllərə görə cəza alan şəxslər bu hərəkətlərindən peşiman olduqlarını bildirərək, digər sürücülərə yollarda daha həssas və diqqətli olmağı, karantin qaydalarına əməl etməyi tövsiyə ediblər.